25 noyabr 2026 16:58
91

“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarında aparıcı iştirakçılarından biri olan “PAŞA Kapital” İnvestisiya Şirkəti anderraytinq sahəsində fəaliyyətini genişləndirərək daha bir korporativ istiqraz emissiyasının uğurlu yerləşdirilməsində iştirak edib.

“İki sahil” xəbər verir ki, BOKT “International” ASC tərəfindən emissiya edilən ümumi həcmi 1 milyon manat olan korporativ istiqrazlar 23 noyabr 2026-cı il tarixində “PAŞA Kapital”ın iştirakı ilə tam həcmdə yerləşdirilib.

İstiqrazlara investorlar tərəfindən yüksək maraq göstərilib. Belə ki, 50 investor tərəfindən ümumilikdə 1 milyon manat məbləğində 50 sifariş təqdim olunub və nəticədə emissiyanın 100%-i uğurla reallaşdırılıb.

İnvestorların 49-u fiziki, 1-i isə hüquqi şəxs olub. Bu göstərici korporativ istiqrazlara həm fərdi, həm də institusional investorların marağını əks etdirir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz investorlara təqdim edilib. İstiqrazların illik kupon faiz dərəcəsi 15%, tədavül müddəti isə 2 il təşkil edir. Kupon ödənişləri aylıq əsasda həyata keçiriləcək.

“PAŞA Kapital”ın məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.