Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin qəbulunda olarkən ötən ilin mayından etibarən fəaliyyət göstərən DOST mərkəzləri barədə də bəhs olunub. Qeyd olunub ki, mayda açılan ilk mərkəzdən sonra dekabrdan etibarən fəaliyyət göstərən ikinci mərkəz fəaliyyətə başlayıb və həmin mərkəzlərdə indiyədək birlikdə 81 min müraciət qəbul edilib. Burada göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 95,8 faizdir.
AZƏRTAC xəbər verir ki, qəbulda nazir bu barədə məlumat verərək deyib: “8 yeni mərkəz üzərində iş aparılır. Onlardan biri yaxın günlərdə açılış üçün hazır olacaqdır. Bu 8 mərkəzdən ikisi Bakıda, digərləri Abşeronda, Sumqayıtda, Qubada, Bərdədə, Şəkidə və Sabirabadda yaradılacaq. Regional DOST mərkəzlərində əlavə olaraq peşə hazırlığı mərkəzi komplekslərinin də yaradılması nəzərdə tutulur. Bu mərkəzlərdə müraciət edən işsiz və işaxtaran vətəndaşlarımızın peşə hazırlığı təmin olunacaq”.
Nazir qeyd edib ki, DOST mərkəzi fəaliyyətə 90 xidmətlə başlasa da, xidmətlərin sayı əvvəlcə 126-ya, sonra isə 132-yə qədər artıb: “Biz düşünürük ki, yeni məşğulluq xidmətləri də buraya əlavə edildikcə, bu mexanizm təkcə sosial təminatyönümlü deyil, eyni zamanda, məşğulluq və əmək münasibətləri baxımından da geniş nəticə əldə edəcəkdir. “Çağrı” mərkəzi də DOST mərkəzlərinə inteqrasiya olundu. Ona görə də, orada bizim ciddi şəkildə artımımız meydana çıxdı və qısa müddət ərzində Azərbaycanda ən çox istifadə olunan “Çağrı” mərkəzlərindən birinə çevrildi”.