15 fevral 2016 18:28
262

“Gənclik” Mərkəzində “Nabat” filmi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan kinematoqrafçılarının çəkdiyi “Nabat” filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl Muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev çıxış edərək hər həftə Azərbaycan filmlərinin göstəriləcəyini bildirib. Qeyd edib ki, nazirliyin həyata keçirdiyi bu layihə kinosevərlərə həm uzun illər bundan əvvəl, həm də son illərdə çəkilmiş filmlərlə tanış olmaq imkanı yaradacaq. Bu gün göstərilən “Nabat” filmi son illərdə çəkilib. Film dünyanın onlarla ölkəsində nümayiş etdirilib, 22 festivalda iştirak edib.

İtaliyanın mötəbər Venesiya festivalının (2014) mükafatını qazanıb.

Məlumat verilib ki, xalqımızın ən ağrılı problemi olan Qarabağ mövzusuna həsr edilən filmin yaradıcıları Elçin Musaoğlu, Əbdülrəhim Bəşərat, Elxan Nəbiyev və başqalarıdır. Yaradıcı heyət təsirli ekran əsəri yaratmağa nail olub.

Sonra “Nabat” filmi nümayiş etdirilib.