Dövlətimizin başçısı İlham Əliyev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bu çağırışı da etdi ki, hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas çağırışlarından biri bu oldu: “Suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur.” Ulu Öndər eyni zamanda, bildirmişdir ki, Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən azərbaycançılıq ideologiyasını da yaratdı. Azərbaycançılıq ideologiyasının inkişafı və təbliği Ulu Öndərin hakimiyyətinin hər iki dövründə əsas prioritetlərdən olub. Ümummilli Liderin 1969-82-ci illərdə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, özünüdərki və soykökə qayıdışı təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi.

Ümummilli Lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı bütün dünya azərbaycalılarının həyat amalına çevrildi. Keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla baxan xalqlar daim tarixin sərt sınaqlarından üzüağ çıxır, davamlı inkişafı ilə diqqət mərkəzində olur. Azərbaycan xalqı bu gün təsadüfən dünyanın 10 xoşbəxt ölkəsi sırasında yer almayıb. Azərbaycan beynəlxalq miqyasda ənənələri olan ölkə kimi tanınır, nüfuz qazanır. Zəngin tarixə, mədəniyyətə, ədəbiyyata, milli-mənəvi dəyərlərə malik olan xalqımız bütün dövrlərdə tarixinə sahib çıxmış, onu parlaq səhifələri ilə daha da zənginləşdirməyə səy göstərmişdir. Ulu Öndər daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxararaq, bu gün hər sahədə təcrübəsi nümunə olan, beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan, qalib, suveren, yeni dövrə qədəm qoyan ölkəmiz üçün möhkəm baza formalaşdırdı. Nəzərə alsaq ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli- mənəvi dəyərlərində ehtiva olunur, bu halda Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü məhz ziyalılarla keçirməsinin də nə qədər böyük əhəmiyyətə malik, bugünümüzə və gələcəyimizə hesablanmış mühüm addım olduğunu daha dərindən dərk edə bilərik. Ümummilli Lider tariximizə sahib çıxmağı, tariximizin saxtalaşdırılmasına yol verməməyi qarşıya mühüm vəzifə kimi qoymuşdur. Onun milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması, tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə atdığı davamlı addımların miqyası genişdir. Dahi şəxsiyyət, eyni zamanda, gənclərə bu çağırışı edirdi ki, tariximizi yaxşı öyrənin, dilimizi, milli-mənəvi dəyərlərimizi qoruyun. Ulu Öndərin 2001-ci il 18 iyun tarixli “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları da deyilənlərin təsdiqidir. Gənc nəslin milli ruhda tərbiyə olunmasının prioritetliyi bütün dövrlərdə atılan addımlardan aydın görünür.
Son 23 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında bu kimi məsələlərə ayrı-ayrılıqda diqqət yönəldərək konkret tapşırıqlarını vermişdir. “Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub” söyləyən dövlətimizin başçısı qeyd etmişdir ki, bu sahəyə dövlət tərəfindən daim diqqət göstərilir: “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir.” Cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da məhz bu məqsədə xidmət edir. Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir.

Dövlət başçısı ədəbiyyat üzrə araşdırmaların da davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır: “Çünki ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynamışdır. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik.” Cənab İlham Əliyevin sərəncamları ilə 2019-cu ilin “Nəsimi İli”, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsində də məqsəd Nəsimi, Nizami irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini təbliğ etmək, gənc nəslə çatdırmaqdır. Bu ənənələrin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Məhz Onun mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Dahi klassiklərimiz Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Məmməd Səid Ordubadinin, Aşıq Ələsgərin yubileyləri məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib, bəzilərinin ev-muzeyləri yaradılıb. Hazırda həmin ev-muzeylərində Azərbaycan xalqının dahi şəxsiyyətlərinin zəngin irsi və yaradıcılığı geniş tədqiq və təbliğ edilir. Dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ili “Nəsimi ili”, 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi Ulu Öndərin bu istiqamətdə gördüyü işlərin uğurlu davamıdır. Ümummilli Lider dünya təcrübəsinə istinadən bildirirdi ki, yubleylərin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətəlrini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən müasir nəslin ona bəslədiyi hörmət və ehtiramı bildirmək deməkdir.
Tariximizin öyrənilməsi, indiki və gələcək nəslə çatdırılması da prioritet məsələlərdəndir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli”, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi səbəbsiz deyildi. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. “Azərbaycan Xalq Cümhuriyyəti İli” və “Heydər Əliyev İli” müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin təhlilinə, tariximizin hər bir səhifəsinin vərəqlənməsinə geniş imkanlar yaratdı. “Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar” söyləyən dövlət başçısı İlham Əliyev hazırkı dövrdə də tariximizin saxtalaşdırlmasına yol verilməməsini qarşıya əsas vəzifə kimi qoyur. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Ulu Öndər Heydər Əliyevin göstərdiyi qətiyyətin nəticəsi olaraq ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, Qarabağ həqiqətlərindən bəhs edilməsin. “Azərbaycan xalqı aciz deyil, onun qəhrəmanlıqla dolu keçmişi var” söyləyən Ulu Öndər Heydər Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qorumalıdır: “Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın.”
Cənab İlham Əliyevin 23 illik Prezidentlik dövrünün 17 ili Qarabağ münaqişəsinin həllinə hazırlıq işlərinə həsr edilmişdir. “Qarabağ münaqişəsinin həll edilməsi Prezident kimi mənim üçün başlıca vəzifə idi. Vəzifəyə seçildiyim ilk gündən bu günə qədər bu məsələnin həlli və postmünaqişə dövrünün Azərbaycanın xeyrinə inkişaf etməsi mənim üçün başlıca vəzifədir və bütün güclər səfərbər edilmişdir. Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq” söyləyən cənab İlham Əliyev bildirir ki, hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalı idik. Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq. Onlar bilirlər ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır. Əminəm, bu gün xaricdə yaşayan azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, müstəqil Azərbaycanın, müzəffər Azərbaycanın övladlarıdır.
2022-ci ildə Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Zəfər Qurultayı tarixi hadisə oldu. Bu qurultayın məhz Şuşada keçirilməsi çox böyük rəmzi məna daşıdı.
Bu gün Azərbaycan xalqı qürurludur. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası xalqımızın yenilməzliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirdi. Bir daha sübut olundu ki, tarixinə, hər qarış torpağına sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan Prezidenti İlham Əliyev daim ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Baxmayaraq ki, ermənilər tarixi saxtalaşdırıb özlərinə tarix yazmaqla, havadarlarının təsəllilərinə inanmaqla torpaqlarımızın sonadək onlarda qalacağını düşünürdülər. Amma unudurdular ki, danışan yalan təbliğat deyil, faktlar olur. Ermənilər hər zaman fakt qarşısında acizliklərini gizlətməkdə çətinlik çəkiblər. İşğaldan azad edilmiş torpaqlarımız da onların bu acizliklərinə şahidlik edir. Bu baxımdan ki, ermənilər tarixi və dini abidələrimizi dağıtmaqla xalqımızın izlərini silməyə səy göstərirdilər.
44 günlük İkinci Qarabağ müharibəsi bütün bu reallıqlara işıq saldı. Azərbaycan zəngin dövlətçilik tarixinin Qələbə səhifəsini yazmaqla Ermənistana, ona havadarlıq edən dövlətlərə tarix, hüquq dərsini keçdi. Bu dərsləri dövlət başçısı İlham Əliyev müharibənin getdiyi dövrlərdə 30-dan artıq xarici mətbuata müsahibələri ilə keçmişdi. Bu çağırış olunmuşdu ki, tarixi həqiqətləri inkar etməklə, ədalətə, beynəlxalq hüquqa göz yummaqla dünyada etimadsızlıq mühiti yaradırlar.
Haqq-ədalət Zəfər çaldı. Bu Qələbəmizdə milli birliyimiz, həmrəyliyimiz böyük rola malikdir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bu, ölkəmizin tarixi və milli-mədəni zənginliyinin əsas göstəricisidir Burada yaşayan hər bir etnik qrup ümumi mədəniyyətimizin zənginliyidir. Heç bir millət və ya din digərindən üstün tutulmur, qarşılıqlı hörmət və dinc yanaşı yaşama prinsipləri qorunur. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır” söyləyərək onu da qeyd etdi ki, bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular: “Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik.”
Qeyd etdiklərimiz bu qənaətə gəlməyə əsas verir ki, xalqı, dövləti tanıdan siyasəti ilə yanaşı, ideologiyasıdır. Azərbaycançılıq məfhumu genişdir. Onun təbliği hər birimizin vətəndaşlıq borcudur. Dahi şəxsiyyət Heydər Əliyevin qeyd etdiyi kimi, əgər hər hansı bir ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən bu çağırışı edir ki, bizim gördüyümüz bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq. Gənc nəsil belə yetişməlidir və biz gənc nəsli belə yetişdiririk. Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır və biz bunu görürük, biz gəncləri belə yetişdiririk: “Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh!”
Zəngin tarixə, milli-mənəvi dəyərlərə, mədəni irsə malik olan Azərbaycan dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biridir. Azərbaycan xalqı tarix boyu müxtəlif imperiyaların tərkibində yaşamış, ağır sınaqlardan keçmiş, lakin heç zaman milli ruhunu, dilini, mədəniyyətini və adət-ənənələrini itirməmişdir. Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bu çağırışı etdi ki, Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olmuşdur, baxmayaraq ki, bizim əvvəlki əsrlərdə dövlətçiliyin çox böyük ənənələri var. Lakin son iki əsrdə biz müstəqil olmamışıq. Bununla belə, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Yaşadığımız fərqli sistemlərin heç biri bizim milli hisslərimizi, əzmimizi poza bilmədi. Ona görə də Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman biz öz taleyimizin sahibinə çevrildik. Biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik. Həmçinin mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, müstəqillik illərində biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik.
Yeganə Əliyeva, “İki sahil”
KONSTİTUSİYAMIZ MİLLİ DÖVLƏTÇİLİYİMİZİN VƏ MƏNƏVİ DƏYƏRLƏRİMİZİN HÜQUQİ TƏMƏLİDİR