26 noyabr 2026 19:33
81

Türkiyə Milli Təhlükəsizlik Şurası: Qlobal təhlükəsizlik və sabitlik naminə diyaloq davam etdiriləcək

Türkiyə Türk dünyasında həmrəyliyin gücləndirilməsinə və əməkdaşlığın inkişaf etdirilməsinə yönələn səyləri daha da irəli aparacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair bəyanatda deyilir.

Rusiya-Ukrayna və ABŞ-İran münaqişələri ilə bağlı mövcud vəziyyəti də müzakirə edən Milli Təhlükəsizlik Şurasının üzvləri, Rusiya-Ukrayna münaqişəsinin Qara dənizdən Aralıq dənizinə yayılması ehtimalı ilə bağlı narahatlıqları ifadə ediblər.

Qeyd olunub ki, Türkiyə qlobal təhlükəsizlik və sabitlik üçün vacib olan mühitin tez bir zamanda bərqərar olması naminə bütün tərəflərlə diyaloqu davam etdirəcək.

Liviyanın birliyini və bütövlüyünü təmin etmək üçün göstərilən səylər və bu sahədə əldə edilən irəliləyişləri qiymətləndirən iclas iştirakçıları, rəsmi Ankaranın Liviyada sülh və rifah üçün səylərə təkan verəcəyini ifadə ediblər.