11 yanvar 2021 19:24
3145

Azad edilmiş ərazilərin radiasiya problemləri

Azərbaycan Respublikasında son illər ərzində əldə edilmiş iqtisadi inkişaf ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli və insan həyatının təhlükəsizliyinin təmin edilməsini dövlət siyasətinin prioritet istiqamətlərinə çevirməyə imkan yaratmışdır. Ölkədə əhalinin rifahının və həyat təhlükəsizliyinin yüksəldilməsi və sağlamlığının qorunması üçün irimiqyaslı dövlət proqramları həyata keçirilmişdir.Lakin xalq-iqtidar birliyinin, müzəffər ordunun və uzaqgörən dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti sayəsində azad edilmiş Qarabağ ərazisində radiasiya problemləri həllini gözləyir.

"İki sahil" bu problemlə bağlı AMEA-nın müxbir üzvü Çingiz Əliyevin mülahizələrini təqdim edir.

30 il müddətində Ermənistanın Azərbaycan torpaqlarını təcavüzdə saxlaması nəticəsində işğal olunmuş ərazilərdə müxtəlif texnogen fəaliyyət və döyüş əməliyyatlarının aparılması ətraf mühitə ciddi ziyan vurmuşdur.Ermənistanın işğalı altında olan ərazilərdə vahid ekosistemin dağılma prosesinin getməsi və bu prosesin illər ərzində beynəlxalq ekoloji təşkilatların nəzarətindən kənarda qalması bölgədə, həmçinin böyük radioekoloji fəlakətin başlanğıcını qoymuşdur. Müharibə təkcə insanlar üçün deyil, həm də təbiət üçün öldürücü bir amildir. Müharibələrin ətraf mühitə təsiri insanın təbiətə təsirinin ən güclü və çirkin formasıdır. İstənilən müharibənin ekoloji fəsadlarının aradan qaldırılması üçün uzun illər tələb olunur. Müharibənin ən acı nəticələri dağıntılar və insan ölümləridirsə, bölgədə radioekoloji vəziyyətin  pisləşməsi ilə əlaqədar yarana biləcək fəsadları bununla müqayisədə daha dəhşətli olan "tədrici ölüm" adlandırmaq olar.

Qeyd etmək lazımdır ki, indiyə qədər “Metsamor” AES-dən çıxarılan radioaktiv tullantıların işğal altında olan Azərbaycan ərazilərində basdırılması və həmin ərazilər vasitəsilə daşınması barədə çoxsaylı məlumatlar yayılıb. Məlumatlara görə, həmin tullantılar əsasən Ağdərə, Kəlbəcər və Laçın rayonlarında basdırılır. Ekspertlər qeyd ediblər ki, həmin ərazilərdə radiasiyanın şiddətli dərəcədə artması da qeyd edilənlərin təsdiqidir. Bu isə təkcə Azərbaycan üçün yox, bütün region üçün çox böyük təhlükə mənbəyidir.

Bundan başqa, müharibə əməliyyatları zamanı bir sıra silahların hazırlanmasında istifadə olunan radioaktiv və yüksək toksikliyə malik bəsitləşdirilmiş uran radioekoloji vəziyyəti pisləşdirən digər əsas mənbələrdən biridir. Ekspertlərin rəyinə görə, müharibə zamanı bəsitləşdirilmiş uran torpağın radioaktiv çirklənməsinə gətirib çıxarır ki, bu da gələcəkdə yerli əhali arasında bədxassəli törəmələr və müxtəlif genetik xəstəliklərin əmələgəlmə riskini dəfələrlə artırır. Təbii radiasiya bizi bütün həyatımız boyu müşayiət edir. Lakin nisbətən yaxın zamanlarda məlum olmuşdur ki, insan sağlamlığı üçün ən təhlükəli radiasiya mənbəyi təbii radioaktiv qaz olan radon və onun parçalanma məhsullarıdır. Müxtəlif ölkələrdə aparılmış hesablamalar göstərmişdir ki, insanın bütün radiasiya mənbələrindən aldığı dozanın təqribən yarısı radonun təsiri ilə əlaqədardır. Radon və onun digər izotopu toron radium izotoplarının radioaktiv parçalanması nəticəsində əmələ gəlir. Radiuma müxtəlif tərkibli qruntlarda (torpaqlarda) rast gəlinir və buradan da su hövzələrinə, bitkilərə və s. keçir. Yerdən ayrılan radonun miqdarı burada radiumun konsentrasiyası, qruntun xassələrindən və s. asılıdır və yer kürəsinin müxtəlif ölkələrində, regionlarında əhəmiyyətli dərəcədə fərqli olur. Bir çox ölkələrdə (ABŞ, Kanada, Avropa ölkələri, Avstraliya və s.) radon riskli zonaların müəyyən edilməsi məqsədilə tədqiqatlar aparılmış vəhazırda da aparılır. Havasında radonun miqdarı yolverilən səviyyəni aşan yaşayış, ictimai və iş yerlərinin aşkaredilməsi məqsədilə minlərlə bina müayinə olunur.

Radonun insan sağlamlığı üçün təhlükə dərəcəsinin qiymətləndirilməsi üzrə müxtəlif məlumatlar mövcuddur.Məsələn, Böyük Britaniyada ildə 3000-ə qədər ağciyər xərçəngi faktının bilavasitə radonla əlaqəli olduğu müəyyənləşmişdir. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin mütəxəssisləri hesab edirlər ki, orada hər il radonun təsiri nəticəsində ağciyər xərçəngindən 7 mindən 30 minə qədər insan həyatını itirir.

Bir çox alimlər isə radonu insanda ağciyər xəstəliyinin yaranmasının ikinci (siqaretçəkmədən sonra) səbəbi olduğunu hesab edirlər. Radiasiyadan Qorunma üzrə Beynəlxalq Komissiya ekspertlərinin rəyinə görə,radonun təsiri uşaq və 20 yaşına qədər gənclərin sağlamlığı üçün daha çox təhlükəlidir.

İnsanlar radon şüalanmasının təsirinə əsasən qapalı yerlərdə məruz qalırlar. Mütəxəssislərin rəyinə görə, mülayim iqlimli regionlarda qapalı yerlərdə radonun konsentrasiyası açıq havadakından orta hesabla təqribən 5-8 dəfə yüksəkdir. Əksər hallarda radon bünövrə çatlarından sızaraq otaqlara qruntdan daxil olur. Radonun, həmçinin tikintidə istifadə edilmiş materiallardan, xarici havadan, məişət məqsədləri ilə istifadə olunan təbii qazın, eləcə də suyun tərkibində daxil olması da mümkündür. Yaşayış yerlərində “radon yükünün” formalaşmasında mənbələrin hər birinin nisbi payı aşağıdakı kimi qiymətləndirilir (ortalama qiymətləndirmə): binaaltı qrunt və tikinti materialları – 78%, xarici hava – 13%, evdə istifadə olunan su – 5%, təbii qaz – 4%.

Rusiya Federasiyasının Səhiyyə Nazirliyi otaqların havasında radon və toronun parçalanma məhsullarının ortaillik ekvivalent tarazlı həcmi aktivliyi üçün aşağıdakı nəzarət səviyyələrini təyin etmişdir: evlərin layihələndirilməsi zamanı – 100 Bk/m3, mövcud mənzillər üçün – 200 Bk/m3.

 Avropa Birliyi ölkələrində radiasiyadan qorunma üzrə ekspertlər tərəfindən radonun ortaillik həcmi aktivliyi üçün aşağıdakı nəzarət səviyyələri tövsiyə edilmişdir: layihələndirilən yaşayış binaları üçün – 200 Bk/m3, istismar edilənlər üçün – 400 Bk/m3.

 Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin GSR-3 Əsas Beynəlxalq Təhlükəsizlik Standartlarında üzv ölkələrinə yaşayış yerlərinin havasında radonun ortaillik aktivlik konsentrasiyası üçün 300 Bk/m3 nəzarət səviyyəsinin qəbul edilməsini tövsiyə edirki, bu da radon və onun parçalanma məhsullarından şüalanmaya məruzqalma hesabına 10 mZv illik effektiv dozaya uyğundur.

Bir sıra ölkələrdə artıq radon probleminin həlli üzrə təcrübə toplanmışdır. Xüsusi radon proqramı 15 ildir ki, İsveçdə, 1985-ci ildən başlayaraq ABŞ-da, Böyük Britaniya və bəzi digər Avropa ölkələrində isə1987-ci ildən başlayaraq fəaliyyət göstərir. MDB ölkələrində də analoji tədqiqatlar aparılır. 1989-cu ildən başlayaraq Ukraynada, 1994-cü ildən isə Rusiyada “Radon” proqramı fəaliyyətdədir.

Azərbaycanın müxtəlif regionlarında yaşayış və iş yerlərində radonun konsentrasiyasının xüsusi məqsədli çoxsaylı ölçmələri ilk dəfə 2010-2011-ci illərdə aparılmışdır. Bu tədqiqatlar İsveçrə Milli Elm Fondunun (SNSF) maliyyə dəstəyi ilə “İsveçrə metodologiyası və təcrübəsindən istifadə etməklə Azərbaycanda radon kadastrı və paylanması xəritəsinin yaradılması” adlı qrant layihəsi çərçivəsində həyata keçirilmişdir. Tədqiqatları Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu Cənubi İsveçrənin Tətbiqi Elmlər Universiteti (SUPSI) ilə birgə yerinə yetirmişdir.

SNSF və SUPSI dəstəyi ilə AMEA Geologiya və Geofizika İnstitutuna 2500 radon detektoru təqdim edilmişdir və bu detektorlar 2010-cu ilin noyabr-dekabr ayları ərzində respublikanın müxtəlif regionlarında əsasən yaşayış evlərində və bəzi sənaye obyektlərində quraşdırılmışdır.

Tədqiqatlar radonun respublika ərazisi boyu paylanmasının qeyri-bircins olduğunu, radonun aşkar edilmiş konsentrasiyalarının isə geniş intervalda (1100 Bk/m3-a qədər) dəyişməsini göstərmişdir.Bu tədqiqatlar pilot xarakterli olmuşdur.

Deyilən işərin davamı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 iyul 2014-cü il tarixli 236s saylı “Azərbaycan Respubikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci ilər üçün Tədbirlər Proqramı” təsdiq edilmişdir.

Tədbirlər Proqramı çərçivəsində Azərbaycan Respublikası ərazisində radon riskli zonalar müəyyən edilmiş, əhalinin sağlamlığına radonun göstərdiyi təsir nəticələrinin tədqiqi və onların aradan qaldırılması üzrə tədbirlər müəyyən edilmiş, əhalinin radon təhlükəsi haqqında maarifləndirilməsi işləri aparılmış, mövcud radon riskli yaşayış, ictimai və iş yerlərinin havasında radonun miqdarının azaldılması üzrə təkliflər hazırlanmış və bir sıra yaşayış yerlərində pilot sınaqlar həyata keçirilmişdir.

Aparılmış tədqiqatlar nəticəsində“Azərbaycan ərazisində radonun həcmi aktivliyinin yayılma xəritəsi” Avropa Komissiyası tərəfindən tərtib olunmuş “Avropanın qapalı mühitlərində radonun yayılması” adlı elektron xəritəyə daxil edilmişdir. Həmçinin ötən illər ərzində respublika ərazisində ümumi radioaktivlik və radonun səviyyəsinin öyrənilməsinə həsr olunmuş tədqiqatlarda işğal altında olan ərazilər məlum səbəblərdən kənarda qalmış və tərtib olunan xəritələrdə köhnə məlumatlardan istifadə olunmuşdur ki, bu da işğaldan azad edilmiş ərazilərdə yeni radiometrik tədqiqatların aparılması  zərurəti yaradır. Hazırda erməni işğalından azad olunmuş ərazilərimizdə radioekoloji vəziyyətin öyrənilməsi məqsədilə elmi-tədqiqat işlərinin davam etdirilməsi üçün şərait yaranmışdır. Düşmən tərəfindən dağıdılmış kənd və şəhərlərimizin bərpası zamanı yeni tikilən binaların ərazisində radon və təbii şüalanma mənbələrinin təyin olunması məsələsinin vacibliyi nəzərə alınarsa, bu tədqiqatların dövlət nəzarəti altında aparılması adı çəkilən radioekoloji probleminin effektiv həllini təmin etmiş olar.

AMEA Geologiya və Geofizika İnstitutunun indiyə kimi apardığı elmi-tədqiqat işlərin nəticəsində əldə olunan təcrübədən istifadə etməklə Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilmiş ərazilərində radioekoloji çirklənmə səviyyəsinin qiymətləndirilməsi, radon riskli zonaların müəyyənləşdirilməsi, bərpa olunan və yenidən tikilən yaşayış, ictimai və digər binalarda təbii şüalanmanın və radonun miqdarının təyin edilməsi, həmin ərazilərdə radon riskinin azaldılması üzrə məsələlərin həyata keçirilməsi üçün Dövlət Tədbirlər Proqramının işlənməsi məqsədəuyğundur.

Çingiz Əliyev,

AMEA-nın müxbir üzvü,
Geologiya və Geofizika İnstitutunun Geoloji mühitin
radiometriyası şöbəsinin rəhbəri,
geologiya və minerologiya elmləri doktoru, professor