26 noyabr 2020 18:50
1489

Azərbaycan əsgəri elə bir şərəfli tarix yazdı ki…

1994-cü ildə Füzuli rayonunun kəndlərinin bir qismi erməni vandallarından təmizlənəndə ulu öndər Heydər Əliyev demişdir: “Qarşıda Füzuli rayonunun digər hissələri var, Cəbrayıl var, Zəngilan var, Qubadlı var, o yandan Ağdam, digər rayonlar var. Bunların hamısını biz azad etməliyik”. Ulu öndərin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə rəşadətli Azərbaycan Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirərək Füzuli rayonunun digər hissələrini, Cəbrayılı, Zəngilanı, Qubadlını azad etdi. Ağdam şəhəri və Ağdam rayonunun, eləcə də Kəlbəcər rayonunun işğal altında olmuş torpaqları isə imzalanan üçtərəfli bəyanata əsasən  bir güllə atılmadan Azərbaycana təhvil verildi.

“Azərbaycan Bayrağı” ordenli, Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri, müharibə veteranı, ehtiyatda olan polkovnik Elmar Hüseynov mövzu ilə bağlı “İki sahil” qəzetinə  açıqlamasında bildirdi ki, Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan silahlı qüvvələrinin komanda məntəqələrinə sarsıdıcı zərbələr endirməklə onun çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini sıradan çıxardı və düşməni döyüş meydanında məğlubiyyətə uğratdı: “Nəticədə düşmənin ağ bayraq qaldırmaqdan başqa yolu qalmadı. Bununla da Azərbaycan vəhşi düşməni məcbur etdi ki, Ağdam rayonundan, eyni zamanda, Kəlbəcər və Laçın rayonlarından çəkilsin. Şübhəsiz, bu ərazilərimizin məlum üçtərəfli bəyanat ilə ölkəmizə təhvil verilməsi Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi hərbi gücünün məntiqi nəticəsidir. Bir məsələni də vurğulamaq istərdim. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası da təmin ediləcək. Şübhəsiz, bu da Azərbaycan Ordusunun, Ali Baş Komandanımızın çox böyük uğurudur. Noyabrın 25-də Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, artıq Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar  ilkin göstərişlər verilib.

Yeri gəlmişkən onu da qeyd edim ki, istər müasir ordumuzun qurucusu, istərsə də Ali Baş Komandan kimi bu zəfərdə Prezident İlham Əliyevin xidmətləri misilsizdir. Prezidentimiz hələ 2003-cü ildə andiçmə mərasimində ölkəmizdə ordu quruculuğunun daim diqqət mərkəzində olacağını söyləmişdi. Dediyinə də əməl etdi. Təkcə bir faktı xatırladım ki,  büdcə xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Bir sözlə, məhz Ali Baş Komandanımızın ordu quruculuğu istiqamətində müəyyən islahatlar həyata keçirməsi, eləcə də ordumuzun müasir silahlarla təmin olunması 44 gün ərzindəki uğurumuzu təmin etdi. Şübhəsiz, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil.  Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri çərçivəsində Ağdam məscidinin qarşısında çıxış edərkən bu məqama yenə xüsusi önəm verərək çox haqlı olaraq qeyd etdi ki, bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir: “Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular.”

Müsahibimiz daha sonra dedi: “Yüksək mənəvi-psixoloji keyfiyyətlər nümayiş etdirən Azərbaycan Ordusu - əsgər və zabitlərimiz, həqiqətən də bu haqq savaşında düşmənə qan uddurdular. Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin Böyük Qələbə salnaməsi yazması dünyanın tanınmış hərbçiləri tərəfindən də diqqətlə izlənilirdi. Çünki Prezidentimizin bildirdiyi kimi, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq, bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib. Bununla bağlı konkret bir misal da çəkmək istəyirəm. İstefada olan amerikalı general-leytenant Tomas Şper deyib: “Qarabağda Azərbaycanla Ermənistan arasındakı müharibə gələcəyin savaşının necə olacağını anlamağa və görməyə imkan verir”. O, həmçinin bu məsələdə əsgər və zabitlərimizin də əməyini xüsusi vurğulayıb. Bu isə o deməkdir ki, Azərbaycan Ordusu, onun əsgər və zabitləri öz haqq savaşı ilə bundan sonra işğalçılara necə qalib gəlməyin konturlarını məharətlə cızıb.”

Müsahibimiz mövzu ilə bağlı fikirlərini bu sözlərlə tamamladı: “Şübhəsiz, 2020-ci ildə torpaqlarımızın erməni faşizmindən təmizlənməsi tariximizin  şanlı və parlaq səhifəsi kimi yadda qalacaq. Çünki Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgəri  və zabiti öz rəşadəti ilə elə bir şərəfli tarix yazdı ki, o, hər zaman  vərəqlənməyə layiqdir.”

 

Qvami Məhəbbətoğlu, “İki sahil”