04 mart 2019 10:34
4281

“Azərikimya” İstehsalat Birliyi: dünənin və bu günün güzgüsündə

Azərbaycan kimya sənayesi deyiləndə, hələ də təbii olaraq, göz önündə “Azərikimya” İstehsalat Birliyi (İB) və onun müəssisələri  canlanır. Bu müəssisələri həmişə diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev kimya sənayesinin normal və davamlı fəaliyyəti üçün bütün imkanlardan istifadə etmiş, yeni müəssisələrin yaradılmasına, yeni qurğuların tikintisinə, sonrakı mərhələlərdə bu müəssisələrin yenidənqurma və modernizasiya işlərinə lazımi dəstəyini göstərmişdir. Görülmüş genişmiqyaslı işlərin, qısa müddətdə reallığa çevrilmiş layihə və ideyaların nəticəsi idi ki, hələ ötən əsrin 70-80-ci illərində Sumqayıt öz iqtisadi potensialına görə keçmiş Sovet İttifaqında güclü sənaye şəhəri kimi daha geniş tanınmağa başlamışdı. İstehsal edilən məhsullar SSRİ-nin və xarici ölkələrin 100-dən artıq şəhərinə ixrac olunurdu.

2010-cu ildən başlanan yeni dövr

Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində kimya sənayesi özünün yeni inkişaf dövrünü yaşayır. Ölkə rəhbərinin 2010-cu il aprelin 2-də “Azərikimya”nın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərkibinə verilməsi barədə imzaladığı Sərəncam neft və neft-kimya sahələrinin vahid bir struktur daxilində daha səmərəli fəaliyyət göstərməsi və yüksək nailiyyətlər qazanmaları üçün yeni perspektivlər açdı. “Azərikimya” İB-nin istehsalat sahələrində canlanma yarandı. Aparılan araşdırmalardan və təhlillərdən sonra ekoloji cəhətdən zərərli, mənəvi və fiziki cəhətdən aşınmaya məruz qalmış,  müasir standartlara cavab verməyən, iqtisadi baxımdan səmərəsiz zavodlar ləğv edildi. Torpaqlar tullantılardan təmizləndi, yararlı hala salınaraq İqtisadiyyat Nazirliyinə təhvil verildi və bu ərazilərdə möhtərəm Prezidentimiz İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı yaradıldı.

SOCAR-ın tərkibində

SOCAR-ın tərkibində olan dövrdə “Azərikimya” İB-də səmərəli işləyə bilən istehsalat sahələri yenidən quruldu, bir sıra yeni qurğu və komplekslər tikilərək istifadəyə verildi. Bunlara misal olaraq Etilen-polietilen zavodunda Azot-oksigen kompleksinin və Susoyutma qurğusunun tikilib istifadəyə verilməsini,  istehsalata və keyfiyyətə nəzarət, həmçinin sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriyanın əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verilməsini, Mütləqləşdirilmiş izopropil spirti sahəsinin yenidən qurulmasını, möhtərəm Prezidentimiz İlham Əliyevin də açılış mərasimində iştirak etdiyi propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi və butan-butilen fraksiyasının hidrogenləşməsi qurğularının istifadəyə verilməsini göstərmək olar. Diqqətçəkən layihələrdən biri də gündəlik gücü 2600 m3 olan yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun istismara verilməsidir. Bu da o deməkdir ki,  ətraf mühitin qorunması məsələsi SOCAR-ın ekoloji siyasətinin əsas tərkib hissəsini təşkil etməklə, sənaye zonasında insan əməyinin təhlükəsizliyi qaydalarının müasir standartlar səviyyəsində mühafizə olunmasına böyük önəm verilir. Nəticə etibarilə ötən müddətdə bu istiqamətlərdə ciddi irəliləyişə nail olunmuş, ilk dəfə etilen istehsalatının layihə gücü səviyyəsində işləməsi təmin edilmiş, məhsulların çıxım səviyyəsi və keyfiyyəti yüksəldilmiş, xammalların səmərəli emalı təmin edilmiş, balans itkiləri minimuma endirilmiş, beləliklə, məhsulun maya dəyəri aşağı salınaraq rentabellik artırılmışdır. Bu layihələrin həyata keçirilməsində ən önəmli faktorlardan biri də yuxarıda sadalanan qurğuların bir çoxunun “Azərikimya” İB-nin mühəndis-texniki heyəti tərəfindən layihələndirilməsi və Birliyin Təmir-Tikinti İdarəsi tərəfindən tikilməsidir.

Bu günün güzgüsündə

Hazırda “Azərikimya” İB-də yeni layihələrin icrası davam etdirilir. 2020-ci ilin ortalarına qədərki hədəf bir sıra yeni qurğuların tikilməsi ilə “EP-300” istehsalatının effektliyinin artırılması və ömrünün daha 35 il müddətinə uzadılmasıdır. Bununla da SOCAR-Polymer layihəsi çərçivəsində inşa olunan polipropilen və yüksək sıxlıqlı polietilen zavodları tələb olunan keyfiyyətdə və miqdarda xammalla təmin ediləcəkdir. Qeyd edək ki, SOCAR qeyri-neft sektorunun inkişafı istiqamətində son illərdə əməliyyatların dayanıqlığını təmin etmək və bir əmtəə növündən asılılığını azaltmaq məqsədilə neft-kimya və qaz-kimya sektorunun genişləndirilməsi xəttini götürüb. Bu sahədə həyata keçirilən “SOCAR Polymer” layihəsi ölkəmizdə ilk dəfə layihə maliyyələşdirilməsi çərçivəsində həyata keçirilmişdir. Kompleksin tərkibinə ildə 120 000 ton yüksək sıxlıqlı polietilen və 184 000 ton polipropilen istehsal edəcək iki zavod daxildir ki, bu zavodların da xammal təminatçısı “Azərikimya” İstehsalat Birliyidir. Qeyd edək ki, “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun “EP-300” qurğusunda modernizasiya və yenidənqurma layihələrinin icrasının əsas qolunu da məhz “SOCAR Polymer” MMC-nin  Polipropilen (PP) və Yüksək sıxlıqlı polietilen (HDPE) qurğularının polimer markalı etilen, propilen və hidrogen xammalı ilə təmin edilməsi təşkil edir. Qeyd edilən  məhsulların əsas xammal mənbəyi isə Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan geniş miqyaslı rekonstruksiya işlərindən sonra  prosesdə alınan yan qaz məhsulları (quru qaz, propan-propilen fraksiyası (PPF) və doymuş C4 fraksiyası) olacaqdır. Burada xüsusilə vurğulamaq lazımdır ki, SOCAR-ın emal zavodları vahid iqtisadi dəyər zəncirində bir-biri ilə sıx bağlıdır. Heydər Əliyev adına Neft Emalı zavodu, “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodu və “SOCAR Polymer”  layihəsinə daxil olan zavodların bu istehsal prosesində inteqrasiyası nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində istismara verilən zavodlar SOCAR-ın planlı və mərhələli şəkildə ərsəyə gətirdiyi böyük dəyər zəncirinin hissələridir. Məhz SOCAR-ın dəyər zənciri çərçivəsində müəssisələrin bir-birinə xammal təchizatçısı kimi bağlanması sayəsində onların yüksək əməliyyat effektivliyi təmin olunur.

Kimya sənayesinin sabahına hesablanmış layihələr

“Azərikimya” İB-nin Etilen-polietilen zavodunda həyata keçirilən layihələr aşağıdakı işlərin görülməsini hədəfləyir: “EP-300” qurğusunun propilen istehsalı üzrə gücünün 135 min ton/ildən 187 min ton/ilə-dək artırılması, texnoloji avadanlıqların və texnoloji prosesin idarə edilməsi sisteminin yenilənməsi, qurğunun istehsal səmərəliliyinin və təhlükəsiz istismar etibarlılığının artırılması məqsədilə yeni qurğuların və istehsal obyektlərinin tikintisi. Bura Quru qazın təmizlənməsi qurğusu, PPF-nin təmizlənməsi qurğusu, Etilen və propilen anbarı, Hidrogenin zənginləşdirilməsi qurğusu, Hidrogenin istehsalı qurğusu (elktroliz qurğusu) və Yeni tipli 4 ədəd piroliz sobasının quraşdırılması daxildir. Həmçinin “EP-300” qurğusunda mövcud  istehsal bölmələrinin, avadanlıqların modernizasiyası, yenilənməsi və dəyişdirilməsi; texnoloji prosesin mövcud köhnə sistemdən tam olaraq AİS-ə keçilməsi; mövcud elektrik təchizatı sisteminin  və koməkçi qurğuların təkmilləşdirilməsi nəzərdə tutulur.

2020-ci ilin ortalarına qədər davam edəcək layihəyə İtaliyanın “Technip” şirkətinin Niderland və Fransa ofisləri mühəndislik, satınalma və tikinti işlərinin aparılması üzrə (EPC), SOCAR-KBR isə rekonstruksiya layihəsində məsləhətçi (PMC) qismində cəlb olunmuşdur. Qeyd edək ki, bu məqsədlə hələ 5 noyabr 2016-cı il Etilen-polietilen zavodunun yenidən qurulması layihəsi çərçivəsində “Azərikimya”  və “TECHNİP İTALY S.p.A.” şirkəti, eləcə də “SOCAR-KBR” Birgə Müəssisəsi arasında imzalanma mərasimi keçirilmiş, bundan sonra müvafiq işlərə start verilmişdir.

Layihənin əsas qrafikinə uyğun aktiv tikinti işləri 2017-ci ildə başlanılmış və layihənin tam olaraq yekunlaşdırılması 2020-ci ilin birinci rübünə planlaşdırılmışdır. Layihə çərçivəsində aparılan tikinti və montaj işlərinin pik dövründə hər il Sumqayıt şəhərindən və ətraf regionlardan 1800-2000 nəfər yerli işçilər işə cəlb olunur.  Ümumilikdə bu günə layihələndirmə işlərinin 98,5%-i, satınalma işlərinin 91,5%-i, tikinti işlərinin isə 35%-i tamamlanmışdır.

“Azərikimya” İB-də aparılan digər iri layihə Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin (BGK) enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyan yeni Buxar Turbogenerator qurğusunun tikintisidir. Bunun üçün 2016-cı ildə SOCAR ilə Almaniyanın “UNİPER” (EON) şirkətləri arasında saziş imzalanaraq, “SOCAR-UNİPER” Birgə müəssisəsi yaradılmışdır.

Layihənin məqsədi Etilen-polietilen zavodunun Buxar Generator Kompleksinin (BGK) mövcud 32 Mvt.s layihə gücünün 65 Mvt.s layihə gücünə çatdırılmasıdır. Bunun üçün əlavə turbogenerator quraşdırılaraq mövcud texnoloji sistem təkmilləşdiriləcəkdir.

İşlərin 2019-cu ilin sonuna yekunlaşması nəzərdə tutulmuşdur. Qeyd edək ki, artıq  layihə işləri 85%, əsas avadanlıqların sifarişi və hazırlanması 100%, tikinti işləri isə 10% həcmində görülmüşdür. Layihə başa çatdıqdan sonra yeni BGK 65 mvt.s gücündə çalışacaqdır. Bu qurğu “Azərikimya” İB-nin Sumqayıt Elektrik Şəbəkəsindən aldığı elektrik enerjisinə olan tələbatını tam ödəyəcək, qurğunun istehsal edəcəyi izafi 35 mvt.s elektrik enerjisi şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə, eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi təlabatçılarına ötürülməsi imkanını yaradacaqdır.   

SOCAR-ın dəyər zəncirinin ayrılmaz hissəsi

Bu gün ötən 9 ilə və hazırda görülən işlərə nəzər salınarkən gəlinən nəticə odur ki, ölkə başçısının strateji kursunu rəhbər tutaraq, SOCAR ötən dövr ərzində öz əməliyyatlarını və əmtəə növlərini önəmli dərəcədə şaxələndirmiş və bu məqsədlə “Azərikimya”nın texniki bazasının gücləndirilməsinə və dayanıqlı istehsalatın təşkil olunmasına sərmayələr qoymuşdur. Məhsul istehsalının artımına, xammal və yan məhsulların itkisinin qarşısının alınmasına yönəldilmiş yenidənqurma, əsaslı təmir və modernləşmə işləri, bu işlərin ən ciddi reqlamentlər əsasında aparılması, kimyaçıların əməyinin layiqincə qiymətləndirilərək əməkhaqlarının artırılması, iş və məişət şəraitinin yaxşılasdırılmaşı, tibbi sığorta ilə təminat bir canlanmaya və yüksəlişə səbəb olmusdur. Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən Sumqayıtda Təlim-Tədris Mərkəzinin yaradılması sayəsində yüzlərlə ixtisaslı gəncin “Azərikimya”nın müəssisələrində işlə təmin olunaraq kimyaçılar ailəsinin bərabərhüquqlu üzvü kimi uğurla çalışması və s. tədbirlər “Azərikimya” İB-də həm istehsalat, həm insan amili, həm də gəncləşmə siyasəti baxımından yeni bir mərhələnin başlanmasından xəbər verir. Bu həm də o deməkdir ki, Sumqayıt həm gözəl, həm ekoloji cəhətdən təmiz şəhər kimi, həm də regionun nəhəng sənaye mərkəzi kimi bir daha özünü təsdiqləməkdədir.

Rafiq Oday,

Əməkdar jurnalist