01 may 2020 12:42
6265

“Azneft” İstehsalat Birliyi xüsusi karantin günlərində... - FOTO

Dünyada yayılan koronovirus pandemiyası ilə bağlı Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminə baxmayaraq, həkimlər, polislər və digər əhəmiyyətli peşə sahibləri kimi, neftçilər də öz fəaliyyətlərini fasiləsiz olaraq davam etdirirlər. SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) kollektivi də bu çətin günlərdə öz üzərinə düşən işi yüksək səviyyədə yerinə yetirir. Ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etmək məqsədilə neftçilərimiz hər zaman olduğu kimi, bu gün də iş başındadırlar. İstehsalat Birliyinin idarəetmə aparatında, idarələrdə, dəniz obyektlərində koronovirusun yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər görülür. Birliyə aid bütün inzibati binalarda, dəniz obyektlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, işçilər xüsusi yoxlamadan keçirilir. Vətəndaşların fiziki qəbulları təxirə salınıb, müraciətlər yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir.

Dəniz özüllərində hansısa xəstəlik şübhəsi olan işçilərin təxliyə olunanadək digər işçilərdən təcrid edilmiş vəziyyətdə saxlanılması məqsədilə xüsusi evciklər yaradılıb. Xəstəlik şübhəsi olan işçilərin digər insanlardan təcrid olunmuş halda təxliyə olunmalarını təmin etmək üçün daim hazır vəziyyətdə xüsusi təchiz olunmuş helikopter, gəmilər ayrılıb. “Azneft” İstehsalat Birliyinin idarəetmə aparatında koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılan fövqəladə əksepidemik qərargah həftənin 7 günü, sutkanın 24 saatı öz fəaliyyətini davam etdirir. Qərargahda mütəmadi olaraq idarələr, dəniz obyektləri ilə “skype” və “whatsapp” bağlantısı qurulur, koronavirus epidemiyasının yayılmasının vaxtında qarşısının alınması, həyata keçirilən zəruri profilaktik və təxirəsalınmaz tədbirlərlə bağlı müzakirələr aparılır.

“Azneft” İstehsalat Birliyinin baş direktoru Şahmar Hüseynov “İki sahil” qəzetinə açıqlamasında dəniz obyektlərində 15 gündən çox qalan işçilərin növbədəyişmə prosesinin artıq yekunlaşdığını vurğuladı: “Qeyd etdiyimiz kimi, aprel ayının əvvəlindən başlayaraq “28 May”, “Neft Daşları”, N.Nərimanov adına və “Abşeronneft” neft və qazçıxarma idarələrinin işçiləri, eyni zamanda orada xidmət aparan podratçı təşkilatların əməkdaşları xüsusi ayrılmış karantin zonalarına yerləşdirilir, həkim yoxlamalarından keçdikdən sonra qrup halında dənizə yola düşürdülər. Artıq proses yekunlaşıb. “Azneft” İstehsalat Birliyində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görülür, mövcud vəziyyət daim nəzarətdə saxlanılır.”

SOCAR-ın bütün struktur bölmələrində olduğu kimi, “Azneft” İB-də də bəzi işçilərə onların vəzifə funksiyalarını evdə yerinə yetirməsi mümkün olduğu hallarda rəhbərlər ilə razılaşdırmaqla, iş yerinə gəlmədən evdən işləmə (“From Home”) imkanları yaradılıb.  

Birliyin Neftin, qazın hasilatı və nəqli üzrə istehsalat şöbəsinin böyük mühəndisi Qalib Musayevin sözlərin görə, evdən işlədiyi müddətdə işlərin davamiyyətini təmin etmək üçün xüsusi karantin rejimi müddətində əzm və məsuliyyətlə vəzifə öhdəliklərini yerinə yetirib: “Evdən işləməyin, evdə qalaraq sağlam həyat tərzi sürmək, sağlam qidalanmaq kimi üstünlükləri var. Ev şəraitində çalışmaq ofis şəraitində çalışmaqdan asan olsa da, çox böyük diqqət tələb edir. Evdən işləyərkən, iş yoldaşlarımız və iş saatı olmadağından motivasiyamızı itirməmək üçün özümüzə iş saatları təyin etməyin təcrübəsini qazandıq.”

“Azneft” İB-nin İnsan Resursları Departamentinin kadr hazırlığı üzrə aparıcı mühəndisi Orxan Səfərli isə vurğuladı ki, iş təcrübəsində ilk dəfə belə hal ilə rastlaşdığına görə, başlanğıcda qeyri-müəyyənlik olub: “Artıq bir neçə gün sonra tam adaptasiya ola bildim. Evin bir hissəsində iş masası yerləşdirərək müəyyən formada ətrafdan təcrid olunmağa çalışdım və saat 09:00-18:00 arası fikrimi işimə cəmləməyi bacardım. Bir müddətdən sonra evdən işləməyin müəyyən mənada hətta daha effektiv olduğu qənaitinə də gəldim. Sumqayıtda yaşadığımı nəzərə alsaq, hər gün işə gələrkən yolda 2 saatdan çox vaxt itirməklə bərabər, tıxaclarda stress və gərginlik keçirirdim. Evdən işləyərkən isə, daha gümrah və daha effektiv çalışıram. Normalda itirdiyim 2 saat vaxtı isə, müəyyən vebinarlara qatılmağa, kitablar oxumağa sərf edərək peşəkar inkişafıma da çox zaman ayırmış oluram.”

İstehsalat Birliyinin Energetika şöbəsinin energetiki Vüqar Dürüstkar da əlavə edib ki, mövcud vəziyyətlə əlaqədar evdən işləmək qərarını son dərəcə bəyənib: “Çünki, bununla biz eyni vaxta üzərimizə düşən iki vacib vəzifəni yerinə yetiririk - ailəmizi qoruyuruq və gündəlik işimizi icra edirik. Evdən işləyən zaman konkret vaxt, müddət tətbiq etməklə öz işimi görürəm. Bu işi vaxtında və dəqiq yekunlaşdırmağa kömək edir. Bundan başqa iş saatını özünün təyin etmək imkanı, göndəlik toplantıların olmaması, yola vaxtın sərf edilməməsi kimi üstünlüklərin olmasını xüsusi qeyd etmək olar.”

Qeyd edək ki, “Azneft” İstehsalat Birliyinin kollektivi istehsalat fəaliyyəti ilə yanaşı, dövlətin koronovirusla bağlı tədbirlərinə, eyni zamanda həkimlərimizə dəstək məqsədilə həyata keçirilən sosial xarakterli çağırışlarda da aktiv iştirak ediblər.

Orxan Vahidoğlu, “İki sahil”