23 oktyabr 2017 21:35
977

Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının müzakirəsi keçirilib

Oktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış yazıçı-publisist Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının ədəbiyyatşünas alim və tədqiqatçıların iştirakı ilə müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Atabəy Eldəniz” əsəri müəllifin yeddinci tarixi romanıdır. Kitaba “Ön söz”ü AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov yazıblar.

Yazıçı bu əsərdə Azərbaycan tarixində mühüm yer tutmuş daha bir görkəmli dövlət xadiminin romanını yaradır və Azərbaycan Atabəyliyini dövlət səviyyəsinə qaldıran ilk Atabəy Şəmsəddin Eldənizin həyat və fəaliyyətinə işıq salır.

Tədbirdə çıxış edən akademik İ.Həbibbəyli bildirib ki, son onillikdə Y.Oğuz yeni dövrün müasir tarixi romançısı kimi ad qazanıb. Y.Oğuz "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur - Zirvəyə doğru", "Əmir Teymur - Dünyanın hakimi", "Şah arvadı və cadugər", "Sultan Arp Aslan" və s. romanlarında Azərbaycanın və türk dünyası tarixinin müxtəlif dövrlərini əhatəli təsvir etməklə müasirlərimizin milli gen yaddaşının oyanışına və dövlətçilik təfəkkürünün qüvvətlənməsinə məsuliyyətlə və şərəflə xidmət göstərir. Yazıçının romanlarındakı milli dövlətçilik ideyası və azərbaycançılıq ruhu tarixi mövzuların müasir dövrlə, yeni tarixi epoxa ilə üzvü surətdə əlaqələndirilməsinə geniş imkan yaradır. Onun hər romanı ümumtürk tarixinin və Azərbaycan gerçəkliyinin böyük bir epoxasının mahiyyətinin açılmasına, dövlətçilik ənənələrimizin reallıqlarının diqqət mərkəzinə çəkilməsinə işıq salır. Y.Oğuzun növbəti "Atabəy Eldəniz" romanı onun yaradıcılığında tarixi roman janrının davamlı inkişaf proseslərində olduğunu göstərir. Əsərdə Azərbaycan Atabəyləri dövlətinin (1136-1225) yaranması, fəaliyyəti, bu dövlətin qurucularının hünər və qəhrəmanlığı bütün tarixi miqyası və ictimai-siyasi qüdrəti ilə əksini tapıb. Azərbaycan anlayışının yalnız coğrafi ərazi deyil, mənəvi vətən və torpaq, cəmiyyət və dövlət kimi təşəkkülü, formalaşması, yüksəlməsi roman boyu oxucunun gözü qarşısında canlı lövhələrdə əks olunur.

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Elnarə Qaragözova “Atabəy Eldəniz” romanında tarix və şəxsiyyət amili” mövzusunda məruzə ilə çıxış edib.

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya elmləri doktorları Əlizadə Əsgərli və Lalə Həsənova romanın məziyyətlərindən danışıblar.

Sonda Y.Oğuz çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.