12 dekabr 2019 20:00
939

AXCP siyasi intihara gedən yolun sonuna yaxınlaşır

Ölkə başçısının 2018-ci ilin 11 aprel seçkilərindən sonrakı andiçmə mərasimində anonsunu verdiyi yeni ideyalara, mütərəqqi addımlara, milli məqsədlərə söykənən yeniləşmə  və modernləşmə prosesi getdikcə sürətlənir. İnkişafın yeni mərhələsinə keçid üçün daha optimal şərait yaradan, müasir çağırışlara adekvat olan, ictimai-siyasi həyatımızın bütün sahələrini əhatə edən islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

İdarəetmənin çevikliyini, səmərəliliyini artırmağa hədəflənmiş kadr və struktur islahatları, məhkəmə sistemindəki islahatların genişlənməsi, intensiv xarakter alması fonunda qanunverici hakmiyyət sahəsində də islahatların həyata keçirilməsini zəruri edirdi. Bu zərurət ölkədə uğurla reallaşdırılan islahatların ahəngdarlığının, dinamikliyinin təmin olunmasından irəli gəlir.

Bu, həm də sosial sifariş idi. Artıq cəmiyyətimiz də qanunverici hakmiyyət sahəsində yeniləşməyə, parlamentin öz fəaliyyətini yeni tələblərə, ölkədə başladılan sistemli, genişmiqyaslı islahatlar konsepsiyasına uyğun tənzimləməsinə çağırışlar edirdi. İctimaiyyətin yekdil fikri belə idi ki, Milli Məclis  yeniləşmə prosesindən kənarda qalmamalıdır. Məhz buna görə də ölkənin siyasi palitrasında daim yeniliklərə açıq olan Yeni Azərbaycan Partiyası parlamentin Azərbaycan Respublikasının Prezidenti  tərəfindən buraxılması və yeni seçkilərin keçirilməsi təşəbbüsünü irəli sürdü.  Prezident İlham Əliyev Milli Məclisin beşinci çağırışının buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Milli Məclisin beşinci çağırışı buraxıldı, növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edildi.

Respublikamızda növbədənkənar seçki prosesinə start verilib. Seçki dairələri üzrə namizədlərin irəli sürülməsi prosesi başlayıb.  Artıq  siyasi partiyalar, bütövlükdə  seçkilərdə iştirak etmək istəyənlər ölkədəki azad siyasi rəqabət mühitinin yaratdığı əlverişli şəraitdən istifadə edərək fəal şəkildə prosesə qoşulub hazırlıq işləri görür, öz elektoratını səfərbər edərək təşkilatlanmanı gücləndirir, namizədlərinin siyahısını açıqlayırlar.

Ölkənin siyasi palitrasındakı müxalifətdə təmsil olunan partiyaların parlament seçkilərində iştirak etmək barədə qərar qəbul etdiyi, bu əhəmiyyətli siyasi kampaniyada iştirak etmək niyyətlərini də reallaşdırmağa çalışdıqları fonunda radikal müxalifət düşərgəsindəki  “Milli Şura” və AXCP isə hələ də növbədənkənar parlament seçkilərini boykot etmək barədə fikirlər səsləndirməkdə davam edirlər. Əslində, sosial dayaqlarını tamamilə itirən, beş-on nəfərin ümidinə qalan AXCP sədri Əli Kərimlinin, onun marionetkası olan “Milli Şura”nın sədri Cəmil Həsənlinin və onların ətrafındakıların boykot çağırışları nəinki siyasi arenada mövcud siyasi partiyalar, hətta radikal düşərgədəki rəqib- “tərəfdarı” Müsavat Partiyası tərəfindən də rədd edildi. AXCP-”Milli Şura” cütlüyünün müxtəlif vaxtlarda ölkədə keçirilən seçkilər zamanı demək olar ki, “ənənə” halını alan, bu gün də yenidən sınaqdan keçirilən “boykot” çağırışının əsl mahiyyəti barədə dərin analizlər aparmağa heç ehtiyac da yoxdur.  Şübhəsiz, radikal düşərgənin naftalin iyi verən sosial şəbəkə “qəhrəmanları” bu addımı bilərəkdən, məqsədli şəkildə atırlar. Çünki ictimai dayaqdan məhrum olan radikalların seçkiyə qatılmaq və oradan qələbə ilə çıxmaq üçün nə eloktoratı, nə də  potensialı və real gücü yoxdur. Seçkilər isə ölkə daxilində siyasi qüvvələrin yarışması, öz potensial və imkanlarını nümayiş etdirmək, məram və məqsədlərini, ideyalarını xalq çatdırmaq üçün ən əlverişli və ideal meydandır. Pozuculuğu, inkarçılığı əsas fəaliyyət prinsipinə çevirən, artıq cəmiyyətdə qeyri-ciddi siyasi təşkilatlar kimi tanınan AXCP və “Milli Şura” “başbilənləri” isə öz güclərinə bələd olduqlarından bu meydana atılmaqdan qorxurlar. Əvvəlki təcrübələr də təsdiq edir ki, bütün hallarda seçkilərə qatılıb sağlam siyasi rəqabət aparmaq seçki kampaniyaından kənarda qalmaq, boykot  yolunu seçmək həmin siyasi qüvvələrin gücsüzlüyünün, çarəsizliyinin nümayişindən və dolayısı ilə etirafından başqa bir şey deyil. Ə.Kərimli-C.Həsənli cütlüyü nə qədər gizlətməyə çalışsalar da bütün bunlar inkarolunmaz həqiqətlərdir.

Əslində bu gün sosial şəbəkələrə diqqət yetirərkən aydın olur ki, Ə.Kərimlinin çox cüzi tərəfdarları, sıravi “cəbhəçilər” belə onun boykot qərarından heç də məmnun deyillər. Onlardan bəziləri hətta sosial mediadakı statuslarında öz “liderlər”ini seçkiləri boykot etməkdə ittiham edirlər. Gerçəkdən də  özünü “ana müxalifət” adlandıran, hakimiyyətə iddialı bir siyasi qüvvə necə ola bilər ki, seçki marafonunda iştirak etməkdən imtina etsin?

Təbii ki, bütün bunlar  Ə.Kərimlinin azsaylı tərəfdarları arasında təfriqələrə, “lidelər”inin mübarizə üsullarına qarşı inamsızlığa, ümidsizliyə, hətta şübhələrə səbəb olur.

Burada digər məqam isə ondan ibarətdir ki, radikal müxalifət təmsilçiləri seçkiləri boykot etmək yolu ilə bəzi beynəlxalq təşkilatların diqqətini çəkmək, eləcə də qrant aldıqları  anti-Azərbaycan dairələrin dəyirmanına su tökərək ölkədəki azad, ədalətli seçki mühitinin imicini korlmaqla öz ağalarının sifarişlərini yerinə yetirmək istəyirlər. Siyasi təhlilçilərin fikrincə, daim boykot siyasəti yürüdən siyasi partiyalar ölkənin siyasi sistemindən özlərini sürətlə çıxdaş edirlər. Bu baxımdan elə pozucu, inkarçı mövqeli Ə.Kərimlinin məsuliyyətsiz qərarları AXCP-nin siyasi intihara gedən yolda sonunu sürətlə yaxınlaşdırır.

Zahid Rza, “İki sahil”