27 noyabr 2026 10:07
96

Sülh gündəliyinə siyasi qərəz deyil, obyektivlik xidmət etməlidir

Avropa Parlamentinin Azərbaycan və Ermənistanla münasibətlərə dair hazırladığı tövsiyə layihələri Avropa institutlarının Cənubi Qafqaz siyasətində obyektivlik, siyasi qərəzsizlik və ikili standartlar məsələsini yenidən gündəmə gətirir. Avropa İttifaqının regionda sülh, sabitlik və demokratik dəyərlərin təşviqi istiqamətində bəyan etdiyi prinsiplər, ilk növbədə, bu prinsiplərin bütün tərəflərə eyni ölçüdə və ardıcıl şəkildə tətbiq olunmasını tələb edir.

Azərbaycan üzrə hazırlanmış tövsiyə layihəsinin formalaşdırılması prosesində Ermənistanın Avropa İttifaqı yanındakı diplomatik nümayəndəliyi və ASİMKOM kimi təşkilatlarla məsləhətləşmələrin aparılması sənədin siyasi və institusional obyektivliyi baxımından müəyyən suallar yaradır. Parlament hesabatlarının hazırlanması zamanı müxtəlif tərəflərin mövqelərinin öyrənilməsi təbii və zəruri prosedur hesab oluna bilər. Lakin bu prosesin balanslı, şəffaf və bütün maraqlı tərəflərin mövqelərini əhatə edən şəkildə həyata keçirilməsi əsas şərtdir. Əgər məsləhətləşmələr birtərəfli xarakter daşıyırsa, yaxud sənədin məzmununa müəyyən siyasi dairələrin mövqeləri daha ciddi təsir göstərirsə, bu, hazırlanmış tövsiyələrin obyektivliyinə və siyasi müstəqilliyinə dair əsaslı şübhələr yaradır. Avropa Parlamentinin hər hansı ölkə ilə bağlı mövqeyinin formalaşdırılması zamanı həmin ölkənin siyasi reallıqlarının, milli maraqlarının, təhlükəsizlik məsələlərinin və regional kontekstin nəzərə alınması vacibdir.

Azərbaycanla bağlı məsələlərə Ermənistanın siyasi və diplomatik dairələrinin təqdim etdiyi yanaşmalar əsasında qiymət verilməsi, xüsusilə iki ölkə arasında münasibətlərin normallaşması və sülh gündəliyinin davam etdiyi bir mərhələdə, konstruktiv yanaşma hesab edilə bilməz. Bu cür siyasi təsir imkanlarının sənədlərdə əks olunması ehtimalı Avropa Parlamentinin regiondakı proseslərə münasibətdə tərəfsiz mövqeyini şübhə altına alır. Layihədə xaricdəki azərbaycanlı fəallara siyasi və maliyyə dəstəyinin artırılması ilə bağlı çağırışların yer alması da ayrıca diqqət tələb edir. Demokratik institutların, vətəndaş cəmiyyətinin və insan hüquqlarının müdafiəsi Avropa İttifaqının legitim prioritetləridir. Lakin bu prinsiplərin hansı siyasi məqsədlər naminə, hansı mexanizmlərlə və hansı meyarlar əsasında tətbiq olunması da mühüm əhəmiyyət daşıyır. Vətəndaş cəmiyyətinə dəstək adı altında ayrı-ayrı siyasi proseslərə təsir göstərmək və ya ölkələrin daxili siyasi gündəliyinə müdaxilə etmək cəhdləri regional münasibətlərdə etimadın formalaşmasına xidmət etmir. Bu baxımdan, Avropa Parlamentinin təşəbbüsləri yalnız bəyan edilən dəyərlərlə deyil, onların tətbiqində nümayiş etdirilən ardıcıllıq və siyasi məsuliyyətlə də qiymətləndirilməlidir.

Avropa Parlamentinin Azərbaycana münasibətdə sərt tənqidi mövqeyi ilə Ermənistanda müxalifət nümayəndələrinin həbsləri, siyasi təzyiqlər və demokratik hüquqların məhdudlaşdırılması ilə bağlı iddialara münasibəti arasında müşahidə olunan fərqlər isə ikili standartlar problemini daha aydın şəkildə ortaya qoyur. İnsan hüquqları və demokratik azadlıqlar universal dəyərlərdir və onların müdafiəsi siyasi münasibətlərin xarakterindən, ölkələrin geosiyasi mövqeyindən və ya Avropa institutları ilə əməkdaşlıq səviyyəsindən asılı olmamalıdır. Əgər Azərbaycanda baş verən proseslərə münasibətdə yüksək həssaslıq nümayiş etdirilirsə, Ermənistanla bağlı analoji məsələlər də eyni prinsipiallıqla araşdırılmalı və qiymətləndirilməlidir. Bu yanaşmanın fərqli olması Avropa institutlarının demokratik dəyərlərə münasibətinin siyasi selektivlik üzərində qurulduğu təəssüratını yaradır. Belə bir təəssürat isə Avropa İttifaqının regionda etibarlı tərəfdaş, obyektiv siyasi aktor və sülh prosesinə dəstək verən qüvvə kimi qəbul olunmasına mənfi təsir göstərir. Xüsusilə Cənubi Qafqazda uzun illər davam edən münaqişə, qarşılıqlı etimadsızlıq və geosiyasi rəqabət fonunda Avropa institutlarının hər hansı tərəfə üstünlük verən və ya digər tərəfin mövqeyini nəzərə almayan siyasi ritorikası sülh gündəliyinin irəliləməsini çətinləşdirə bilər. Azərbaycan regionda sülhün və əməkdaşlığın təmin olunmasında maraqlı olan tərəf kimi beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi prinsiplərini əsas götürür. Bu baxımdan, Avropa İttifaqının Cənubi Qafqaz siyasətinin siyasi mülahizələrdən deyil, beynəlxalq hüququn norma və prinsiplərindən, obyektiv qiymətləndirmədən və bütün tərəflərə bərabər yanaşmadan çıxış etməsi vacibdir.

Avropa Parlamentinin tövsiyə və qətnamələri hüquqi baxımdan məcburi xarakter daşımaya bilər, lakin onların siyasi təsiri və beynəlxalq ictimai rəyə təsir imkanları kifayət qədər böyükdür. Bu səbəbdən belə sənədlərin hazırlanmasında məsuliyyət, faktlara əsaslanma, siyasi balans və institusional obyektivlik xüsusi əhəmiyyət daşıyır. Azərbaycanla bağlı məsələlərdə birtərəfli yanaşmaların və siyasi təzyiq ritorikasının üstünlük təşkil etməsi Avropa ilə münasibətlərin sağlam inkişafına deyil, qarşılıqlı etimadın zəifləməsinə gətirib çıxara bilər. Mən hesab edirəm ki, Avropa İttifaqı Cənubi Qafqazda sülh və sabitliyin təşviqində real və effektiv rol oynamaq istəyirsə, ilk növbədə, öz siyasi yanaşmalarında ardıcıllıq nümayiş etdirməlidir. Demokratik dəyərlər, insan hüquqları və hüququn aliliyi siyasi məqsədlərə uyğun olaraq fərqli ölkələrə fərqli şəkildə tətbiq edilməməlidir. Əks halda, bu prinsiplərin universal xarakteri və Avropa institutlarının onları müdafiə etməkdəki səmimiyyəti ilə bağlı suallar yaranacaq. Regionda dayanıqlı sülhün təmin olunması isə yalnız obyektivlik, qarşılıqlı etimad, suverenliyə hörmət və bütün tərəflərin legitim maraqlarının nəzərə alınması əsasında mümkündür.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı