20 noyabr 2026 12:29
127

Yeni Azərbaycan Partiyası: 34 illik şərəfli yol

“Nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının 34 illik şərəfli tarixi bu gün böyük qürurla vərəqlənir. Partiyanın yaradılması müasir dövlətçilik tariximizdə mühüm dönüş nöqtəsi idi. 1990-cı illərin əvvəllərində Azərbaycan yenicə bərpa etdiyi dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə hökm sürən dərin siyasi böhran, iqtisadi tənəzzül, idarəetmədəki səriştəsizlik və torpaqlarımızın işğalı xalqda sabaha olan ümidləri sarsıtmışdı. Məhz belə bir taleyüklü məqamda Azərbaycanın gələcəyini düşünən ziyalılar ölkəni böhrandan çıxara biləcək yeni siyasi qüvvə yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın iradəsini rəhbər tutaraq Ulu Öndər Heydər Əliyevə üz tutan məşhur “91-lər”in bu cəsarətli addımı ölkədəki dağıdıcı proseslərin qarşısının alınmasında həlledici rol oynadı. Həmin müraciətdə görkəmli dövlət xadimindən yeni yaradılacaq partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ümummilli Lider bu çağırışa “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” cavabı ilə bugünkü reallıqların və gələcək tərəqqinin təməlini qoydu”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının  təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi: “Ümummilli Liderin rəhbərliyi ilə qısa müddətdə ümumxalq partiyasına çevrilən YAP ölkəni xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə aparan aparıcı siyasi qüvvəyə çevrildi. Ötən 34 il ərzində partiya Heydər Əliyev ideyalarına sadiq qalaraq dövlətçiliyimizin möhkəmləndirilməsinə, milli birliyin və həmrəyliyin təmin olunmasına mühüm töhfələr verib. Bu gün partiya Prezident İlham Əliyevin sədrliyi ilə inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və bir günlük antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edilməsi regionda yeni geosiyasi reallıqlar yaradıb və partiyanın qarşısında yeni strateji hədəflər müəyyənləşdirib. Yeni dövrdə YAP-ın əsas prioritetləri işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış Proqramının icrası, rəqəmsal transformasiya, dayanıqlı iqtisadi inkişaf və gənclərin dövlət idarəçiliyində daha fəal iştirakıdır. Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqlar əsasında VII və VIII Qurultaylarını keçirən Yeni Azərbaycan Partiyası  qəbul etdiyi strateji qərarları ilə ölkəmizin müasir siyasi-ideoloji arxitekturasını formalaşdırır. YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Yeni Nizamnaməyə uyğun olaraq, partiyanın Sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edildi. Bu təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşıb. Dövlət başçısı, YAP Sədri İlham Əliyev VII Qurultaydakı çıxışında partiyanın  zəngin ənənələrə malik olduğunu önə çəkərək bu əminliyi də ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.  

Malik Həsənov vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin VII Qurultaydakı tapşırığına əsasən, partiyanın müasir çağırışlara cavab verən yeni Proqramı hazırlandı və YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edildi: “Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqlar Yeni Azərbaycan Partiyasının  yeni Proqramının qəbulunu zərurətə çevirdi. Artıq partiyanın yarandığı dövrün çağırışlarını əks etdirən ilk Proqramında müəyyənləşdirilmiş bütün strateji hədəflər- müstəqilliyimizin qorunması, ictimai-siyasi sabitliyin təmin edilməsi, demokratik təsisatların formalaşdırılması və davamlı iqtisadi inkişafa nail olunması tam şəkildə reallığa çevrilmişdi. Həllini gözləyən yeganə taleyüklü məsələ Qarabağ münaqişəsinin ədalətli həlli idi ki, bu da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, rəşadətli Ordumuzun gücü, xalqımızın sarsılmaz birliyi sayəsində öz həllini tapdı. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstitusiya quruluşu və dövlət suverenliyi tam bərpa edildi, münaqişə  birdəfəlik tarixə qovuşdu. Beləliklə, qarşısına qoyduğu tarixi missiyanı şərəflə yerinə yetirən Yeni Azərbaycan Partiyası yeni Proqramı və bu il oktyabrın 2-də keçirilən VIII Qurultayında müəyyənləşdirdiyi prioritetlər əsasında postmünaqişə dövrünün yeni çağırışlarına – Böyük Qayıdışın reallaşdırılmasına, azad edilmiş ərazilərin bərpasına, milli həmrəyliyin daha da gücləndirilməsinə və müasir Azərbaycanın dayanıqlı inkişaf strategiyasının həyata keçirilməsinə hədəflənib. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının  VIII Qurultayındakı çıxışında qarşıda duran vəzifələrin daha çox olduğunu vurğuladı və bu əminliyi ifadə etdi ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər”.

Millət vəkili bildirib ki, 34 illik şərəfli yol Yeni Azərbaycan Partiyasına xalqın böyük inamının və sarsılmaz etimadının ən bariz göstəricisidir: “Yarandığı gündən xalqın partiyası kimi tanınan və ölkəmizin ən çətin, taleyüklü məqamlarında məsuliyyəti öz üzərinə götürən YAP  ötən dövr ərzində müstəqil Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan nailiyyətlərə imza atdı. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında formalaşan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyan partiya bundan sonra da milli maraqlarımızın keşiyində qətiyyətlə dayanacaq, ölkəmizin davamlı tərəqqisi və xalqımızın rifahı naminə qarşıya qoyulan bütün hədəflərə uğurla nail olacaqdır”.