11 sentyabr 2019 10:24
780

Aqrar subsidiyaların yeni mexanizmi nəyi dəyişəcək?

Bu gün Azərbaycanda qeyri-neft sektorunun, xüsusən də onun vacib tərkib hissələrindən biri sayılan aqrar sektorun inkişafı diqqət mərkəzindədir. Son illər ərzində bu sahədə görülən tədbirlər nəticəsində əhəmiyyətli dəyişikliklərə nail olunub. İlk növbədə həm ərzaq təhlükəsizliyinin daha etibarlı təminatı, həm də aqrar sektorun ixracı baxımından bu sahəyə diqqət getdikcə artır.

Ekspertlər də qeyd edirlər ki, aqrar sektorun inkişafı Azərbaycan üçün ən prioritet istiqamətlərdən biri hesab olunur. Bu sahənin ölkə ixracatının strukturunda payı isə görülən işlər sayəsində əhəmiyyətli dərəcədə artır. Belə ki, ölkəmizdə qeyri-neft ixracatının 70 faizi aqrar sektorda istehsal olunan məhsullardır. Amma hökumət bu sahədə daha mühüm nailiyyətlər əldə etmək niyyətindədir.

Xəbər verildiyi kimi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə subsidiyaların vahid mexanizm vasitəsilə çatdırılması istiqamətində işlər aparılır. Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, 2020-ci ildən yeni subsidiya mexanizmi həyata keçiriləcək.

Belə ki, cari il iyunun 27-də Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzalayıb. Sənəd subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.

Yeni subsidiya mexanizmi elektron idarəetmədir. İndiyə kimi, subsidiyanın verilməsi üçpilləli şəkildə həyata keçirilirdi. Ümumiyyətlə, Azərbaycanda subsidiya proqramı 2007-ci ildən həyata keçirilir. Kənd təsərrüfatının stimullaşdırılmasında subsidiya bir alət kimi mühum rol oynayıb. Son illər keyfiyyət göstəricisində subsidiyanın ciddi təsiri qeydə alınıb.

Yeni subsidiya qaydalarının əsas strateji hədəfi bitkiçilik və heyvandarlıq sahəsi üzrə keyfiyyət göstəricilərinin daha da yüksəldilməsidir. Bu səbəbdən də məlum proqramın idarə olunması çox vacibdir. Subsidiya proqramına daxil olan 400 minə yaxın fermerin bütün təsərrüfat məlumatı elektron sistemə işlənib. İndiyə qədər fermerlərin özləri subsidiyanın həcmini təyin edirdilər. Ancaq yeni qanuna əsasən, elektron sistemdə fermerin təsərrüfat göstəricilərinə baxılaraq ona subsidiya məbləği təyin olunacaq.

Həmçinin əvvəllər fermerlər subsidiya məbləğinin 100 faizini nağdlaşdıra bilirdilər, hətta bəzən ünvanlı şəkildə  istifadə olunurdu. Ancaq yeni Fərmana əsasən, fermerlər subsidiyanın 25 faizini nağdlaşdırmalı, 75 faizini isə kənd təsərrüfatı xidmətlərinə istiqamətləndirməlidir. Bu xidmət elektron sistemdə görünəcək.

Yeni subsidiya qaydaları istehsalçılara təklif edir ki, korporasiyalar yaratmaq vacibdir. Korporasiyalaşmanın yeni subsidiya prizmasında üstünlüyü ondan ibarətdir ki, mövsümi qiymət təlatümlərini aradan qaldırmaq mümkün olacaq. Bununla da istehsal planlaşdırılacaq. Liberal bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq istehsalçılara məhsulların əlçatanlığı təmin ediləcək. Bununla yanaşı, ixtisaslaşma müəyyən olunacaq. Həmçinin yeni subsidiya qaydalarında məhsulun hansı rayonda əkilməsi təyin ediləcək. Yəni regionların iqlim şəraiti və torpağı nəzərə alınaraq əkinin hansı rayonda əkilib-əkilməyəcəyi qeyd olunacaq.

Cavid Əkbərov,

“İki sahil”