23 yanvar 2020 20:08
3075

Bəs sizin soyadınız nədir?

İslandiyadan başqa hər ölkənin özünəməxsus soyadları var. Burada hər 10 nəfərdən təxminən yalnız birində soyadı ola bilər , qalanlara isə soyad almaq qanunla qadağan olunub.Onlar soyadı yalnız xaricdə ala bilərlər. Bu ölkədə soyadı yerinə, insanlar ata adı daşıyırlar.Digər ölkələrin dünyada ən çox yayılmış soyadları haqqında danışaq.

Çin

Dünyada yaşayan 100 milyon insandan çox Li soyadını daşıyır və bu insanların əksəriyyəti Çində yaşayır. Çində 1990-cı illərdən  çox yayılan Çjan soyadı, hətta “Ginnesin Rekordlar Kitabı”na düşüb. Bu soyad 4000 il əvvəl öz köklərini qədim Çin imperiyasından götürüb. Həmçinin burada çox yayılan soyadlardan biridə Vongdur. Çinlilər müxtəlifliyi sevmirlər və buna görə çox yayılmış ad və soyadlardan istifadə edirlər.

Rusiya

Sizcə, Rusiyada ən çox yayılan soyadı nədir? Çoxlarınız düşünmədən İvanov soyadını qeyd edəcəksiniz, lakin bu, belə deyil. Son zamanlar Rusiyada ən çox yayılmış soyad Smirnovdur. Bu soyadı 2.5 milyon insan daşıyır və onların əksəriyyəti Rusiya və Belarusda yaşayırlar. Smirnov soyadının mənası sülh və barışıq deməkdir.

ABŞ

ABŞ-da ən çox yayılan soyad Smitdir. Ancaq nəinki ABŞ-da 2 milyondan çox insan Smit soyadının daşıyıcılarıdır, hətta İngiltərədə, Avstraliyada,Yeni Zelandiyada və digər inglis dilli ölkələrdə Smit soyadı çox yayılıb. Digər yayılan soyadlardan biri də Jonsonsdur. Son 100 il ərzində bu soyadlar öz aktuallığını itirmirlər.

Almaniya

Almaniyada çox geniş yayılan Müller soyadıdır. Müller soyadı, həmçinin Avstraliyada və İsveçrədə də geniş yayılıb. Almanlar mürəkkəb adları çox sevirlər və bu onlarda katolik bir ənənədir.

Yaponiya

Uzaq və əsrarəngiz Yaponiyada insanların çoxu Suzuki adlanır. Yaponiyada yayılan soyadların əksəriyyəti ölkənin mənzərəli və gözəl yerlərinin adlarıdır. Bu ölkədə gözəl mənalı ad və soyadları çox sevirlər.

Braziliya

Tipik Braziliya sakini Silva və ya Santos soyadını daşıyır. Burada yaşayan insanların ad və soyadlarının kökləri Portuqaliyaya gedir və bu, heç də təəcüblü deyil, çünki Portuqaliya 300 il ərzində Braziliyanı idarə edib. Braziliyalılar yalnız mürəkkəb adları sevirlər.

İspaniya

İspaniya dedikdə Qonzales soyadı yada düşür. İspanların 2.08% -i bu soyadı daşıyır. Bu soyad hətta Latın Amerikasında, Çilidə və Argentinada çoxluq təşkil edir. İspaniyada məşhurlaşmış soyadlardan biri də Qarsia soyadıdır. İspaniya əhalisinin 3.32%-i bu soyadın daşıyıcısıdır.

Hindistan

Hindistanda hər şey çox mürəkkəbdir,çünki burada cəmiyyət kastalara bölünür və bu bölgü insanların həyatını çox çətinləşdirir.Hindistanlılar çox dindar və eyni zamanda çox qəhrəman və şərəfli bir xalqdır. Soyadları sanki onlar haqqında danışır: Singh- aslan, Xan- Padşah, Devi- Tanrı. Devi və Singh soyadları burada çox məşhurdur.

Cənubi Afrika

Cənubi Afrikada ən çox yayılan soyadları - Dlamini və Ntulidir. Bu soyadlar daha çox Keyptaun və Yohannesburq əhalisi arasında yayılmışdır. Cənubi Afrikada yaşayan insanlar uşaqlarına, həmçinin qəşəng və əhəmiyyətli adlar verməyi sevirlər. Məsələn, Nemət(mübarək), Preshes(zər), İmanati(dua növü)

Samirə Tağıyeva, “İki sahil”