13 yanvar 2020 16:35
480

Ali Radanın deputatı: Azərbaycanla Ukrayna arasında...

“Ukraynada istər sıravi insanlar arasında, istərsə də hakimyyətdə Azərbaycan və azərbaycanlılar ilə bağlı yüksək fikirlər var. Azərbaycan bizi daim bir tərəfdaş, dost ölkə kimi maraqlandırır. Hesab edirəm ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ötən ilin sonunda Azərbaycana səfərinin doğurduğu əks-səda buna sübutdur”. 

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının (parlament) hakim partiyadan deputatı Dmitriy Razumkov bildirib. 

O qeyd edib ki, Azərbaycan və Ukrayna arasında mükəmməl siyasi və iqtisadi əlaqələr var: “Bu da yeni layihələrin birgə həyata keçirilməsinə, ticarət dövriyyəsinin qaldırılmasına zəmin yaradır. Bu gün Azərbaycanın SOCAR şirkətinin Ukraynada geniş fəaliyyəti var. Bunu bir qədər də genişləndirib yanaşı sferaları əhatə etmək olar. Bizdə enerjiyə tələbat proqressivdir. Hesab edirəm ki, SOCAR-ın fəaliyyəti bu mənada daha cəlbedicidir”. 

Deputat qeyd edib ki, iki ölkə və iki xalq arasında münasibətlərin daha yaxın olması tarixi amillərlə yanaşı, müasir dövrdə oxşar problemlərlə də üzləşmələri ilə bağlıdır: “Bu gün Ukrayna kimi Azərbaycanın da ərazisi artıq 30 ilə yaxındır pozulub. Biz beynəlxalq müstəvidə bu məsələdə birgə kontekstdən çıxış edə bilərik”, - deputat vurğulayıb.