Sakit okeanda, Havay adalarının cənubunda yerləşən Palmira atollunda 40 min invaziv siçovulun məhv edilməsindən sonra nadir yerli ağacların sayında 5000 faiz artım qeydə alınıb.
“İki sahil” xəbər verir ki, “iXBT Live” nəşri məlumatına görə, siçovullar XX əsrdə gəmilərlə atolla gətirilib. Ərazidə onların sayını təbii yolla tənzimləyən yırtıcıların olmaması gəmiricilərin sürətlə çoxalmasına səbəb olub. Nəticədə onların sayı təxminən 40 minə çatıb.
Siçovullar zaman keçdikcə atollun ekosisteminə ciddi zərər vurmağa başlayıb. Onlar bitkilərin toxumlarını, cavan pöhrələri, quş yumurtalarını və yerli heyvanları yeyərək təbii tarazlığın pozulmasına səbəb olublar.
Ətraf mühitin vəziyyətinin pisləşdiyini müəyyən edən alimlər və mütəxəssislər 2011-ci ildə ərazinin mühafizəsi və bərpası layihəsinə başlayıblar. Bioloqlar gəmiricilərin tamamilə məhv edilməsinə qərar versələr də, digər heyvan növlərinə zərərin minimuma endirilməsi üçün əvvəlcədən xüsusi tədbirlər planı hazırlayıblar.
Aparılan araşdırmalar zamanı atollun ərazisində yerli nadir ağacların cəmi 140-a yaxın cavan nümunəsinin olduğu müəyyən edilib. Alimlər bu vəziyyətin əsas səbəblərindən birinin siçovulların cavan ağacları və bitkiləri məhv etməsi olduğunu müəyyənləşdiriblər.
Gəmiricilərlə mübarizə üçün bir neçə üsuldan istifadə olunub. Kimyəvi maddələr olan qranullar hava vasitəsilə adalara səpilib. Onların bir hissəsi torpağa, digər hissəsi isə siçovulların yaşadığı hündür ağacların çətirlərinə düşüb. Bundan əlavə, xüsusi qrup ərazidə hərəkət edərək kimyəvi maddələri əl ilə də torpağa yerləşdirib.
Siçovulların tamamilə məhv edilməsindən beş il sonra aparılan müşahidələr gözlənilməz nəticələr ortaya çıxarıb. Əvvəllər sayı 150-dən az olan yerli nadir ağacların cavan nümunələrinin sayı təxminən 8 minə çatıb. Beləliklə, onların sayında 5000 faizlik artım qeydə alınıb.
Bu nəticə gəmiricilərin mövcudluğunun bitkilərin böyüməsinə əsas maneələrdən biri olduğunu göstərib. Siçovulların aradan qaldırılmasından sonra toxumlar cücərməyə, torpaqdan yeni pöhrələr çıxmağa başlayıb. Bununla da meşələrin bərpası üçün əlavə ağacəkmə kampaniyasına ehtiyac qalmayıb.
Bioloqlar gəmiricilərin məhv edilməsindən sonra digər dəyişiklikləri də müşahidə ediblər. Belə ki, əvvəllər atollun ərazisində mövcud olan Asiya pələng ağcaqanadının sayı azalıb və həşəratın oradan yoxa çıxdığı bildirilib. Araşdırmalar göstərib ki, siçovullar həmin ağcaqanadların əsas qida mənbəyi olub. Gəmiricilərin yox olması nəticəsində ağcaqanadlar qida mənbəyini itirərək azalıb. Bununla belə, digər ağcaqanad növlərinin sayında dəyişiklik qeydə alınmayıb.
Bundan başqa, siçovulların sayının azalması ilə iki növ xərçəngin populyasiyasında artım müşahidə edilib. Yerli nadir ağaclarla yanaşı, kokos palmalarının da sayı çoxalıb.
Məqalədə qeyd olunur ki, Palmira atollunda əldə edilən nəticələr invaziv növlərə nəzarətin ekosistemin bərpasında mühüm rol oynadığını göstərir. Belə tədbirlər həm bitki örtüyünə, həm də heyvanlar aləminə müsbət təsir göstərə bilər.