24 sentyabr 2019 12:02
653

Alman cinayətkarlar diplomatik pasportlardan istifadə edirlər

AFR ilə Qvineya-Bisau arasında diplomatik qalmaqalın vaxtı yaxınlaşır. Bu, Afrika ölkəsinin xarici siyasət idarəsi tərəfindən buraxılan və istifadə olunan diplomatik pasportların Almaniya vətəndaşları arasında satışı ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, ölkənin yol hərəkəti qaydaları, parklama və s. ilə bağlı müxtəlif qanun pozuntusu törədən bir neçə vətəndaşı son bir neçə il ərzində Almaniya polisi tərəfindən şəxsiyyətin müəyyənləşdirilməsi məqsədi ilə saxlanılıb.

Bu barədə brifinqdə Almaniyanın diplomatik qurumunun rəsmi nümayəndəsi məlumat verib. Maraqlıdır ki, qayda pozucuları polisə Qvineya-Bisaunun diplomatik pasportlarını təqdim ediblər. Lakin onların adları AFR XİN-ə akkreditə olunmuş xarici diplomatların arasında olmayıb. O da maraq doğurur ki, onlardan heç biri bu ölkədə rəsmi dil olan portuqal dilini bilməyib.

Afrika ölkəsinin izahat vermək üçün XİN-ə çağırılan səfiri bəyan edib ki, onun konsul xidmətinin bu pasportlara heç bir aidiyyəti yoxdur və onlar həqiqətən də bu ölkənin paytaxtı Bisau şəhərindəki xarici siyasət qurumu tərəfindən verilir. Bununla yanaşı, pasportlar saxta olmayıb.

Bu günlərdə Frankfurt beynəlxalq aeroportunda ölkəyə gələn alman qadın saxlanılarkən, gömrükçülər onun baqajında almaniyalıların adına yazılan Qvineya-Bisaunun onlarca diplomatik pasportunu aşkar ediblər. Yenidən XİN-ə çağırılan Afrika ölkəsinin səfiri Berlindən müsadirə olunan pasportları qaytarmağı tələb edib. Çünki bu pasportlar əsl olduğundan həmin dövlətin mülkiyyəti hesab edilir.

Bildirilir ki, adına diplomatik pasportlar yazılan şəxslər arasında cinayətkar keçmişi olan, o cümlədən narkotrafikdə ifşa edilən vətəndaşlar olub.

XİN nümayəndəsi, həmçinin BMT-nin məruzəsinə istinadla xəbər verir ki, Qvineya-Bisau Cənubi Amerikadan Avropa İttifaqı ölkələrinə narkotik daşınmasında tranzit məntəqədir.

Qeyd edək ki, Böyük Britaniyanın vergi xidməti ilə ciddi problemləri olan məşhur tennisçi Boris Beykerdə bu yaxınlarda Mərkəzi Afrika Respublikasının diplomatik pasportu aşkarlanıb.