25 noyabr 2026 11:12
187

Yenidən qurulan və dirçələn Kəlbəcər

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca sıra ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən artıq yaşı olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri və qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən etibarən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazisinin böyük hissəsi meşəliklərdən ibarətdir. Rayon qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda isə Laçın rayonu ilə həmsərhəddir. Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. İşğala qədər rayonun sahəsi 3054 kv. km, əhalisi isə 53 478 nəfər idi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud olub.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində 511 dinc sakin həlak olub, 321 nəfər əsir götürülüb və itkin düşüb. Kəlbəcər sakinləri ölkənin 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur qalıb. İşğal zamanı onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə avtomobil və texnika dağıdılıb və ya talan edilib, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb.

44 günlük Vətən müharibəsinin ilk günlərində keçirilən döyüş əməliyyatları zamanı Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Strateji yüksəkliklərin nəzarətə götürülməsi qarşı tərəfin istifadə etdiyi nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verib. İkinci Qarabağ müharibəsində əldə edilən Qələbədən sonra imzalanmış üçtərəfli Bəyanata əsasən, Ermənistan götürdüyü öhdəliyə uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonunu Azərbaycana təhvil verib. Beləliklə, Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad olunub.

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcərin azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu bu medalla təltif olunub.

2021-ci il avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər ediblər. Ötən dövr ərzində bu səfərlərin sayı 7-yə çatıb və hər səfər mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə yadda qalıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. İşğaldan əvvəlki son Baş planda şəhərin ərazisi 130 ha, əhalisi isə 7500 nəfər idisə, 2040-cı ilədək inkişaf konsepsiyasına əsasən bu göstəricilər iki dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan formalaşacaq. 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 kv. m) təmin olunması nəzərdə tutulur. Həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, ictimai-iaşə obyektləri və idman meydançalarının inşası planlaşdırılır. Plana görə, şəhər ərazisinin 22 faizi (60 ha) yaşıllıq zolaqlarından ibarət olacaq və ümumi istifadədə olan yaşıllıq sahəsi adambaşına 33 kv. m təşkil edəcək (ölkənin digər şəhərlərində bu normativ 7–10 kv. m nəzərdə tutulur). Baş plana uyğun olaraq, şəhərdə uzunluğu 27 km-dən artıq avtomobil yolu və 22 km velosiped yolu salınacaq.

Kəlbəcərdə zəngin mineral tərkibli İstisu müalicə ocağı yerləşir. Dəniz səviyyəsindən 1600 metrdən artıq yüksəklikdə yerləşən termal su yataqlarından qaynaqlanan və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan “İstisu” mineral suyu regionun nadir təbii sərvətlərindəndir. Təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə başa çatdırıldı. İllik istehsal gücü 100 milyon şüşə butulkadan çox olan müəssisə ikinövbəli rejimdə fəaliyyət göstərir və təxminən 100 nəfəri işlə təmin edir. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın sakinləridir.

Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı buraya köçən 20 ailəyə mənzillərin açarlarını təqdim etdi. 2026-cı il noyabrın 6-dək Kəlbəcərdə 162 ailə olmaqla 681 nəfər məskunlaşıb. Azad Kəlbəcərdə görülən bərpa-quruculuq işləri geniş miqyas alıb. Prezident İlham Əliyevin şəhərə köçən ilk sakinlərlə görüşündə səsləndirdiyi “Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız” fikri artıq real həyatda öz əksini tapır.