27 iyul 2020 17:52
474

Azərbaycan xalqı, hakimiyyəti, şanlı ordusu və dünya azərbaycanlıları vahid bir məfhumdur

Vüqar Seyidov,
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Deyərlər ki, zaman zamana, vaxt vaxta bənzəməz. Amma son baş verən hadisələr məndə elə bir təəssürat yaradır ki, tarix yenidən təkərrür edir, yaxud bunun üçün çalışan qüvvələr var. Lakin eyni olmayan bir məqam var ki, onu da dostlarımızın və düşmənlərimizin dərk etməyi lazımdır. Azərbaycan 90-cı illərin əvvələrində mövcud olan, ayrı-ayrı qruplar tərəfindən idarə olunan, hərcimərciliyin hökm sürdüyü o vaxtkı ölkə deyil.

Azərbaycan-Ermənistan sərhəd xəttinin Tovuz rayonundan keçən hissəsində Ermənistanın işğalçı ordusunun törətdiyi təxribata artıq layiqincə cavab verilib. Düşmən tərəf bütün istiqamətlərdə şanlı ordumuzun, silahlı qüvvələrimizin müqaviməti sayəsində böyük sayda itki verərək geri çəkilməyə məcbur edilmişdir. Azərbaycan ordusunun yüksək səviyyədə komplektləşdirilməsi, komanda-idarəetmə mərkəzinin olması bütün istiqamətlərdən düşmən cəhdlərinin qarşısı qətiyyətlə almışdır.

Tovuz istiqamətində baş vermiş döyüş əməliyyatları bir çox maraqlı məqamlara aydınlıq gətirdi. Qarabağın işğal olunmuş ərazilərinə paralel olaraq ikinci bir cəbhə açmaq arzusu ilə ermənilər öz məkrli siyasətlərinə davam etmək istəyirdilər. Hamıya məlumdur ki, Azərbaycanın əsas kommunikasiya xəttləri ölkəmizin qərb ərazilərindən keçərək Gürcüstan vasitəsi ilə dünyaya bağlanır. Elə qardaş ölkə ilə paytaxt Bakının əlaqələri də fiziki olaraq məhz bu yolla həyata keçirilir. Eyni zamanda Bakı-Tblisi-Qars dəmir yolu xətti, Bakı-Tblisi-Ceyhan neft boru xətti  və bir çox əlavə yollar bu ərazilərdən keçir. Məhz bu səbəbdən ermənilər Tovuz-Ağstafa-Qazax istiqamətlərindən hərbi vəziyyəti gərginləşdir və Azərbaycana yalnız hərbi deyil, eyni zamanda iqtisadi zərər vurmağa cəhd etdilər. Əlbəttə ki, Ali Baş Komandanın dəmir iradəsi və Azərbaycan ordusunun gücü buna imkan, keçid vermədi. Düşmənin məkrli cəhdləri bütün istiqamətlərdə elə arzu olaraq da gözlərində qaldı.

Bütün dünya ictimaiyyətinə, eyni zamanda da yalançı demokratiya instutlarına, onların ölkəmizin daxilində və xaricində fəaliyyət göstərən əlaltılarına bir daha məlum oldu ki, Azərbaycan xalqı, hakimiyyəti, şanlı ordusu və dünya azərbaycanlıları vahid bir məfhumdur. Onu heç bir düşmən qüvvə ayıra, bölə və parçalaya bilməz.

Ermənistan xüsusi ilə 2016-cı ildən bu günə qədər bir çox sferada ciddi zərbələr almaqdadır. Aprel döyüşləri, daha sonra Günnüt əməliyyatı və bu günlərdə Tovuzda cənab Prezidentin ifadəsi ilə desək, ermənilərin başlarına çox ağır zərbələr endirdik. Biz sadə ermənilərə sübut edə bildik ki, ordularının yenilməzliyi ilə bağlı hakimiyyətin onlara danışdığı əfsanələr və miflər əslində elə ermənilərin tarixi qədər saxtadır.

Ermənistan hakimiyyəti həm cəbhədə atəşkəs rejimini pozaraq təxribat yaradacaq qədər riyakar, həm də dünya ictimaiyyətinə bu döyüşlərin dayandırılması üçün “ağız açacaq və yalvaracaq” qədər qorxaqdırlar.

Döyüş əməliyyatlarının başladığı ilk günlərdə xalqımızın paytaxt küçələrində ordumuza və Ali Baş Komandana olan dəstəyini  yürüş vasitəsi ilə nümayiş etdirməsindən və bu günlərdə dünyanın müxtəlif ölkələrində olan həmvətənlərimiz tərəfindən keçirilən aksiyalardan məlum olur ki, Azərbaycan xalqı öz legitim hakimiyyətini dəstəkləyir və Qarabağ Azərbaycan üçün adi siyasi predmet, siyasi avantüra vasitəsi deyil. Qarabağ mənliyimiz, birliyimiz və hissiyyatımızdır.

Həyata keçirilən dəstək yürüşlərinə, müqəddəs amallar uğruna birləşən həmvətənlərimizin cəhdlərinə qara qüvvələr öz qanlı əlləri ilə müdaxilə etmək, Azərbaycan xalqının öz milli ordusuna dəstəyinə, milli maraqları uğrunda mübarizəsinə kölgə salmaq istədilər. İstər paytaxt Bakıda, istərsə də dünyanın müxtəlif istiqamətlərində aksiya iştirakçılarına, parlament və səfirlik binalarına olan hücumlar əsas verir deyək ki, hər iki istiqamətli təxribat cəhdləri şüurlu şəkildə və bir mərkəzdən idarə olunur.

Ölkədən xaricdə fəaliyyət göstərən 5-ci kolona məxsus interet səhifə və kanallarının erməni təxribatçılarının hərəkətlərinə haqq qazandırması, ölkəmizin və saf amallar uğrunda mübarizə aparan vətənpərvərlərin alçaqca ittiham olunması, onların düşmənlə bu və ya başqa vasitələrlə əməkdaşlıq etməyinə sübutdur. Bu çətin günlərdən də xalqımızla əl-ələ verərək çıxacağıq. Lakin bu “sapı özümüzdən olan baltalar” bu millətin hafizəsində qara ləkə kimi qalacaqdır.

Son şəhid ailələri ilə görüşdə cənab Prezident açıq ifadə etdi ki, bizim heç vaxt bu qədər çox beynəlxalq dəstəyimiz olmamışdır. Tovuz istiqamətində başlayan hərbi əməliyyat zamanı dünyanın bir çox ölkələri başda Azərbaycanın dostu və qardaşı olan, Ulu Öndər Heydər Əliyevin öz ifadəsi ilə desək bir millət, iki dövlət olan Türkiyə Cümhuriyyəti olmaqla bütün dost və müttəfiqlərimiz ölkəmizin haqlı mövqeyini dəstəklədilər. Bu da Azərbaycan diplomatiyasının uğurudur.

Azərbaycanın ordu quruculuğu ilə yanaşı bir çox sahədə inkişafı səngimir, yüksələn xəttlə davam edir. Bilirsiniz ki, indi dövlətlər və nüfuzlu beynəlxalq təşkilatların əsas məqsədi ortaya çıxan problemlərin həllini sülh, əmin-amanlıqla axtarıb tapmaqdır. Dünyada müasir dövrdə bütün problemlərin həlli qurulmuş dövlətlər və təşkilatlar arası münasibətlərdən keçir. Bir sözlə yaxşı dostları olan Azərbaycan bu sahədə də Ermənistanı üstələyir.

Cənab Prezident və dövlətimiz ölkəmizin bütün sahələrdə strategiyasını müəyyən edib. Diplomatik münasibətlərimiz döyüş meydanında olduğu kimi hücum taktikasına əsaslanmalıdır. Hücum diplomatiyasının fəlsəfəsini dərk etməyən və müasir milli çağırışlara uyğun gəlməyən kadrların məhz döyüşlərin ən qızğın çağında milli kadrlarla əvəz olunması Azərbaycan Prezidentinin həm müdrik idarəçilik qabiliyyətini həm də böyük cəsarətini  özlüyündə ehtiva edən amildir.

Koronavirusla mübarizə çərçivəsində Azərbaycan bütün dünya ölkələrinə verdiyi xeyirxah töhfələrlə dünyanın ən nüfuzlu təşkilatlarını və 130-a yaxın ölkəsini öz ətrafında birləşdirdi. Dünya ölkələrinin təmsil olunmasına görə dünyanın ən böyük ikinci beynəlxalq təşkilatı olan Qoşulmama hərəkatına başçılıq edən Azərbaycan, BMT-nın Baş Assamblemiyasının xüsusi sessiyasını keçirtməyə nail olan zaman biz dedik ki, gün gələcək, Azərbaycanın beynəlxalq nüfuzu  Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynayacaqdır. Bu gün  bu sözü öz təsdiqini tapır. Dünyada Ermənistanın adını, xəritədə yerini bilməyənlər Azərbaycana dəstək verir, Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatlarla çıxış edirlər.

Azərbaycan heç vaxt öz ərazisində ikinci bir erməni dövlətinin yaradılması ilə razılaşmayacaq və öz ərazilərinin işğalçılar tərəfindən işğal faktı ilə barışmayacaqdır. Bu istiqamətdə görülən və tərəqqisi göz qabağında olan başqa bir məqam dünyada mövcud olan azərbaycanlıların eyni bir mərkəzdə, milli maraqlar naminə birləşməsi və idarə olunması məsələsidir.

Məhz bunun üçün illər əvvəl əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən Milli Diaspora siyasətimiz böyük əhəmiyyətə malikdir. Dünyada Qarabağa ədalət tələb edən, Azərbaycana qarşı yönəlmiş işğalçı siyasətin sona yetməsi üçün mübarizə aparan dünya azərbaycanlıları hər zaman olduğu kimi bu dəfə də dövlətin və xalqın diqqətindədir.

Həmvətənlərimizə qarşı atılmış bu mənfur addımların pislənməsi və cinayət faktlarının araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu insidentin baş verdiyi dünyanın müxtəlif şəhərlərinin prokurorluq orqanlarına həm bir başa həm də diplomatik yollarla bəyanatlar göndərmişdir. Eyni zamanda toqquşmalar zamanı erməni təxribatçıları tərəfindən zərərçəkmiş həmvətənlərimizin müalicəsi ilə bağlı bütün xərclərin Azərbaycan dövləti tərəfindən ödənilməsi məqsədə uyğun hesab edilmişdir.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın mövcud ixtişaşlarla bağlı çox vacib və əhəmiyyətli çağırışı vardır.

Hesab edirəm ki, ermənilərin və düşmən qüvvələrə xidmət edən içimizdəki ünsürlərin bilərəkdən bu məkirli addımlara əl atmalarının yalnız bir açıqlaması var. Baş verən hadisələr göstərir ki, Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin həlli yaxındır. Bu problem istər beynəlxalq hüquq normaları daxilində istərsə də hərb yolu ilə Azərbaycan ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaqdır. Düşmən döyüş meydanında və diplomatiya masalarında uduzur. Cənab Prezidentin də qeyd etdiyi ermənilər Azərbaycanla təkbətək mübarizədən, müharibədən qorxur, çəkinir. Geriyə bir yol qalır, o da təxribat!

Hesab edirəm ki, baş verən hadisələr fonunda sizlərə məsələnin mahiyyəti ilə bağlı bir mənzərə formalaşdıra bildim. Son günlər istər daxildə təxribatçı ünsürlərin hərəkətləri, istərsə də xaricdə, cəbhə xəttində ordumuza və həmvətənlərə qarşı atılmış məkirli addımlar 90-cı illərdən çox da fərqlənmir və eynidir. Eyni olmayan tək məfhum bu ötən illər ərzində cənab Prezidentin rəhbərliyi altında böyümüş, inkişaf etmiş, böyük tərəqqi yolu keçmiş dövlətçiliyimiz və dövlətimizdir!