10 yanvar 2020 13:18
582

Azərbaycan Milli Xalça Muzeyində Çin Yeni ili - FOTO

Dünən Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni iliniz mübarək @Bakı” adlı silsilə tədbirlərin açılışı olub.

Muzeydən “İki sahil”ə daxil olan məlumata görə, ictimai xadimlərin və mədəniyyət nümayəndələrinin də qatıldığı tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Qo Min çıxış edib. O, çinlilərin dörd min ildən artıq tarixə malik, bir çox ənənələrlə, ayinlərlə zəngin Bahar bayramını böyük təmtəraqla keçirdiyini deyib: “Çin Bahar bayramında bütün ailə bir yerə toplaşır. İnsanlar yeni ilə bir neçə gün öncədən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır, fişəng atılır və s.”.

Səfir Qo Min hazırda yüzdən çox ölkədə Çin Yeni ili tədbirlərinin keçirildiyini, bu bayramın ölkəsinin vizit kartına çevrildiyini diqqətə çatdırıb.

Səfir ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyib, tədbirin keçirilməsində göstərdikləri köməyə görə Azərbaycan Milli Xalça Muzeyinə və Bakıdakı Konfutsi İnstitutuna minnətdarlığını bildirib.

Sonra Çin Bahar bayramı ilə bağlı video-çarx nümayiş etdirilib. Tədbir musiqi proqramı ilə davam edib, Çin xalq rəqsləri ifa olunub, Çin xalq musiqi alətlərində əsərlər səsləndirilib.

Daha sonra qonaqlar Çinin tarixinə, mədəniyyətinə həsr olunmuş nəşrlər, milli geyim nümunələri, Çin ənənəvi kuklaları, Çinin ecazkar mənzərələrinin əks olunduğu fotoşəkillərdən ibarət ekspozisiya ilə tanış olublar. Bununla yanaşı, tədbir iştirakçıları qədim Çin çay mərasimi, kağız fənərlərin, makrame texnikasında qolbağıların hazırlanması, ənənəvi açıqcaların ieroqliflərlə yazılması və s. üzrə ustad dərslərində iştirak ediblər.

Çin Yeni ilinə həsr olunmuş ustad dərsləri yanvarın 18-dək, hər gün saat 14-dən 16-dək davam edəcək. Eyni zamanda, yanvarın 11-də, saat 14:00-da Çin incəsənətinə dair mühazirə olacaq. Ustad dərsləri Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən aparılır, onlara Çin dilindən tərcümədə həmin təhsil ocağının tələbələri kömək edir. Həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulan bu tədbirlər ödənişsizdir.

Məlumat üçün qeyd edək ki, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və bu ölkənin muzeyləri ilə Azərbaycan Milli Xalça Muzeyi sıx əməkdaşlıq edir. 2019-cu ildə Pekində Çin Milli Muzeyində, daha sonra isə Hainan şəhərində Cənubi Çin Dənizi Muzeyində “Ecazkar Asiya – Asiya sivilizasiyaları” (Splendour Asia – Joint Exhibition of Asian Civilization) adlı sərgidə Heydər Əliyev Fondu və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyalarından Azərbaycan xalçaları və digər dekorativ tətbiqi-sənət nümunələri nümayiş etdirilib. Qürurverici haldır ki, sərgilənən bu nümunələrlə üç milyondan çox insan tanış olub. Bu da Azərbaycan mədəniyyətinin incisi olan xalça sənətinin dünya səviyyəsində təbliği baxımından önəmli hadisədir.

“Çin təqvimi üzrə Yeni iliniz mübarək @ Bakı” adlı silsilə tədbirlər də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində əlaqələrin inkişafına öz töhfəsini verəcək.