31 iyul 2020 13:46
304

856 vətəndaş online qurbanlıq qoyun alıb

31 iyul-1 avqust tarixlərində Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən qurbanlıq qoyunların onlayn satışı çərçivəsində 856 vətəndaş tərəfindən 1047 baş qurbanlıq qoyun sifariş edilib.

Bu barədə ASC-nin mətbuat katibi Mayis Musayev bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində 9, Sumqayıt şəhərində isə 1 satış məntəqəsi təşkil olunub.

"Onlayn satışın təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda yarana biləcək süni qiymət artımının, həmçinin mövcud karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısını almaqdır", - M.  Musayev qeyd edib.

M. Musayev əlavə edib ki, vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş zamanı ödəyiblər. Məbləğin qalan hissəsinin ödənişi isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman həyata keçirilir. Vətəndaşlara qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada təqdim olunub. Qurbanlığın dəyəri hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödənilir

Qeyd edək ki, qurbanlıq qoyunların kəsimi islami və sanitar-gigiyenik qaydalara tam əməl olunmaqla rəsmi icazəsi olan kəsimxanalarda həyata keçirilir.