26 noyabr 2026 23:37
56

Tarixdə əbədi yaşayanlar

27 noyabr Böyük İnsan, ürəklərdə özünə əbədi heykəl ucaltmış Əməkdar Elm Xadimi, Türk Dili Qurumunun üzvü, “Türk dünyası Hizmət Ödülü”nün 2002-ci il üzrə sahibi, uzun illər BDU-nun Türkologiya kafedrasının müdiri, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, “Şöhrət” ordenli, filologiya elmləri doktoru, Tofiq İsmayıl oğlu Hacıyevin əbədiyyətə üz tutub bizdən ayrıldığı gündür.

İnsanlar var ki, onlar haqqında keçmiş zamanda danışmaq, yada salmaq qeyri-mümkündür. Adları, əməlləri unudulmayan elə şəxsiyyətlər var ki, 500-600 il bundan qabaq yaşayıb-yaratsalar da, onlar bu gün də bizim ünsiyyət qurduğumuz insanlardır.

Belə insanlardan biri də yuxarıda qazandığı elmi adları və mükafatlarını sadaladığımız, onlarla, bəlkə də yüzlərlə insanın qazandığı uğurlarda birbaşa və təmənnasız əməyi olan, yüzlərin, minlərin yaddaşında əbədi olaraq özünə yurd salan, adını həmişə fəxarətlə çəkdiyimiz akademik Tofiq İsmayıl oğlu Hacıyevdir.

Bu insanlar tanışlığım təsadüfi bir görüşlə baş tutmuşdu. 1992-ci ildə Müəllimləri Təkmilləşdirmə İnstitutunda dərslik müəlliflərinin və Bakı şəhər məktəblərində dərs deyən dil-ədəbiyyat müəllimlərinin birlikdə kiçirdikləri müzakirə zamanı tanış olmuşdum. Gənclik illərindən elm sahəsi ilə bağlı ürəyimdə qalan arzularımın dolanbac yollarında ilişib qalan intizarından bu insanın qayğısı sayəsində azad oldum.

Bu gün həyatımda silinməz izləri olan bu görkəmli şəxsiyyətin həyat və yaradıcılığı ilə tanış olanda, ötüb keçən günlər gözlərim önündə canlanır. Yaradıcılığına nəzər salanda isə onun əvəzsiz uğurları mənimlə bərabər onu sevənlərin hər birində böyük fəxarət hissi yaradır.

Akademikin elmi yaradıcılığı kifayət qədər geniş əhatə dairəsinə malikdir - orta məktəb dərsliklərinin müəllifi olmaqdan başlayaraq, “Dədə Qorqud” eposunun tədqiqinə qədər geniş bir sahəni əhatə edən yaradıcılığı onu bu gün də əlçatmaz zirvədə saxlayır.

Mən bu yazıda təkrarsız alimin elmi yaradıcılığı haqqında deyil, özünün çalışdığı elm sahələri ilə bağlı yetişdirdiyi elmi kadrlar haqqında bəzi faktları yığcam şəkildə oxucuların diqqətinə çatdıracağam.

Dilçilik qədim tarixə malik bir elmdir və onun bütün sahələrini bir və ya bir neçə alimin gücü ilə əhatə etmək mümkün deyil. İstedadlı, uzaqgörən alim dilimizə həsr olunmuş tədqiqatları genişləndirmək və sürətləndirmək üçün yeni kadrların yetişməsinə qayğı göstərmiş, onlarla böyük alimin formalaşmasına şərait yaratmışdır. Bu alimlər yeni tədqiqatları ilə Tofiq müəllimin ardıcılları, davamçılarıdırlar.

Əllidən çox elmi əsərin, ondan çox tərcümə əsərinin, yüzlərlə elmi məqalənin müəllifi olan görkəmli elm xadiminin rəhbərliyi, qayğısı ilə yetişən alimlərin sayı da bu sahədə rekord göstərici sayıla bilər.

Qısa müddət – 1971-2006-cı illər, 35 il ərzində (2006-cı ildən 2015-ci ilə qədər onun rəhbərliyi altında neçə nəfər fəlsəfə doktoru və elmlər doktorunun elmi ad alması haqqında dəqiq məlumat əldə edə bilmədim) Tofiq müəllimin rəhbərliyi altında 15 nəfər elmlər namizədi, beş nəfər isə elmlər doktoru alimlik dərəcəsi alıb, dilçilikdə tanınmış alimlər siyahısına daxil edilmişlər.

Ömrünü dilçilik elminin inkişafına və gənc nəslin maariflənməsinə həsr edən akademik Tofiq Hacıyev ənənələrini davam etdirən görkəmli alimlərdən akademik Nizami Cəfərov, professor Elbrus Əzizov, professor Sərxan Abdullayev kimi alimlər bu sahənin öndə gedən elm adamlarıdırlar. Alimin yetirmələri adlarını qeyd etdiyimiz onlarla görkəmli alimlərlə bitib tükənməyəcək, özündən sonra onun əsərlərindən bəhrələnən yüzlərlə, bəlkə də, minlərlə insan elm yolunun yolçusuna çevriləcək, Azərbaycanın elm və təhsil salnaməsində özünəməxsus, bənzərsiz, silinməz izlər qoyacaqlar.

Mən isə həm namizədlik, həm də doktorluq işimə rəhbərlik edən bu təmənnasız və qayğıkeş insanın borcundan çıxmaqda çox acizəm. Əlimdən gələn isə onun müqəddəs məzarını ildə bir neçə dəfə ziyarət etmək, şəxsiyyəti ilə bağlı qəlbimdə yaranan hiss və duyğuları şeirə çevirməkdən başqa bir şey deyildir:

Müqəddəs yol olub tutduğunuz yol.

Silinməz, pozulmaz saldığınız iz.

Arzunuz gələcək, uğurunuz bol,

Heyif ki, sonadək bitirmədiniz!

***

Ömrünüz tarixin silinməz anı,

Heyif ki, axıra yetmədi sonu.

Qəlbiniz gizlədən neçə arzunu,

Bəxt küsdü, yerinə yetirmədiniz.

***

Dünyanın malına göz dikmədiniz,

Dəymədi harama heç vaxt əliniz.

Günəşli səma tək qəlbiniz təmiz,

Vicdanı heç zaman itirmədiniz.

***

Gələndə kimdənsə uğur xəbəri,

Uzağa qovdunuz pisliyi, şəri.

Qarşıya qoyanda öhdəlikləri,

Ortaya təmənna gətirmədiniz.

***

Çox şeyi yox etdi dövrün gərdişi,

Buxova çevrilən neçə vərdişi,

Bu qədər qayğıkeş olmaz hər kişi,

Pay verib, əvəzin götürmədiniz.

***

Sözünüz bir oldu, olmadı qoşa,

Kim isə yanılıb vuranda daşa,

Çox yetim işini çatdırıb başa,

Bu əldən o ələ ötürmədiniz.

***

Adınız əbədi, uludan ulu.

Sizinçün qəlbimiz sevgiylə dolu.

Qoymarıq ot basa Siz gedən yolu,

Üz tutub o yolla gedəcəyik biz!

Sərdar Zeynal,
Professor