Smartfonların yaddaşında yaranan yer çatışmazlığının başlıca səbəbi cihazda saxlanılan foto və videolardır.
“İki sahil” xəbər verir ki, bu barədə "Android Authority" portalı öz araşdırmasının nəticələrinə istinadən məlumat yayıb.
Nəşr öz oxucuları arasında qadcetlərində ən çox hansı məlumatların yer tutduğunu öyrənmək qərarına gəlib. Sorğuda 961 nəfər iştirak edib.
Rəyi soruşulanların 40%-i hesab edir ki, telefonun yaddaşını əsasən şəkillər və videoçarxlar zəbt edir. Portalın əməkdaşı Endi Uoker vurğulayıb ki, hazırkı cihazlar yüksəkkeyfiyyətli video çəkə bilən və yaddaşda böyük həcm tələb edən RAW formatında detallı kadrlar yaradan tamhüquqlu kameralarla təchiz olunur.
Həmçinin, oxucular proqram və oyunları da qeyd ediblər. İştirakçıların 27.7%-i bu variantı seçib. Uoker əlavə edib ki, qadcetlərdəki tətbiqlər çoxlu qrafik resurslar tələb edir və bu amil onların tutduğu yaddaşın həcmini artırır. İstifadəçilərin bir qismi isə lokal modellərin yüklənməsi üçün əlavə yer tələb edən süni intellekt tətbiqlərinə diqqət çəkib.
Sorğunun nəticələrinə görə, smartfon sahiblərinin 25.9%-i cihazlarının yaddaşının nə ilə dolduğunu dəqiq deyə bilmir. Tədqiqat iştirakçılarının digər 6.4%-i isə yer çatışmazlığının əsas səbəbi kimi internetsiz baxmaq üçün yüklənilən faylları göstərib.
Uoker əmin olduğunu bildirib ki, bir çox istifadəçi yaddaşın vəziyyətinə ümumiyyətlə nəzarət etmir. Onun sözlərinə görə, məlumatların silinməsi qadcetlərlə işləyərkən ən xoşagəlməz proseslərdən biridir.