22 noyabr 2026 12:21
426

YAP Daşkəsən rayon təşkilatının fəalları işğaldan azad olunmuş ərazilərə səfər ediblər

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümü münasibətilə YAP Daşkəsən rayon təşkilatının fəalları işğaldan azad olunmuş Ağdam, Xocalı, Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər.

“İki sahil” xəbər verir ki, səfər iştirakçıları adıçəkilən şəhərlərin zəngin tarixi, milli-mədəni irsi, memarlıq ənənələri, eləcə də işğaldan azad edildikdən sonra burada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.

İştirakçılar bildiriblər ki, səfər onlarda dərin qürur hissi və unudulmaz təəssüratlar yaradıb. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri, müasir infrastrukturun yaradılması və şəhərlərin tarixi simasının bərpası Azərbaycanın quruculuq potensialının və Böyük Qayıdış strategiyasının real nəticələrini nümayiş etdirir.

Vurğulanıb ki, doğma torpaqlarımızın dirçəlişi, tarixi-mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət kəsb edir.