06 fevral 2017 20:40
5333

"Qaz İxrac" İdarəsi ötən ili yüksək texniki-iqtisadi göstəricilərlə başa vurub

Azərbaycanda istehsal olunan təbii qazının daxili və xarici bazarlara  nəqlinin təhlükəsiz və keyfiyyətlə həyata keçirlməsində, onun səmərəli idarə olunmasında, həmçinin texnoloji, metroloji və kommersiya əməliyyatlarının aparılmasında SOCAR-ın «Qaz İxrac» İdarəsinin böyük əməyi vardır.

Müsahibimiz «Qaz İxrac» İdarəsinin rəisi, Əməkdar mühəndis Qağaməli Seyfullayev «İki sahil» qəzetinə bildirdi ki, İdarənin əsas missiyası təbii qaz həcmlərinin səmərəli idarə olunması, eləcə də onun daxili və xarici bazarlarda satışını təmin etmək məqsədilə qazın qəbulu və nəql sistemləri ilə respublikanın enerji dəhlizinə ötürülməsi üzrə müvafiq normativ qaydalara uyğun texniki, texnoloji, metroloji və kommersiya əməliyyatlarının aparılmasından ibarətdir. İdarə, həmçinin mövsümlə əlaqədar yeraltı qaz anbarlarında qazın tədarükünü, əhali və digər istehlakçıları təbii qazla fasiləsiz və təhlükəsiz, eyni zamanda istehlakçıların təbii qaza artan tələbatını təmin etmək məqsədilə magistral qaz kəmərləri sahələrinin yenidən qurulması, müasirləşdirilməsi istiqamətində də mühüm tədbirlər planını həyata keçirir.

- Məlumdur ki, «Şahdəniz» dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatdan artıq qazı tarixdə ilk dəfə olaraq ixrac etməyə imkan verir. Bu sahədə hansı uğurlar var?

- Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatdan artıq qazı tarixdə ilk dəfə olaraq ixrac etməyə imkan verir. Yatağın təbii qaz ehtiyatları 1,2 trln. kubmetr, kondensat ehtiyatı isə 240 mln. tondan artıq qiymətləndirilir.  «Şahdəniz» layihəsindən Azərbaycana təhvil verilən təbii qazın qəbulu və kommersiya əməliyyatları da uğurla həyata keçirilir. Uzunmüddətli alqı–satqı müqavilələri əsasında «Şahdəniz–1» yatağından hasil olunan qazın illik təqribən 6,6  milyard kubmetri Türkiyəyə, 0,8 milyard kubmetri Gürcüstana ixrac olunur və 1,5 milyard kubmetri Azərbaycana verilir. Eyni zamanda, «Azəri-Çıraq-Günəşli» (AÇG) və «Şahdəniz» yataqlarından, eləcə də Əməliyyat Şirkətlərindən (ƏŞ) hasil olunan və SOCAR-a təhvil verilən təbii və səmt qaz həcmlərinin qəbulu, Gürcüstana qaz həcmlərinin ixracı, həmçinin daxili bazarda «Azneft» İB-yə və «Azərenerji» ASC-yə qaz həcmlərinin satışı, «Qaz İxrac» İdarəsinə məxsus istehlakçılara qazın satışı ilə əlaqədar «Azneft» İB-dən qazın alışı, Naxçıvan MR-nın təbii qaza olan tələbatının ödənilməsi məqsədi ilə İran İslam Respublikası və Azərbaycan Respublikası arasında imzalanmış «Təbii qazın mübadiləsi» müqaviləsinin icrası uğurla yerinə yetrilmişdir. Bunlarla bərabər, «Azneft» İB və «Azəriqaz» İB üçün qaz həcmlərinin nəql xidməti,  «Salyan OYL» ƏŞ və «Qaz İxrac» İdarəsi arasında bağlanmış nəql müqaviləsi üzrə Kürovdağ neftin hazırlanması məntəqəsinə qaz həcmlərinin nəqli davam etmişdir. Həmçinin «SOCAR CNG» MMC və «Qaz İxrac» İdarəsi arasında bağlanmış nəql müqaviləsi üzrə «SOCAR CNG» MMC-nin «Maye Qaz 1-2 xətt»  Qaz Ölçü Qovşaqlarına (QÖQ) qaz həcmlərinin nəqli və «Azneft» İB və «Qaz İxrac» İdarəsi arasında bağlanmış «Qazın komissiyası haqqında» müqaviləsi üzrə «Qaz İxrac» İdarəsi tərəfindən Gürcüstana qaz həcmlərinin ixracı kimi işlər həyata keçirilmişdir.

- 2016-cı ilin yekunlarını necə qiymətləndirirsiniz?

- Əminliklə demək olar ki, «Qaz İxrac» İdarəsi 2016–cı ili yüksək texniki–iqtisadi göstəricilərlə başa vurmuşdur. Belə ki, ilin əvvəlindən idarə üzrə 14,309  milyard kubmetr, o cümlədən ABƏŞ-dən 6,226 milyard kubmetr, əməliyyat şirkətlərindən və digər mənbələrdən 0,329 milyard kubmetr, «Azneft» İB-dən 7,456 milyard kubmetr və idxal qazı müqaviləsi üzrə 0,298 milyardkub metr qaz həcmi qəbul olunmuşdur. Qəbul olunan qaz həcmləri «Azəriqaz» İB-yə, «Azərenerji» ASC-yə, «Azneft» İB-yə və Gürcüstana ötürülmüşdür. O cümlədən «Azəriqaz» İB – yə 5,847, «Azərenerji» ASC – yə 4,296, Gürcüstana 1,321 milyard kubmetr təbii qaz nəql olunmuşdur. Texnoloji sərf 0,046 milyard kubmetr illik plana qarşı 0,031 milyard kubmetr (0,015 milyard kubmetr azalma) olmuşdur. İllik qaz itkisi 0,075 milyard kubmetr, 0,5 faiz plana qarşı 0,060 milyard kubmetr (0,4 faiz, 0,015 milyard kubmetr azalma) olmuşdur. Naxçıvan Muxtar Respublikasının qaza olan tələbatını təmin etmək məqsədilə Astara MQKS-in kompressor stansiyasından yüksək təzyiqlə İran İslam Respublikasına uzunmüddətli (2025-ci ilədək) mübadilə (swap) müqaviləsi çərçivəsində 2016–cı il ərzində 0,261 milyard kubmetr təbii qaz verilmişdir. Eyni zamanda, ötən il magistral qaz kəmərlərində xeyli yenidənqurma işləri həyata keçirilib. Qeyd edim ki, İdarəmiz 3,4 min km magistral və qol kəmərlərinə, 204 qazpaylayıcı stansiyaya (QPS), 6 kompressor stansiyasına (KS) xidmət göstərir. Astara Kompressor Stansiyasında istismar olunan turbokompressor aqreqatının  D336–1T–18 saylı qaz-turbin mühərriki 25171 iş saatından sonra əsaslı təmir olunmaq üçün demontaj edilmiş və qablaşdırılmışdır. Onun yerinə əsaslı təmir olunmuş D336–1T–14 saylı qaz-turbin mühərriki montaj olunmuş, sazlanmış və istismara verilmişdir. Yararsız vəziyyətdə olan 179 ədəd  kran və siyirtmələr yenisi ilə əvəz olunmuş, 31 dəst təzyiq tənzimləyiciləri, 18 dəst qoruyucu klapan və 8 ədəd separator quraşdırılmışdır. Magistral qaz kəmərlərinin korroziyadan mühafizə olunması üçün yeni 31 ədəd katod mühafizə qurğuları, 1 ədəd drenaj qurğusu və 546 ədəd nəzarət ölçü məntəqələri quraşdırılaraq istismara verilmişdir. Bununla yanaşı, istismarda olan 212 ədəd separatordan ümumilikdə 189 ədədinin istismara yararlılıq dərəcəsinin yoxlanılması məqsədi ilə hidravlik sınaq olunaraq texniki şəhadətləndirilmə işləri aparılmışdır. İstismarda olan  513 ədəd qoruyucu klapanlardan  isə il ərzində 505 ədədi  sınaq olunmuş, təftiş və sazlama işləri aparılmışdır.

- Magistral qaz kəmərləri sistemində aparılan müasirləşmə işləri hansı səviyyədədir?

- 2015-2016 - ci illər ərzində MQKS üzrə ölçü qovşaqlarında, qazpaylayıcı stansiyalarda, magistral və qol kəmərlərində təhvil verilən qazın hesabatının dəqiq aparılması məqsədi ilə mənəvi cəhətdən köhnəlmiş 21 qazpaylayıcı stansiyanın və bir qaz ölçü qovşağının texnoloji hissələri yenidən qurulmuş və bundan əlavə Abşeron MQKS-nin struktur tərkibinə daxil olan «Maştağa», «Mehdiabad», «5-ci siyirtmə», «Mərdəkan Bağları», «Bolqarıstan» və «Ramana» QPS-lərində Türkiyənin «Akfel» şirkətinin istehsalı olan tam avtomatlaşdırılmış, beynəlxalq standartların tələblərinə cavab verən yeni modul tipli qazpaylayıcı stansiyalar quraşdırılmışdır. Qazpaylayıcı stansiyalarda avtomatik idarəetmə sistemi ilə təchiz olunmuş 11 müasir odorizasiya sistemi quraşdırılmışdır. MQKS-nin tabeliyində olan QPS-lərdə müasir avtomatik idarəetmə sistemləri ilə təchiz olunmuş odorizasiya qurğuları ilə yanaşı,  yerli istehsal olan, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin «Kosmik cihazqayırma təcrübi zavodu»nun istehsal etdiyi «OQ-1» tipli 58 odorizasiya qurğusu və 110 yeraltı odorant çənləri quraşdırılaraq istismara verilmişdir. Həmçinin Şirvan İES-i fasiləsiz qazla təmin etmək üçün diametri 720 mm olan 5 505 metr alternativ qaz kəməri çəkilmiş və mövcud sistemə qoşulmuşdur. «Kürsəngi-Şirvan QPS» MQK-nin korroziyaya uğramış 14 km uzunluğunda hissəsi İdarənin öz gücü ilə diametri 530 mm olan boru ilə əvəz olunmuş, diametri 530 mm olan «Duvannı- Qaradağ» MQK-nin 1 600 metr hissəsi əhalinin qazla təchizatını yaxşılaşdırmaq məqsədi ilə daxili imkanlar hesabına yenidən qurulmuş, diametri 1020 mm olan «Qazıməmməd- Qazax» MQK-nin (I xətt) 0-210 km hissəsinin yenidən qurulması” obyektinin tərkibində I və II buraxılış komplekslərində yeni çəkilmiş 34 000 metr hissəsi mövcud sistemə qoşularaq istismara verilmiş, diametri 530 mm olan «Göyçay-Ucar» MQK-nin 2 074 metr hissəsində təmir işləri başa çatdırılaraq istismara verilmişdir. «Yevlax-Şəki- Balakən» MQK-nin diametri 325 mm olan 24 750 metr hissəsində təmir işləri başa çatdırılaraq istismara verilmiş, «Yevlax- Naxçıvan» MQK-nin diametri 720 mm olan 13 083 metr hissəsi diametri 325 olan  mm olan boru ilə əvəz edilərək təmir olunmuş, «Azadkənd-İmişli» MQK-nin 10 981 metr hissəsi diametri 530 mm olan borularla təmir olunaraq istismara verilmiş, diametri 325 mm olan Goranboy QPS qolunun 5 100 metr hissəsi təmir olunmuş, «Qazıməmməd-Qazax» MQK-nin (I və II xətt) Gəncə-Qazax zonasında 16 qəzalı çay keçidlərındən on birində işlər başa çatdırılaraq mövcud sistemə qoşulmuşdur. Pirallahı rayonunda dövlət əhəmiyyətli yeni körpünün tikintisi ilə əlaqədar325 mm- lik «Pirallahı–Qala» magistral qaz xəttinin 2595 metr yeraltı hissəsi  çəkilərək istismara verilmişdir. Abşeron MQKS-nin 530 mm-lik «Zirə- Şimal DRES» MQK-nin «Zirə-Digah» (Cənub) MQK,Türkan-2 QPS ilə əlaqələndirici 500 mm-lik qaz kəmərinin tikintisi obyektində diametri 530 mm olan 6 808 metr boru xətti çəkilmiş, mövcud sistemə qoşularaq istismara verilmişdir. «Ağsu-Altıağac» MQK-nin 43-cü km-də Çuxuryurd, «Astara- Qazıməmməd» MQK-nin 174-cü km-də Azadkənd ölçü qovşaqlarının tikintisi başa çatdırılmış, «Qazıməmməd- Qazax» (I xətt) MQK-nin 255-ci km-də isə yeni ölçü qovşağının tikintisi başa çatdırılaraq istismara verilib. Hacıqabul Kompressor Stansiyasında avtomatik idarəetmə sisteminin (AİS) yenidən qurulması işləri uğurla başa çatdırılmışdır. «Mitsubishi Q-Series» bazasında yığılmış yeni avtomatik idarəetmə sistemi işlək vəziyyətdə olan 4 ədəd qaz ötürücü aqreqatın avtomatik idarə olunması, eləcə də ümumstansiya, qaz soyutma, yanğın aşkar etmə, qaz sızmasından mühafizə və operator stansiyası sistemləri üçün nəzərdə tutulmuşdur. Avtomatik idarəetmə sistemi texnoloji proses zamanı aqreqatlardan texnoloji parametrləri toplayıb AİS aqreqatın tərkib hissəsi olan universal operator panelində göstərmək, eyni zamanda «Ethernet» şəbəkəsi vasitəsilə dispetçer otağındakı avtomatlaşdırılmış iş yeri (AİY) dispetçerə (SCADA) ötürülməsini təmin edir. Nəticədə  AİS aqreqat universal operator paneli və AİY Dispetçer vasitəsilə verilmiş komandalar yerinə yetirilir. Sistem beynəlxalq standartların tələblərinə tam cavab verir. Həyata keçirilən uğurlu işlər sırasına «Balaxanı» ƏŞ tərəfindən yataqlardan hasil olunan aşağı təzyiqli səmt qazının yığılıb təhvil verilməsi üçün yenidənqurma işləri layihəsini də əlavə etmək olar. Bu layihə üzrə tikinti-quraşdırma işləri də uğurla başa çatmışdır. Layihə çərçivəsində Almaniyanın «Gardner Denver Schopfheim GmbH» şirkətinin istehsalı olan iki ədəd ROW 370 GH markalı kompressor aqreqatı quraşdırılaraq istismara verilmiş, müasir tələblərə cavab verən nəzarət ölçü cihazları və avtomatik idarə etmə sistemi ilə təchiz edilmişdir. İdarənin tabeçiliyində olan qazpaylayıcı stansiyaların əhaliyə verilən qaz xəttinin çıxışında təzyiqin  qalxıb enməsinə qarşı avtomatik mühafizə və siqnalizasiya sistemlərinin quraşdırılması və istismara verilməsi istiqamətində işlər tam başa çatdırılmışdır. Qazax MQKS-ə məxsus Ağstafa, Şəmkir qazpaylayıcı stansiyalarında, eləcə də Hacıqabul MQKS-ə məxsus Qaraməryəm Qazpaylayıcı Stansiyasında Türkiyənin «Dağqaz LTD» firmasının istehsalı olan «DO – NG-MO-CT» markalı üç ədəd müasir standartlara uyğun pnevmatik tipli odorizasiya qurğusu quraşdırılaraq istismara verilmişdir. Almaniyanın  «Symrise AG» şirkətinin  nümayəndə heyəti yeni kükürdsüz «Gasodor S-Free» odorizasiya maddəsinin pilot layihəsi çərçivəsində tətbiqi ilə əlaqədar «Qaz İxrac» İdarəsində olmuşdur.

«Gasodor S-Free» odorizasiya maddəsinin dünyada yeganə istehsalçısı olan «Symrise AG» şirkətinin mütəxəssislərinin texniki dəstəyi ilə həyata keçiriləcək pilot layihə çərçivəsində sınaq məqsədilə istifadə olunması nəzərdə tutulmuş odorizasiya maddəsi «EYRİS Engineering Services GmbH» şirkəti tərəfindən İdarəmizə təmənnasız tədarük olunmuşdur. Yeni odorant maddəsinin Pilot layihə çərçivəsində tətbiqi Hacıqabul MQKS-nə məxsus «Qobustan» Qazpaylayıcı Stansiyasında həyata keçirilmişdir. Pilot layihə çərçivəsində «Gasodor S-Free» odorizasiya maddəsinin sınaq işlərinin I mərhələsinin nəticələri «Symrise AG» şirkətinin nümayəndələri ilə «Qaz İxrac» İdarəsinin rəhbərliyi arasında keçirilmiş görüşdə müzakirə olunmuşdur. Görüşdə I mərhələnin nəticələri qənaətbəxş hesab olunmuş, bu istiqamətdə işlərin davam etdirilməsi qərara alınmış və növbəti mərhələnin 2017-ci ildə keçirilməsi nəzərdə tutulmuşdur. II mərhələdə yeni odorant maddəsinin əhali xəttinə verilməsi və əhalinin maarifləndirilməsi, Azərbaycan dilində tərtib olunmuş xüsusi bukletlərin paylanması, yeni odorizasiya maddəsi barədə ətraflı məlumatın verilməsi nəzərdə tutulmuşdur. Hazırda idarəmizdə SAP ERP sistemində təmir və quraşdırma modulunun produktiv istismarı uğurla həyata keçirilir. Mütəmadi olaraq sahələrdə  mütəxəssislərin bilik və bacarıq səviyyəsinin artırılması istiqamətində seminarlar və kurslar təşkil edilmişdir.

- "Qaz İxrac" İdarəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına necə əməl edilir?

-Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması istiqamətində də çox önəmli işlər görülür. İstehsalat uğurları ilə yanaşı, insan amilinin önə çəkilməsi, işçilərin iş şəraitinin yaxşılaşdırılması, əməyin təhlükəsizliyi qaydalarının etibarlı qorunması daim nəzarətdə saxlanılan sosial prinsiplərdir. Bu məqsədlə ötən il  ərzində İdarənin obyektlərində əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyanın (DFK) üzvləri və  Təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi şöbəsinin (TESİEŞ)  işçiləri tərəfindən yoxlamalar aparılmış və aşkar olunan nöqsanlar görülən tədbirlər nəticəsində aradan qaldırılmışdır. İl ərzində MQKS–lərin obyektlərində əmək şəraitinin yaxşılaşdırılması, sanitariya və gigiyena baxımından da bir sıra işlər görülmüşdür. QPS-lərdə yenidənqurma işləri aparılmış, yeni yanğın və su hovuzları, operator otaqları tikilərək istifadəyə verilmişdir. TESİEŞ-nin nəzdində yaradılmış Sənaye  - sanitar laboratoriyası tərəfindən iş yerlərinin attestasiyasının nəticələri analiz edilmiş, zərərli peşələrdə işləyən və kimyəvi amillərlə təmasda olan işçilərə süd verilməsi üçün müvafiq tədbirlər görülmüş, peşə meyilli xəstəliklər araşdırılmış, dövri tibbi müayinələrə nəzarət həyata keçirilmişdir. Sənaye–sanitar laboratoriyası üçün dörd ədəd ölçü aparatı alınmışdır. Bu aparatlar vasitəsi ilə Abşeron MQKS-in beş obyektində zərərli və təhlükəli amillərin müəyyən edilməsi üçün ölçmə işləri həyata keçirilmişdir. Həmçinin il ərzində beynəlxalq standartın tətbiqi sahəsində də mühüm işlər görülmüşdür.  İlin əvvəlindən İdarə aparatının bütün işçi personalı və Abşeron, Ağdam, Siyəzən MQKS-lərdə çalışan işçilərlə maarifləndirmə işləri həyata keçirilmiş və onlar beynəlxalq standartların əhəmiyyəti, müəssisədə tətbiqi barədə geniş məlumatlandırılmışlar. Qİİ - nin 115 nəfər işçisi SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzində İSO 9001, İSO 14001 və OHSAS 18001 Beynəlxalq standartları üzrə maarifləndirmə kursunu müvəffəqiyyətlə bitirmiş və onlara müvafıq sertifikatlar verilmişdir.  İdarə hər üç standart üzrə Fransanın «Bureau Veritas» Serifikatlaşdırma təşkilatı tərəfindən növbəti  üç il üçün yenidən sertifikatlaşdırılmış və ilk dəfə olaraq  İSO 50001 «Enerji idarəetmə sistemi»nin sertifikatına layiq görülmüşdür. İşçilərin peşəkarlıq səviyyəsinin artırılması və tətbiq olunan ISO 50001 Beynəlxalq standartının tətbiqini daha da effektiv həyata keçirmək məqsədi ilə  «Bureau Veritas» şirkətinin türkiyəli mütəxəssisi tərəfindən idarəmizdə ikigünlük maarifləndirmə kursu keçirilmişdir. Sözügedən kursda İdarə üzrə  15 nəfər mütəxəssis iştirak etmişdir.

- "Qaz İxrac" İdarəsinin mütəxəssisləri ötən illər ərzində Avropa qaz bazarında baş verən dəyişikliklər, qiymətlər və tariflərin formalaşması müzakirələrində iştirak ediblər...

-Ötən illərdə  Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının Qaz Mərkəzinin SOCAR ilə əməkdaşlığı çərçivəsində müxtəlif ölkələrdən olan nümayəndə heyətinin və enerji sahəsində tanınmış beynəlxalq analitiklərin iştirakı ilə görüşlər keçirilmişdir. Aktau, Brüssel və Cenevrə şəhərlərindəki görüşlərdə SOCAR rəhbərliyi ilə birlikdə iştirak edən «Qaz İxrac» İdarəsinin mütəxəssisləri Avropa qaz bazarında baş verən dəyişikliklər, qiymətlər və tariflərin formalaşması müzakirələrində iştirak etmiş və Azərbaycanın qaz potensialı və SOCAR-ın fəaliyyəti haqqında təqdimatlar etmişlər. Türkmənistanda keçirilən Qaz Konqresində İdarənin əməkdaşlarının iştirakı və SOCAR-ın qaz siyasəti haqqındakı məruzəsi Konqres iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdir. İran İslam Respublikasına (İİR)  səfərlər isə İİR ilə  mövcud olan Mübadilə Müqaviləsindəki məsələlər, həm də perspektiv əməkdaşlıq çərçivəsində davam etdirilir.

- SOCAR-da insan amili hər zaman prioritet olub. Məhz bu səbəbdən də Şirkət rəhbərliyi üçün işçilərin sosial şəraitinin yaxşılaşdırılması əsasdır. Rəhbərlik etdiyiniz idarədə sosial sahədə nə kimi işlər həyata keçirilir?

-İşçilərin sosial rifahının daha da yaxşılaşdırılması, onların asudə və istirahət vaxtlarının səmərəli təşkil olunması daim diqqət mərkəzində saxlanılır. «Qaz İxrac» İdarəsinin idarəetmə aparatında 60 yerlik yeməkxana fəaliyyət göstərir və işçilər hər gün isti yeməklə təmin olunur. Ötən dövr ərzində Gəncə, Kövər, Göyçay-2, Xızı, Siyəzən, Türkan-2, Qobustan, Pirəküşkül, Şamaxı QPS-lərdə, Azadkənd, Qaramusalı, Çuxuryurd ölçü qovşaqlarında operator otaqları tikilmiş, ərazilər abadlaşdırılaraq işçilər üçün normal iş şəraiti yaradılmışdır. İdarənin Həmkarlar İttifaqı Komitəsi tərəfindən işçilərin istirahətinin səmərəli keçirilməsi məqsədi ilə onların ailə üzvləri ilə birlikdə istirahət zonalarına və müalicəvi sanatoriyalara getmələri üçün yollayışlar verilir. SOCAR tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədi ilə «Qaz İxrac» İdarəsində 25 fevral 2016 – cı il tarixində «Donor Günü» keçirilmiş, idarə aparatının və Abşeron MQKS-in onlarca əməkdaşı  qan vermişdir.

SOCAR- ın rəhbərliyi tərəfindən kollektivimizin üzvlərinin əməyi həmişə yüksək qiymətləndirilir, Fəxri fərmanlar və pul mükafatları ilə mükafatlandırılırlar. Eyni zamanda ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə «Qaz İxrac» İdarəsinin əməkdaşlarından «Əməkdar mühəndis» fəxri adına layiq görülənlər və «Tərəqqi» medalı ilə təltif edilənlər olmuşdur. 2016-cı ildə də neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə idarəmizin işçilərindən bir nəfəri «Əməkdar mühəndis» fəxri adına layiq görülmüş, bir nəfər «Tərəqqi» medalı ilə təltif edilmiş və yeddi nəfərə isə SOCAR-ın Fəxri fərmanları və pul mükafatları verilmişdir.

Bütün bunlar kollektivimizin üzvlərini daha böyük uğurlara nail olmağa və ruh yüksəkliyi ilə işləməyə sövq edir.

Elçin Zaman, «İki sahil»