Üç ildən artıqdır ki, Fransada kommunal şəraitin yaxşılaşdırılmasını, iş yerlərinin açılmasını və s. tələb edən xalqın səsinin batırılması əhalini qəzəbləndirir, etiraz səslərini daha da ucaldır. Su şırnaqları, qaz həmlələri, polis özbaşınalığı, rezin dəyənəklər, minlərlə nümayişçinin həbs olunması və s. xalq hərəkatının qarşısını ala bilmir. Cana doymuş fransızlar mağazaları dağıdır, maşınları yandırır, şəhər təsərrüfatına ziyan vururlar ki, hökumət onların nümayəndələrni qəbul edib, narazılıqlarının səbəbini bilsin, vəziyyəti yaxşılaşdırsın. Ancaq Prezident Emmanuel Makron bunun əvəzində vəziyyəti daha da gərginləşdirən kəskin addımlar atır.
Nəhayət, öz xalqına divan tutmağı qərarlaşdıran Emmanuel Makron hökuməti növbəti cinayətə gedərək fikir azadlığına güllə atmağı qanuniləşdirib. Fransa Senatı bi neçə gün əvvəl polis və jandarm əməkdaşlarının odlu silahdan istifadəsinin qanuniliyini nəzərdə tutan qanun layihəsini yekun olaraq təsdiqləyib.
Xəbər verilir ki, sənədin lehinə 205 senator səs verib, 110 senator isə əleyhinə çıxıb. Sağ Respublikaçılar Partiyasının deputatı Erik Puje tərəfindən irəli sürülən təşəbbüs daha əvvəl Milli Assambleyada da təsdiqlənib. Qanun layihəsini hökumət, mərkəzçi qüvvələrin əhəmiyyətli hissəsi və sağçı "Milli Birlik" Partiyası da dəstəkləyib. Sənədə əsasən, polis və jandarm əməkdaşlarının odlu silahdan istifadəsi əksi sübuta yetirilənədək qanuni hesab ediləcək. İyirmi birinci əsrdə dövlət başçısının öz təbəələrinə divan tutmaq üçün guya hüquqi əsaslar yaratması görənək bir ideyadır. Hansı ağıllı dövlət başçısı belə əcaib hərəkət edər?
Təəccüb və rişxənd doğuran odur ki, Fransanın daxili işlər naziri Loran Nünez antixalq parlamentin qərarını alqışlayaraq bunu hüquq-mühafizə orqanlarının əməkdaşlarına etimadın göstəricisi adlandırıb. Onun sözlərinə görə, təşəbbüs polis və jandarm əməkdaşlarını fəaliyyətlərinin real şərtlərinə uyğun hüquqi baza ilə təmin edəcək. Şübhəsizdir ki, Makronun çaldığı havaya oynayan nazir prezidentin cinayətkar hərəkətinə haqq qazandırmaqdan utanmayıb. Axı, o, razılaşmasa ən sivil halda xəcalətindən istefa verərdi. Azmı olub belə istefalar? Lakin görünür, daxili işlər naziri qan iyi gələn prezidentlə əlbirdir.
Bununla belə, solçu partiyaların nümayəndələri qanun layihəsinə qəti etiraz edərək onu "adamları öldürməyə icazə" kimi qiymətləndiriblər. Avropanın mərkəzində vəhşiliyin tətbiqi Fransanın başçısını əsl simasını göstərməyə sövq edib.
Senatdakı sosialistlər sənədin konstitusiyaya zidd hesab edilməsi və qüvvəyə minməsinin qarşısının alınması məqsədilə Fransa Konstitusiya Şurasına müraciət edəcəklərini bildiriblər. Xarici səfərlərində və beynəlxalq tədbirlərdə Fransanı Avropanın mədəni və ən demokratik ölkəsi kimi tərifləyən Prezident Emmanuel Makronun “saqqızı palçığa” düşüb. Bununla da öz xalqına qarşı silah qaldıran dövlət başçısının Cənubi Afrika, Azərbaycan və bir çox ölkələrə qarşı düşmənçiliyi “toya getməli” olub. Təəccüblüdür, bundan sonra tüfəng tuşladığı xalqının arasında hansı üzlə görünəcək. İnsanlar yalnız həyat şəraitinin yaxşılaşdırılmasını, iş yerlərinin açılmasını və s. tələb edirlər. Buna qarşı çıxmaq nə deməkdir?
Hökumətin polis zorakıılıqları ən azından Fransada demokratiyanın olmaması, insan haqlarının tapdalanması və Makronun “mədəni” ölkəsinin cəngəllik qaydaları ilə idarə edilməsi deməkdir. Milli eqoizm yekəxana və ədəbaz ölkə başçısını hakimiyyət ərkanından uzaq salaraq mafiya patronu səviyyəsinə endirib. Hadisələrin axarı göstərir ki, hüquqları tapdalanmış fransızların Makronla çəkəcəyi axırıncı haqq-hesab günü çox da uzaqda deyil.
Vəli İlyasov, “İki sahil”
Azərbaycanın uca dağlar qoynunda yerləşən təbii sərvəti və tarixi diyarı - Kəlbəcər