18 avqust 2020 18:07
4586

Bermud üçbucağı həqiqətən mistik bir məkandırmı?

Uzun illərdir ki, insanlar Bermud üçbucağı adlı mistik bir yerin mövcudluğuna inanırlar. Bəzi insanlar onun real olduğunu inkar etsələr də, bəziləri belə bir sirli sahənin mövcudluğunu sübut etməyə çalışırlar.

Bermud üçbucağının sirri

Bermud üçbucağının tarixi maraqlı xüsusiyyətləri ilə insanları cəlb edir. Tez-tez “ekspertlər nəhayət ki, Bermud üçbucağının sirrini tapdılar” başlıqlı informasiyalarla qarşılaşırıq.

Əslində isə Bermud üçbucağının həqiqətən mövcud olduğunu söyləmək olmaz. Bermud üçbucağı zirvələri Florida (ABŞ), Bermud adaları və Puerto Riko ilə üst-üstə düşən üçbucaq şəklində bir okean parçasıdır.

Belə bir sual yaranır: Bu zonada həqiqətənmi mistik olan bir şeylər var, yoxsa ora da planetimizin adi regionlarından biridir və insan fantaziyasının məhsulundan başqa qəribə olan heç nə yoxdur?

Bermud üçbucağı anlayışı nə vaxt yarandı?

İlk dəfə Bermud üçbucağı haqqında 1950-ci illərdə danışılmağa başlanılıb. Eduard Van Vinkl Cons adlı jurnalist “Associated Press”də həmin regionda tez-tez təyyarə və gəmilərin yoxa çıxması və qəribə hadisələrin baş verməsi haqqında yazı yazmışdı.

Bermud üçbucağı 1970-ci illərdə Çalz Berliçin “Bermud üçbucağı” adlı bestselleri çap edildikdən sonra daha da məşhurlaşdı. İnsanlar bu bölgədəki UFO-lar, dərinliklərin sirli canavarları, qəfil küləklər və guya bu bölgənin sularında baş verən sirli hadisələr haqqında danışırdılar.

Ümumi götürsək, guya dəniz və okeanlarda baş verən hər şeyi bilirikmi?

“Costa Concordia” haqqında bir çox insan bilir, bəs dənizdəki digər hadisələr haqqında?

Hər şeyə skeptik yanaşan amerikalı yazıçı və tədqiqatçı Benjamin Radford Bermud üçbucağında baş verən mistizm haqqında aşağıdakı fikirləri dilə gətirib: “Bəzi hallarda, sulu, üçbucaqlı qəbiristanlıqda itirildiyi iddia edilən gəmi və təyyarələrin sadəcə qeydləri yoxdur. Onlar heç vaxt yazıçının təsəvvüründən kənarda mövcud olmayıblar. Gəmilər və təyyarələrin özləri kifayət qədər həqiqidir, ancaq qəzaların təfərrüatları qəsdən buraxılır. Xüsusilə, şiddətli fırtınalar zamanı belə hadisələr baş verirdi. Əslində gəmilər ümumiyyətlə, Bermuda üçbucağından aralı bir sahədə batırdı”

Niyə gəmilər məhz Bermud üçbucağında yoxa çıxırlar?

Bu regionda xəbər-ətərsiz batan qayıq və gəmilər çoxdur. Lakin unutmaq olmaz ki, həmin zona tufan və qasırğalar baxımından çox təhlükəli zona sayılır, xüsusilə “Qolfstrim” cərəyanının oradan keçməsi onu göstərir ki, “Bermud” sirrinin çoxlu araşdırılmamış tərəfləri var.

Bermud üçbucağının mistizmi haqqında istənilən qədər danışmaq olar, əslində isə o təbii hadisələrin tüğyan etdiyi okean parçasından başqa bir şey deyil.

Nubar Süleymanova, “İki sahil”