06 sentyabr 2019 15:49
138

Almaniya Kansleri Çində səfərdədir

Almaniya Kansleri Angela Merkelin sentyabrın 6-da Çinə rəsmi səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, Çin Dövlət Şurasının sədri (Baş Nazir) Li Keçyanın dəvəti ilə baş tutan səfərin ilk günü Angela Merkelin rəsmi qarşılanma mərasimi olub. Kansler son vaxtlar səhhətində yaranan problemlər səbəbindən rəsmi qarşılanma mərasimində fəxri qarovulun keçidini oturmuş vəziyyətdə izləyib.

Almaniya hökumətinin başçısı kimi Çinə 12-ci dəfə səfərə gələn Angela Merkelin Çin rəsmiləri ilə əsasən ikitərəfli iqtisadi-ticari əlaqələrin inkişafını, habelə beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.

Mütəxəssislər hesab edirlər ki, ABŞ ilə Çin arasında davam edən ticarət mübahisələri fonunda Almaniyanın Çinin xarici ticarətində yarana biləcək boşluğu doldurmaq cəhdləri anlaşılandır. Çin ardıcıl olaraq üçüncü ildir ki, Almaniyanın ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 225 milyard dollar təşkil edib. Almaniya həm də Çinin Avropada ən böyük ticarət tərəfdaşıdır.

Almaniyanın zəifləyən iqtisadi inkişafı, ticarət protektonizmi və "Brexit" məsələsi ilə bağlı qeyri-müəyyənlik fonunda Çin sərmayələri Almaniya iqtisadiyyatının, ümumilikdə isə Avropa iqtisadiyyatının dirçəlməsi üçün təkanverici qüvvə rolunu oynaya bilər. Bundan başqa, Almaniyanın da Çin iqtisadiyyatında iri sərmayələri var. Çin Kommersiya Nazirliyinin məlumatına əsasən, cari ilin 7 ayında Almaniyanın Çinə yatırdığı sərmayə ötən ilin eyni dövrü ilə müqayisədə 62 faiz, Çinin Almaniyaya yönələn sərmayəsi isə 27,6 faiz çoxalıb. İl ərzində iki ölkə arasında ticarət dövriyyəsində 2,4 faizlik artım müşahidə olunub.