21 noyabr 2026 17:45
225

Bütün ölkə 112 yaşını qeyd etdi, 2 gün sonra qaranlıq keçmişi üzə çıxdı

14 oktyabr 2026-cı ildə 112 yaşlı Kirsten Şvalbe uzunömürlülük rekordu müəyyənləşdirərək Danimarka tarixinin ən yaşlı insanı olub. O, 112 il 218 gün yaşayıb.Yaşına baxmayaraq, qadın kifayət qədər fəal sosial həyat sürür. Onun televiziyada öz verilişi və "Instagram"da 50 min izləyicisi olan hesabı var (hazırda səhifə əlçatan deyil). “İki sahil” xəbər verir ki, yubiley tədbiri KİV-də geniş işıqlandırılıb, Şvalbeni hətta siyasətçilər də təbrik ediblər.

Lakin cəmi iki gün sonra Danimarkanın "Kristeligt Dagblad" qəzeti İkinci Dünya müharibəsi illərində Şvalbenin Danimarkanın nasist partiyasında (DNSAP – Danimarka Milli Sosialist Fəhlə Partiyası) rəhbər vəzifə tutduğunu üzə çıxarıb.

Qəzetin araşdırması Şvalbenin “Gülməli nəyəsə ehtiyacımız var” (We Need Something to Laugh About) adlı bioqrafik kitabının nəşrə hazırlanması ilə əlaqədar aparılıb. Kitabda onun nasist keçmişindən bəhs edilmir.

Arxiv sənədlərinə əsasən, Şvalbe Almaniyanın Danimarkanı işğal etməsindən sonra, 1941-ci ilin avqustunda partiyaya qoşulub. 1943-cü ilin avqustundan 1944-cü ilin iyulunadək o, Holstebro şəhərində partiyanın yerli şöbəsinin rəhbəri vəzifəsini icra edib, eyni zamanda partiyanın yerli qadın təşkilatına rəhbərlik edib.

"The Telegraph" qəzetinin məlumatına görə, Şvalbe əvvəlcə partiya ilə əlaqəsini inkar edib, daha sonra isə bu təşkilatdakı iştirakının miqyasını kiçiltməyə çalışıb. O, nasistlərin baxışlarından “demək olar ki, xəbərsiz” olduğunu və partiyaya mərhum ərinin məsləhəti ilə qoşulduğunu bildirib. Onun əri də partiyada rəhbər vəzifələrdən birini tutub.

“Ərim məndən bunu istədi, mən də bunun mənim üçün fərq etmədiyini dedim. Siyasət məni qətiyyən maraqlandırmırdı, ona görə də sadəcə onun lazım bildiyi işləri görürdüm”.

Şvalbenin fikrincə, onu tənqid etmək ədalətsizlikdir. O bildirib ki, əvvəlki dövrlərdə “qadınlar belə məsələlərlə maraqlanmır, bu işləri kişilərin öhdəsinə buraxırdılar”.

Qadının yaxınları şərh verməkdən imtina edərək, KİV-də yayılan məlumatların onu çox məyus etdiyini bildirməklə kifayətləniblər.