Azərbaycan Prezidenti İlham Əliyevin azad olunmuş Şuşa şəhərini 2021-ci ildə Azərbaycanın mədəniyyət mərkəzi elan etməsi xalqımız tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılandı. Əlbəttə, hər bir azərbaycanlının sevdiyi və fəxr etdiyi bu qədim şəhər nəinki Azərbaycana, Yaxın Şərqə, eləcə də bütün dünyaya istedadlı şəxsiyyətlər, qiymətli incilər bəxş edib. Prezidentimiz bugünlərdə Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Şuşanın tarixi dəyərini bir daha xatırlatdı.
Dövlətimizin rəhbəri vurğuladı ki, 28 il ərzində Ermənistanın quldur silahlı birləşmələri tərəfindən dağıdılan Şuşa müzəffər Azərbaycan Ordusu tərəfindən iki ay əvvəl azad edilib. Prezident yeni nazir Anar Kərimova tapşırıq verdi ki, Şuşada dağıdılan mədəniyyət müəssisələrinin sayı və vəziyyəti barədə məlumatlar vaxt itirilmədən tərtib olunmalı, təmir-bərpa və tikinti işləri aparılmalıdır. Bu işlər aparılarkən şəhərin qədim görkəminin bərpasına diqqət yetirilməlidir. Şuşanın əvvəlki abadlığı və gözəlliyi özünə qaytarılmalı, Şərqin ən yaraşıqlı şəhərlərindən birinə çevrilməlidir. Burada vaxtilə keçirilən ənənəvi“Xarı bülbül” festivalı, Vaqif, Xurşudbanu Natəvan poeziya günləri, rəqs, muğam və məşhur Cıdır düzündə idman yarışları təşkil edilməlidir.
Xatırladaq ki, Qarabağ xanlığını yaradan Pənahəli xanın təxminən 1750-ci illərdə tikdirdiyi Şuşa xanlığın mərkəzi olaraq tanınmış və alınmaz qala kimi təbii gözəlliyi ilə qısa müddətdə şöhrət qazanmışdı. Görünür, özünəxas təbii şəraitə, saf dağ havasına və suyuna görə burada dünyaya gələnlərinəksəriyyəti sanki istedadla birgə doğulmuşlar. Onlar Qarabağın, Şuşanın gözəlliklərindən ilham almışlar, bu gün də sevilən sənət əsərləri yaratmışlar. İbrahimxəlil xanın qızı Ağabəyim ağa Şuşanın ilk şairlərindən biri idi. O, siyasi motivlərə əsasən İran şahına ərə verildiyindən Tehranda sanki zindan həyatı yaşamalı olmuşdur. İncə təbli şairə Ağabəyim ağa ürəyindəki nisgili, ayrılığı sonsuz yanğı ilə belə ifadə edirdi:
Əzizinəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!
XIX və XX əsrlərdə Şuşa sürətlə inkişaf edərək Azərbaycana yüzlərlə tanınmış ədəbiyyat, incəsənət, musiqi, elm və dövlət xadimləri yetişdirib. Qasım bəy Zakir, Firudin bəy Köçərli, Sadıqcan, Üzeyir Hacıbəyli, Cabbar Qaryağdıoğlu, Fikrət Əmirov, Bülbül, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Əhməd bəy Ağayev, Səməd bəy Mehmandarov, Cavad bəy Məlik-Yeqanov və saysız-hesabsız digər görkəmli şəxsiyyətlər Şuşaya və ölkəmizə böyük şöhrət qazandırmışlar. Qarabağın tanınmış xanəndələri bütün Yaxın Şərqdə məşhur idilər.
Şuşa öz Xarı bülbülü ilə də tanınıb. Bu nadir çiçək şəhərin embleminə çevrilib. Xarı bülbül əfsanəsi barədə yazılan şeirlər, mahnılar onu yetirən torpağın musiqisini, poeziyasını, folklorunu daha dazinətləndirib.
Şuşa bu gün erməni işğalından sonrakı həyatını yaşamaqdadır. Mədəniyyətimizin beşiyi öz missiyasını davam etdirəcəkdir. Artıq düşmən pəncəsindən xilas edilmiş yurdumuzda qalaqlanmış yaşayış və məişət problemləri həll edilməkdədir. Xalqımız öz qadir əlləri ilə viran qoyulmuş şəhərimizi yenidən dirçəldəcəkdir. Xarabalıqlar içərisindən gözəl bir şəhər ucalacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin şəhərin qısa müddətdə abadlaşdırılıb əvvəlki görkəminə qaytarılması barədəki fikirləri tezliklə həyata keçiriləcəkdir. Dövlətimizin başçısı 2020-ci il noyabrın 8-də Şuşanın azad edildiyini elan edəndə bildirdi ki, Şuşa ən qısa zamanda abadlaşdırılacaqdır. Həyat tezliklə bu doğma şəhərimizdə öz məcrasına düşəcəkdir. Şübhəsiz, üzümüzə gələn bu yazda biz yenə də Şuşamızın qonağı olacaq, oradakı çal-çağırlarda, müxtəlif mədəni-kütləvitədbirlərdə, bayram şənliklərində, musiqi festivallarında, idman yarışlarında iştirak edəcəyik.
Vəli İlyasov, “İki sahil”