17 fevral 2020 13:30
919

ABŞ-ın yeni vitse-prezidenti Klinton olacaq?

ABŞ-ın sabiq dövlət katibi və keçmiş birinci xanım Hillari Klinton vitse-prezidentliyə namizəd ola bilər.

Publika.az xəbər verir ki, bu barədə “Kommersant” informasiya yayıb.

Məlumata görə, Klinton Maykl Blumberq ilə tandemdə seçkilərə qatıla bilər. “Drudge Report”un mənbələrinə görə, anketlər belə bir tandemin noyabrdakı prezident seçkilərində qalib gəlmək üçün şansı olduğunu göstərir.

Maykl Blumberqin seçki qərargahındakı ictimaiyyətlə əlaqələr şöbəsi iddianı nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, Hillari Klinton 2016-cı ildə Donald Trampın əsas rəqibi olmuşdu. Bu zaman Blumberq Klintona dəstəyini nümayiş etdirərək xalqı beynəlxalq təcrübəyə sahib olan bacarıqlı insan seçməyə çağırmışdı.

Erkən ümumxalq səsvermələrinə görə, 14,2% səsi olan Maykl Blumberq namizədlər arasında populyarlıq baxımından üçüncü yerdədir. Yarışın lideri Berni Sanders 23,6% ilə reytinqi 19,2% olan Co Baydeni geridə qoyur.

Hazırda ABŞ-ın vitse-prezidenti vəzifəsini Mayk Pens icra edir.