03 dekabr 2019 11:07
854

Ağdaşlıların YAP-a inamı çox güclüdür

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Ağdaş rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Dekabrın 3-də rayonun Kükəl kəndində seçicilərlə görüş keçirilib.

Görüşü  Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının aparat rəhbəri İsa Eminov açaraq qarşıdan gələn bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar indiyə qədər görülmüş işlərdən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışıb. Son illərdə ölkəmizdə, eləcə də Ağdaşda gedən sürətli tikinti-quruculuq işlərindən bəhs edən İsa Eminov həyata keçirilən irimiqyaslı layihələrin məhz Yeni Azəbaycan Partiyasının və onun Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin adıyla bağlı olduğunu və bütün bunların hər bir vətəndaşın gözü qabağında baş verdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi “Xalq üçün” devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını bildirərək seçiciləri Yeni Azərbaycan Partiyasının seçki proqramı ilə tanış edib.

Çıxış edən təbliğat qrupunun üzvü Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva  bildirib ki, Ağdaş rayonunda rayon sakinlərinin Yeni Azərbaycan Partiyasına, Partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə inamı çox güclüdür: “Ağdaşlılar bu inamı keçirilən bütün seçkilərdə nümayiş etdiriblər. Zəngin seçki təcrübəsinə malik olan rayonumuzda bütün seçki proseslərində hər zaman yüksək seçici fəallığı nümayiş olunubdur. Əminliklə deyə bilərik ki, bələdiyyə seçkiləri də rayonumuzda uğurla keçəcək, seçicilərimiz Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük dəstək olacaq və onlara səs verəcəklər. Hər zaman yüksək seçki mədəniyyəti nümayiş etdirən Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərindən də qələbə ilə çıxacaq.”

Yeni Azərbaycan Partiyası tərəfindən Kükəl bələdiyyəsinin üzvlüyünə namizədlər adından çıxış edən İttifaq Şərifov onlara partiya tərəfindən göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib, bu etimadı öz əməli işləri ilə doğruldacaqlarını bəyan edib.

Orxan Vahidoğlu, “İki sahil”