12 sentyabr 2020 18:39
2246

Bərdə rayonunda Qarabağ müharibəsi əlili üçün ev tikilir

Bərdə rayon Hacıəhmədli kəndində yaşayan II qrup Qarabağ müharibəsi əlili İsmayıl Rüstəmov üçün ev inşa edilir.

İsmayıl Rüstəmov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, evini özü tikmək istəsə də, hər zaman vətəndaşlarının yanında olan dövlətimiz ona bu sahədə böyük dəstək olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi sayəsində onun üçün ev tikilməyə başlanıb. Evin tikintisi artıq başa çatır. Dam örtüyü vurulub, su, istilik və elektrik xətləri çəkilib. Hazırda suvaq işləri aparılır. Yaşayış evinin sahibinə oktyabr ayında təhvil verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Bərdə rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ötən ildə 21 fərdi ev inşa edilib. 2020-ci il üçün isə rayonda bu kateqoriyadan olan ailələrə 19 fərdi ev tikilir. Ümumilikdə isə respublikamızın bütün bölgələrində bu istiqamətdə ardıcıl iş aparılır. Ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8172 mənzil və fərdi ev təqdim edilib. Dövlət başçısının tapşırığına əsasən bu il şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda olmaqla azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 584 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 30 fərdi ev) verilib. Qalan mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.