21 noyabr 2026 19:26
88

Finlandiya Aİ-ni rusiyalı idmançılara qarşı vahid viza qadağası tətbiq etməyə çağırıb

Finlandiyanın xarici işlər naziri Elina Valtonen peşəkar idmançılar da daxil olmaqla, Rusiya vətəndaşlarının Avropa İttifaqı (Aİ) ərazisinə girişinə ümumavropa səviyyəsində yeni məhdudiyyətlər tətbiq etməyi təklif edib.

“İki sahil” xəbər verir ki, nazir "Yle" teleradio şirkətinə müsahibəsində bu məsələdə vahid mövqeyin vacibliyini vurğulayıb: “Bizə Aİ miqyasında viza məhdudiyyətləri və rusiyalı peşəkar idmançıların Şengen zonasına girişi üçün vahid qaydalar lazımdır”.

Valtonen qeyd edib ki, Finlandiyadan sonra digər ölkələr də Rusiya idmançılarına qarşı sərt siyasət yürütdüklərini bəyan ediblər: “Bu, ortaq Aİ siyasətinin formalaşdırılması üçün zəmini gücləndirir. Avropa Komissiyasının tezliklə bu məsələ ilə bağlı öz təklifini təqdim edəcəyini gözləyirəm”.

Xatırladaq ki, bundan əvvəl Finlandiya hökuməti Rusiya vətəndaşlarının ölkəyə giriş qaydalarını sərtləşdirmək barədə qərar qəbul edib. Noyabrın 16-da qüvvəyə minən yeni məhdudiyyətlər Şengen vizası ilə ölkəyə qısamüddətli fəaliyyət üçün gələn rusiyalı peşəkar idmançılara da şamil olunur. Rəsmi Helsinki Rusiya vətəndaşlarının bu cür səfərlərini Finlandiyanın beynəlxalq münasibətlərinə təhdid kimi qiymətləndirib.