26 noyabr 2026 10:38
344

Yerli İT məhsulları və rəqəmsal bərabərlik prioritetə çevrilir

Rəqəmsal transformasiya dövlət idarəçiliyinin müasirləşdirilməsi, xidmətlərin əlçatanlığının artırılması və vətəndaş-məmur münasibətlərinin yeni müstəviyə keçməsi baxımından əsas istiqamətlərdən birinə çevrilib. Azərbaycanda son illər elektron hökumət infrastrukturunun genişləndirilməsi, dövlət informasiya sistemlərinin inteqrasiyası və rəqəmsal xidmətlərin vahid platformalarda birləşdirilməsi bu sahədə yeni imkanlar yaradıb. BMT-nin 2026-cı il Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycanın 36 pillə irəliləyərək 38-ci yerə yüksəlməsi də görülən işlərin beynəlxalq göstəricilərdə əksini tapdığını nümayiş etdirir. Bununla belə, əldə olunan nəticələrin davamlı olması üçün texnoloji infrastrukturun gücləndirilməsi və rəqəmsal imkanların ölkə üzrə bərabər əlçatanlığının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Lokal sistemlərdən vahid rəqəmsal infrastruktura keçid

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov “İki sahil”ə açıqlamasında bildirdi ki, BMT-nin 2026-cı il Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) Azərbaycanın iki il ərzində 74-cü yerdən 36 pillə irəliləyərək 38-ci mövqeyə yüksəlməsi, Telekommunikasiya İnfrastrukturu İndeksi üzrə isə 9,4 faiz artım göstərməsi ölkədə ayrı-ayrı qurumların lokal sistemlərindən vahid və mərkəzləşdirilmiş rəqəmsal infrastruktura keçidin nəticəsidir. Dövlət informasiya sistemlərinin “Hökumət Buludu”nda (G-Cloud) mərkəzləşdirilməsi əməliyyatların sürətini, sistemlərin dayanıqlığını və təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb. Qurumlar arasında real vaxt rejimində təhlükəsiz məlumat mübadiləsini təmin edən “digital.bridge” platforması isə informasiya pərakəndəliyinin aradan qaldırılmasına şərait yaradıb. Eyni zamanda, vahid rəqəmsal identifikasiya alətlərinin və Rəqəmsal Sənəd Dövriyyəsinin genişləndirilməsi dövlət idarəçiliyinin texnoloji bazasını yeniləyərək “Kağızsız hökumət” modelinin formalaşmasına imkan verib.

Dövlət xidmətlərində yeni istifadəçi təcrübəsi

Ekspert qeyd etdi ki, dövlət xidmətlərinin elektron platformalara keçirilməsi və Azərbaycanın Onlayn Xidmətlər İndeksi üzrə dünyada 11-ci yerə yüksəlməsi vətəndaşların gündəlik həyatında da praktiki üstünlüklər yaradıb. Qurumlararası avtomatlaşdırılmış məlumat mübadiləsi nəticəsində vətəndaşların bir dövlət orqanından kağız arayış alaraq digərinə təqdim etməsi zərurəti aradan qalxıb. Beləliklə, sistemlər reaktiv xidmət modelindən doğum, nikah və sosial təminat kimi həyat hadisələrinə uyğun proaktiv xidmət modelinə keçib. Xidmətlərin “mygov” platformasında “bir pəncərə” prinsipi ilə birləşdirilməsi isə vətəndaşlara vaxt itirmədən, növbə gözləmədən və dövlət qurumlarının əməkdaşları ilə birbaşa təmasa ehtiyac qalmadan əməliyyatları bir neçə kliklə, şəffaf şəkildə həyata keçirmək imkanı verir.

Rəqəmsal suverenlik növbəti mərhələnin əsas hədəfidir

E. Abbasovun sözlərinə görə, növbəti mərhələdə əldə olunan nailiyyətləri möhkəmləndirmək və ümumi reytinqdə ilk 20-liyə yüksəlmək üçün informasiya-kommunikasiya texnologiyaları infrastrukturu sahəsində rəqəmsal suverenlik və əlçatanlığın gücləndirilməsi vacibdir. Mövcud “Hökumət Buludu”nun və ölkədə iki dövlət qurumunda fəaliyyət göstərən Yüksək Performanslı Hesablama mərkəzlərinin imkanları vahid milli şəbəkədə birləşdirilməli, yerli hesablama gücləri əsasında Azərbaycan dilini dəstəkləyən milli böyük dil modelləri yaradılmalıdır. Bu, həssas məlumatların xarici serverlərə ötürülməsi riskini azaltmağa kömək edə bilər.

Ekspert diqqətə çatdırdı ki, xarici korporativ proqram lisenziyalarından asılılığın minimuma endirilməsi üçün açıq mənbə kodlu həllərə və yerli informasiya texnologiyaları şirkətlərinin əqli mülkiyyətinə əsaslanan məhsullara üstünlük verilməlidir. Regionlarda yüksəksürətli genişzolaqlı internet infrastrukturunun keyfiyyət fərqlərinin aradan qaldırılması da ölkə üzrə rəqəmsal bərabərliyin təmin olunmasına xidmət edəcək.

Nigar Orucova, “İki sahil”