19 fevral 2020 20:28
1619

Azərbaycan liderinin faktları qarşısında Paşinyan aciz və çıxılmaz duruma düşdü

“Təxminən 50 dəqiqəlik görüşdə Prezident İlham Əliyev konkret faktları əsas gətirməklə tarixdə Ermənistanla bağlı məqamların nədən ibarət olduğunu beynəlxalq aləmə bir daha göstərdi. Azərbaycan Prezidentinin müzakirələr zamanı arqumentli danışması, Paşinyan üzərində tam üstünlük əldə etməsi erməni ictimaiyyətini sözün həqiqi mənasında narahat etdi. Sosial şəbəkələrdə, mətbuatda Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskussiyaya lazımınca hazırlaşa bilməməsi bütün Ermənistanı gülünc vəziyyətə saldığı haqqında fikirlər gündəmə gəldi.”

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində politoloq Arzu Nağıyev bildirib.

Arzu Nağıyev vurğulayıb ki, görüşdə Paşinyan çalışırdı ki, tarixin Ermənistanla bağlı hissəsini gizlətsin və ya başqa rakursdan versin. Amma cənab Prezidentin ortaya qoyduğu dəqiq və müsbət istiqamətə yönəlmiş faktların qarşısında Paşinyan aciz qaldı və çıxılmaz vəziyyətə düşdü. Hətta Paşinyan o dərəcəyə gəldi çatdı ki, öz çıxışında Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edib sonradan sözünü dəyişməklə müxtəlif variantlara əl atdı. Həmçinin cənab Prezident ATƏT-in Minsk qrupu həmsədrlərinə də mesaj verdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan qurumlar Ermənistana başa salmalıdır ki, bu torpaqlar əbədi və əzəli Azərbaycan torpaqlarıdır. Dövlət başçısı görüşdə XVIII əsrdən tarixi faktlar gətirərək ermənilərin Azərbaycan ərazilərinə necə köçürüldüyünü də başa saldı. Prezident İlham Əliyev bu tarixi faktları açıqlamaqla bütün dünyaya göstərdi ki, problemin yeganə həll variantı  Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, yalnız bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı bəyanatların verilməsidir.

Politoloq bildirib ki, bu debat bir daha dünyaya bəyan etdi ki, Dağlıq Qarabağ məsələsinin həllində status-kvonu saxlamağa çalışan məhz erməni tərəfi və onların arxasında duran müəyyən qüvvələrdir: “Düşünürəm ki, cənab Prezidentin bu debatdakı çıxışı dünyaya bir görk oldu ki, Dağlıq Qarabağ probleminin həllində status-kvonu saxlamaqla ermənilər vaxtı uzatmağa çalışır. Ermənilərin bu prosesi uzatmaqda məqsədləri isə odur ki, hansısa dövlətlər qondarma rejimi tanısınlar. “Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Heç kim bu qeyri-qanuni qurumu tanımır”.

Hesab edirəm ki, cənab Prezidentin bu çıxışı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən və dünyaya agah olunan ən mühüm çağırışlardan biridir. Bu, həm Azərbaycan diplomatiyasının, həm də Prezident İlham Əliyevin apardığı xarici siyasətin qələbəsidir. Dünya, eyni zamanda, Avropa Birliyinin ən aparıcı şəxslərinin iştirak etdikləri konfransda dövlət başçısı bir daha Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğuladı, Ermənistanın bu məsələdə qeyri-konstruktiv mövqeyinə diqqət çəkdi. Prezident qeyd etdi ki, bu məsələnin həllində ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana təzyiq və təsir göstərməlidirlər. Dövlət başçısı bildirdi ki, hər bir millətin öz müqəddəratını həll etməsi istəyini də nəzərə alırıq. Lakin bu proseslərin hamısı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli, digər məsələlər sonradan həllini tapmalıdır”.

Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubu kimi mötəbər bir forumun tribunasından “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatından sonra Münxen müzakirəsi zamanı səsləndirdiyi tutarlı fikirləri dünya içtimaiyyətində Ermənistanın işğalçı siyasəti haqqında aydın fikir yaratdı.

Arzu Nağıyev diqqətə çatdırıb ki, Avropa və dünya ictimaiyyətinin gözü qarşısında ölkə Prezidenti İlham Əliyevin qəti şəkildə səsləndirdiyi “Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib” fikirləri Ermənistan hökumətinin işğalçı siyasətini bir daha gündəmə gətirib.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”