06 sentyabr 2019 17:13
142

Azərbaycan Gimnastika Federasiyası ağacəkmə aksiyası təşkil edəcək

Azərbaycan Gimnastika Federasiyası (AGF) sentyabrın 16-22-də keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatı zamanı ağacəkmə aksiyası təşkil edəcək.

AGF-dən AZƏRTAC-a bildiriblər ki, ağacəkmə aksiyası yarışlar başlamazdan 1 gün əvvəl – sentyabrın 15-də Milli Gimnastika Arenasının parkında keçiriləcək.

Tədbir 2019-cu ilin dünya çempionatının bədii gimnastika üzrə səfiri, 1996-cı ildə keçirilmiş Olimpiya Oyunlarının gümüş medalçısı Yana Batırşina və yarışların dünyaca tanınmış ulduz gimnastlarının iştirakı ilə baş tutacaq.

Ağacəkmə aksiyasında iştirak edən gimnastlar təmsil etdikləri ölkə adından ağac əkməklə, çempionat zamanı bütün dünyaya sülh və ətraf mühitin mühafizəsi mesajını verərək ictimaiyyətin diqqətini cəlb edəcəklər.

Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də insanların, xüsusilə, gənc nəslin ekoloji problemlərə daha həssas yanaşmasına və bununla bağlı birgə fəaliyyətə səsləməkdən ibarətdir.