24 noyabr 2026 13:24
118

Prezident Ərdoğan: Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də iftixarıdır

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də iftixar mənbəyidir. Qarabağın zəfər sevincini birlikdə yaşadığımız kimi, Qafqazda sülh və rifah üçün də qətiyyətlə çalışacağıq.

“İki sahil” xəbər verir ki, bu fikir Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Türkiyənin İğdır şəhərində keçirilən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Türkiyənin dövlət başçısının müraciətində qeyd edilib ki, Zəngəzur dəhlizinin açılması ilə həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələri güclənəcək, həm də Türkiyə ilə Türk dünyası arasında yeni bir bağlantı imkanı yaranacaq.

“Türkiyə tarix boyunca Qafqaz bölgəsinin acılarını da, sevincini də paylaşdı. Ortaq tariximizdən aldığımız güclə gələcək nəsillərə sülh və sabitlik mühitinin bərqarar olduğu regionu təhvil vermək istəyirik”, - deyən Rəcəb Tayyib Ərdoğan, Prezident İlham Əliyev ilə “Bir millət, iki dövlət” anlayışı əsasında imzalanan Şuşa Bəyannaməsi sayəsində iki ölkə arasındakı əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha ifadə edib.