06 dekabr 2017 22:46
4525

Qış mövsümünün sevilən yeməyi - Əsl xaşın bişirmə qaydası

Bu dəfə ATV.az oxucularına nökər yeməyi adlanan xaş haqqında məlumat verəcəyik. Niyə? Çünki artıq bu yeməyin fəsil olaraq vaxtı gəlib çatıb.

Xaş ya Kəllə paça – Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biridir.Xüsusilə də kişilərin sevimli yeməyi hesab olunan xaşın hazırlanması üçün malın ayaqlarını oda tutaraq tükdən təmizləmək, bir neçə dəfə yumaq, oynaqlar üzrə 2-4 yerə bölmək lazımdır.Daha sonra bunlar minalanmış qazanın içinə qoyulur və üstünə su əlavə edilir. Kəfi yığmaq, su qaynayanda onu boşaltmaq, bir daha ayaqları yumaq və təmiz suyun içinə salmaq lazımdır.Su 15-20 sm ayaqları örtməlidir. Su bərk qaynamamalıdır. Vaxtaşırı kəfi yığmaq mütləqdir.

Kəfin yaxşı yığılması üçün bir baş soğan və suyun şəffaf olması üçün bir kök əlavə edə bilərsiz. Soğan və kökü bişmə prosesinin yarısından götürmək lazımdır. Sona yaxın duz, iri istiot və dəfnə yarpağı əlavə edin. Ayaqlar o həddə qədər bişirilir ki, əti sümükdən ayrılsın. Xaş gecədən səhərə kimi bişirilir (22.00-dən 6.00-dək). Suyun miqdarı iki dəfə azalır. Ət sümükdən ayrılarkən, onun şorbası yağlı qızılı rəngdə olmalıdır.

Xaşı sirkənin içində sarımsaqla, nar turşusu, şoraba, göyərti ilə yeyirlər.

Həkimlər xaşı sınıqda tövsiyə edirlər. Çünki onun tərkibindəki maddələr sümüklərin möhkəmlənməsinə səbəb olur.

Xaş adətən səhər yeyilir.Bəs görəsən buna səbəb nədir?Mütəxəssislərin sözlərinə görə, xaş kalorili yeməklərdən hesab olunur. Və səhər də bütün gün ərzində həzm olunsun deyə yeyilir. Xaşı yedikdən sonra gün ərzində aktiv həyat tərzi keçirmək məsləhət görülür.