13 yanvar 2020 13:34
1152

And yerimiz, qürur ünvanımız - Gəncənin Şəhidlər Xiyabanı

Vətən anlayışı elə bir ali dəyərdir ki, insan onun uğrunda vuruşa, hər cür fədakarlıq göstərə və son anda öz canından keçə bilir. Vətən uğrunda ölmək, şəhadətə yüksəlmək ölümlərin ən şərəflisidir. Təsadüfi deyil ki, Vətənin toxunulmazlığı, onun azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canından keçən hər bir şəhidin xatirəsi xalq tərəfindən əziz tutulur, onların ruhu böyük hörmət və ehtiramla anılır. Həm müstəqilliyə gedən yolda, həm də müstəqilliyinin ilk illərində böyük faciələr yaşayan Azərbaycan xalqının indi hər guşəsində Vətəni uğrunda böyük qəhrəmanlıq göstərmiş minlərlə oğul və qızlarının uyuduğu müqəddəs məkan – Şəhidlər xiyabanları var. Düz 30 ildir ki, hər bir azərbaycanlının and yerinə, qürur ünvanına çevrilmiş bu müqəddəs məkanlarda uyuyan şəhidlərin rəşadət və qəhrəmanlığına görə müstəqil Azərbaycan yaşayır, illər ötdükcə isə onun müstəqilliyi daha da dönməz və sarsılmaz olur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər bir gəncəlinin and yerinə, qürur ünvanına çevrilmiş Gəncədəki Şəhidlər Xiyabanının salınmasından 30 il ötür.

Hazırda bu qədim yurddakı Şəhidlər Xiyabanında 376 şəhidin, həmçinin 5 nəfər Azərbaycanın Milli Qəhrəmanının (Ənvər Arazov, Elbrus Allahverdiyev, Şahlar Hüseynov, İqor Makeyev, Pərviz Səmədov) və Gəncənin ilk qadın şəhidi Sevda Cabbarovanın məzarları var. Məzarlardan 49-u isə naməlumdur.

Gəncənin Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək üçün 2013-cü il yanvarın 20-də əbədi məşəl abidəsi ucaldılıb. Abidənin hündürlüyü 21 metrdir.

Həmin acı günləri və Şəhidlər Xiyabanının yaranmasını Gəncənin ilk şəhidlərindən olan Rüzigar Qasımovun qardaşı, qocaman jurnalist Füzuli Rüzigar belə xatırlayır:

“1990-cı ilə yenicə qədəm qoymuşduq. Çaykənd, Azad və Kamo kəndlərindən bir-birinin ardınca həyəcanlı xəbərlər gəlirdi. Hacıkənd-Göygöl yolu demək olar ki, kəsilmişdi. Əsasən Çaykənddə məskən salmış erməni dəstələri Azərbaycan kəndlərinə hücumlar edir, tamamilə silahlanmış dığalar pusqular düzəldir, yoldan ötənlərə basqınlar edir, qonşu kəndlərə atəş açırdılar. Bir həftə içində onlarla azərbaycanlı müxtəlif odlu silahlardan yara almış, beş-altı ev yandırılmış, keçmiş Şaumyan (kənd) Rayon Partiya Komitəsinin ikinci katibi A.Camalov, bir nəfər avtobus sürücüsü, xeyli qadın-uşaq və işıq xəttini düzəltmək üçün köməyə gedən Gəncə Elektrik Şəbəkəsinin 7 mütəxəssisi girov götürülmüşdü. Bununla belə, hər gün nişansız vertolyotlar Ermənistandan dığalar üçün müxtəlif silah, partlayıcı maddələr daşıyırdı.

Belə bir gərgin vaxtda Gəncəbasarda könüllülərdən ibarət bir neçə dəstə yaranmışdı. “Boz qurd”, “Oğuz”, “Qatır Məmməd”... “Boz qurd”a leytenant Rüzigar Qasımov başçılıq edirdi. Onlar 12 nəfər idilər. Rüzigar və yoldaşları əsasən Nüvədi və Todan kəndlərinin sakinlərini tamamilə silahlanmış erməni dəstələrindən müdafiə edirdilər. Yanvarın 12-si idi. Axşamüstü acı xəbər ailəmizi və bütün Gəncəni sarsıtdı. Rüzigar Qasımov, Abbasqulu Məmmədov, Bəxtiyar Əliyev qəhrəmancasına həlak olmuşdular. Bir müddət nə qardaşımın, nə də yoldaşlarının meyitlərini tapa bilmədilər. Müdhiş və intizarlı bir gün bir il kimi ağır keçdi. Nəhayət, onların nəşini çətinliklə tapıb od içindən çıxardılar...”

1990-cı il yanvarın 14-də Gəncənin küçələri insan seli ilə təlatümə gəlir. Üç nakamın tabutu əllər üzərində Gəncənin küçə, məhəllə və meydanlarını gəzir, yollara sığmayan insan axını Vətən torpağı uğrunda şəhid olanları - Rüzigar Qasımovu, Abbasqulu Məmmədovu, Bəxtiyar Əliyevi son mənzilə yola salır.

Elə həmin gün, yəni yanvarın 14-də insan seli məzarlıqdan qayıtmamış Gəncəyə yara üstündən yeni bir yara dəyir. Ermənilər Hacıkənddə vertolyot atəşindən öz döyüş dostu ilə birgə 28 yaşlı gənc, Neman Vəliyevi də qətlə yetirir.

Səhərisi Todanda daha bir oğul – çoban Bayramın ömrü qırılır. Sonra kolxoz sədri Əliqara Hüseynov və sürücü Ələkbər Hüseynov... Sonra Nadir Bağırov və Yusif Kosayev, sonra... Beləcə, neçə-neçə şəhid məzarı Gəncəbasar elinə göz dağı olur. Bəli, bunlar Gəncənin ilk mübarizləri, ilk şəhidləri idi. Qanlı 20 Yanvara isə hələ neçə gün qalırdı.

Bu anları yenidən xatırlaya-xatırlaya şəhid məzarları önündən keçib, Xiyabanda dəfn olunan sonuncu şəhid - Aprel şəhidi İnqilab Quliyevin məzarına çatırıq. “Kaş ki, bu məzar Azərbaycanın bundan sonra sonuncu şəhid məzarı olaydı”, - deyib, əbədi sükutun hakim olduğu and və qürur ünvanımızı tərk edirik.