20 noyabr 2026 11:33
98

Ağdam – Azərbaycan Zəfərinin siyasi və tarixi təcəssümü

20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının yaddaşında xüsusi yeri olan, milli iradəmizin, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpasının təcəssümünə çevrilmiş əlamətdar tarixdir. Bu gün 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin siyasi nəticəsi olaraq Ağdamın işğaldan azad edilməsinin, doğma torpaqlarımızda həyatın yenidən canlandırılması istiqamətində başlanan böyük quruculuq prosesinin rəmzidir.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Ağdam Azərbaycan tarixində və mədəniyyətində özünəməxsus yeri olan qədim şəhərlərimizdəndir: “Qarabağın mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri kimi tanınan bu şəhər zəngin tarixi, özünəməxsus memarlıq ənənələri, elm və mədəniyyət xadimləri, zəhmətkeş insanları ilə ölkəmizin ictimai həyatında mühüm rol oynayıb. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam uzun illər ərzində misli görünməmiş dağıntılara məruz qaldı. Bir zamanlar abad küçələri, yaşayış evləri, məktəbləri, mədəniyyət ocaqları və tarixi abidələri ilə seçilən şəhər xarabalığa çevrildi. İşğal nəticəsində yüz minlərlə insan öz doğma yurd-yuvasından didərgin düşdü, Ağdamın tarixi-mədəni irsinə ağır zərbə vuruldu. Şəhərin məruz qaldığı dağıntıların miqyası onun beynəlxalq səviyyədə “Qafqazın Xirosiması” adlandırılmasına səbəb oldu. Lakin bütün bu illər ərzində Ağdam sakinləri doğma torpaqlarına qayıtmaq ümidini itirmədilər. Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmadı. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, möhtərəm Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti gücləndirildi, torpaqlarımızın azad olunması üçün zəruri potensial formalaşdırıldı”.

Deputat bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın çoxəsrlik tarixində yeni bir mərhələnin əsasını qoydu: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, həmin il noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Ağdamın azad olunması digər ərazilərimizin azad edilməsindən fərqli xüsusiyyəti ilə də seçilir. Şəhər bir güllə belə atılmadan, hərbi əməliyyat aparılmadan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və uğurlu diplomatik strategiyası nəticəsində Azərbaycana qaytarıldı. Vətən müharibəsində Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi qələbə, Müzəffər Ali Baş Komandanın prinsipial mövqeyi və diplomatik məharəti Ermənistanı işğal altında saxladığı əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, Ağdam uzun illər davam edən işğaldan azad edildi. Bu hadisə hərbi Zəfərimizin siyasi-diplomatik müstəvidə təsdiqlənmiş mühüm nəticələrindən biri oldu. Ağdamın azad olunması ilə bağlı ən qürurverici məqamlardan biri də 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyevin şəhərə səfər edərək burada Azərbaycan Bayrağını ucaltması oldu. Bu hadisə dövlətimizin suverenliyinin, xalqımızın sarsılmaz iradəsinin və tarixi torpaqlarımıza sahiblik hüququnun parlaq ifadəsi idi. Prezidentin həmin səfəri zamanı səsləndirdiyi fikirlər Ağdamın gələcəyinə dair dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Bundan başqa, dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 20 Noyabrın Ağdam Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin milli yaddaşımızda əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

S.Salmanova vurğulayıb ki, bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi imkanlarının, siyasi iradəsinin və yaradıcı potensialının əyani göstəricisidir: “Şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan əsasında Ağdam müasir şəhərsalma prinsipləri, innovativ yanaşmalar və müasir infrastruktr əsasında yenidən qurulur. Burada yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, ictimai məkanlar, parklar, yollar, mühəndis-kommunikasiya sistemləri yaradılır. Ağdamın iqtisadi potensialının bərpası da diqqət mərkəzindədir. Ağdam Sənaye Parkının fəaliyyəti, yeni istehsal müəssisələrinin yaradılması, nəqliyyat və logistika infrastrukturunun inkişafı şəhərin gələcək iqtisadi inkişafına mühüm töhfə verir. Bərdə-Ağdam avtomobil yolu və dəmir yolu xəttinin inkişafı, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin yaradılması şəhərin nəqliyyat imkanlarını genişləndirir. Bütün bunlar Ağdamın yalnız yaşayış məntəqəsi kimi deyil, Qarabağın mühüm iqtisadi mərkəzlərindən biri kimi formalaşmasına xidmət edir. Eyni zamanda, şəhərin tarixi-mədəni irsinin qorunması və bərpası xüsusi əhəmiyyət daşıyır. Ağdam Cümə məscidinin, Pənahəli xanın İmarət Kompleksinin və digər tarixi abidələrin bərpası xalqımızın keçmişinə, milli-mənəvi dəyərlərinə ehtiramın ifadəsidir. İşğal dövründə dağıdılmış mədəni irsimizin yenidən həyata qaytarılması həm də tarixi yaddaşımızın qorunması deməkdir. Bütün bu proseslərin mərkəzində isə Böyük Qayıdış dayanır. İllərlə doğma yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtması dövlətimizin qarşıya qoyduğu ən mühüm vəzifələrdəndir. Ağdama keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması bu istiqamətdə mühüm mərhələ oldu. Doğma torpağa qayıdan ailələr üçün yaşayış şəraitinin yaradılması, sosial infrastrukturun qurulması, məşğulluq imkanlarının genişləndirilməsi Böyük Qayıdışın əsas istiqamətlərini təşkil edir. Ağdamın dirçəlişi Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində həyata keçirilən bərpa və quruculuq siyasətinin ayrılmaz hissəsidir. Bu siyasət möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və sistemli şəkildə həyata keçirilir. Bir vaxtlar düşmən tərəfindən viran qoyulmuş ərazilərdə bu gün müasir şəhərlər, kəndlər, yollar, məktəblər, xəstəxanalar və istehsal müəssisələri inşa edilir. Azərbaycan xalqı öz gücü, iradəsi və zəhməti ilə dağıdılmış yurdları yenidən qurur. Ağdamın timsalında biz bir daha görürük ki, Azərbaycan yalnız torpaqlarını azad etməklə kifayətlənmir, həmin ərazilərdə həyatın bütün sahələrini yenidən canlandırır. Bu, qalib dövlətin quruculuq strategiyası, milli həmrəyliyin və gələcəyə inamın təntənəsidir”.