17 mart 2020 20:32
1397

Bəşəriyyət tarixində “COVİD-19”dan daha ağır pandemiyalar

Pandemiya qlobal olaraq, yeni bir virus və ya bakteriyanın qısa bir zaman ərzində yayılmasıdır. Pandemiya sözü yunan dilində “pandemos” sözündən götürülüb, “pan” bütün, “demos” insanlar mənasını verir. Epidemiyadan fərqli olaraq, pandemiya daha böyük əraziləri əhatə edir və daha sürətlə yayılır. Pandemiya zamanı ölüm sayı da epidemiyadan yüksək olur.

Yayılan yeni virusa qarşı insanların immuniteti reaksiya vermir, nəticədə mutasiyaya uğrayan virus pandemiyaya səbəb olur. Adətən pandemiyalar sosial problemlər, iqtisadi itkilər və çətinliklərlə nəticələnir. Əsrlər boyu baş verən müxtəlif pandemiyalar iqtisadi, siyasi və demoqrafik nəticələri ilə dünya düzəninin dəyişməsi kimi önəmli rollar boynuna götürmüş və boynuna götürməyə davam edir.

Hazırda pandemiya elan edilən “COVİD-19” virusu indiyədək dünyada baş vermiş bir çox pandemiyalardan daha yüngül və yayılmasına görə daha zəif hesab edilə bilər. Bəşəriyyəti ara-ara təşvişə salan xəstəliklərlə aşağıda tanış ola bilərsiniz:

Qara vəba

14-cü əsrdə yayılan Qara vəba epidemiyasının 75-100 milyona yaxın insanın ölümünə səbəb olduğu deyilir. Həmin dövrdə xəstəlik üzündən Avropa əhalisi 30-60 % azalmışdı. Əsasən, Avropada yayılan bu xəstəlik Afina, Antoninus, Kiprus və Yustinianus adları ilə müxtəlif illərdə təkrarən ortaya çıxmışdı.

Kokoliztli

Ebola və ya Denge viruslarının səbəb olduğu xəstəlik kimi bu xəstəlik də yoluxucu və davamlı idi və çox zaman ölümlə nəticələnirdi. İnfeksiya 1545-1548-cil illər arasında Meksikada başlamışdı və təxminən 5 milyondan 15 milyona qədər yerli əhalini öldürmüşdü. Yüksək qızdırma və qanaxma ilə səciyyələnən sirli xəstəliyin yayılmasında ispanlar günahlandırılırdı.

Xolera

19-cu əsrin əvvəllərində Asiya və Avropanı bürüyən xolera da mindən çox adamın ölümünə səbəb olmuşdu. Ən böyük xolera epidemiyası Yaponiyada yaşanmışdı. Daha sonra Moskva, Berlin, Paris, London və Osmanlı İmperiyasında yayılaraq, pandemiyaya çevrilmişdi. Diareyaya və bədənin susuzlaşmasına səbəb olan bu infeksiya müalicə olunmazsa, bir neçə saatın içərisində öldürürdü.

Xolera hazırda da dünyada insanların ölüm səbəblərindən biri olaraq qalır. ÜST hər il Yer kürəsində 1,3-4 milyon yoluxma halının olduğunu bildirir.

Çiçək xəstəliyi

Çiçək xəstəliyi kəskin infeksion xəstəlikdir. Bütün yaşlarda rast gəlinirdi, lakin daha çox uşaqlar bu xəstəliyə yoluxurdular. Bəşəriyyət tarixində ölümün ən çox təsadüf edilən səbəblərindən biri sayılırdı. İnfeksiyaya tutulmuş insanların 30 %-də ölümlə nəticələnirdi. Çiçəyə son yoluxma halı 1977-ci ilin oktyabrında baş vermişdi.

Tif xəstəliyi

Tarix boyu müxtəlif tif epidemiyaları olub, lakin ən dəhşətlisi 1848-ci ildə baş vermişdi. Yoluxucu xəstəlik İrlandiyada qıtlıqdan Kanadaya qaçan 20 mindən çox insanın, əsasən İrlandiyalı mühacirlərin ölümü ilə nəticələndi. Qızdırma, qolların, kürəyin və sinənin üzərindəki qırmızı ləkələr, çürük əti qoxusu ilə müşayiət olunan qanqrenoz yaraları tif xəstəliyinin əlamətləri idi. Xəstəlik əsasən hərbi hissələrdə yayılmışdı.

İspan qripi

1918-1920-ci illərdə yayılan ispan qripi müasir dünya tarixində ən dəhşətli pandemiya hesab olunur. 18 ay ərzində 50-100 milyon insan bu infeksiyadan dünyasını dəyişmişdi. İmmun problem olmayan insanlar belə bu xəstəliyə tutulurdu.

İİV-QİÇS xəstəliyi

İnsanın İmmun Çatışmazlığı virusundan 1981-ci ildən bəri 35 milyon insan dünyasını dəyişib. Təkcə 2017-ci ildə 940 min nəfərin ölümünə səbəb olub. 2014-cü ildə dünya üzrə 36,9 milyon nəfərdə bu virus aşkar edilib. Ən çox İİV xəstələrinə Cənubi Afrikada rast gəlinir.

Donuz qripi

Donuz qripi 1957-1958-ci illərdə təxminən 2 milyon insanın ölümünə səbəb oldu, 1889-1890 və 1968-1969 illərdə isə Rusiya və Honkonqda 1 milyon adam öldü. 2009-cu ildə isə “donuz qripi” pandemiyası təxminən 284,500 nəfərin ölümünə səbəb oldu.

H1N1 qripi virusunun səbəb olduğu donuz qripinin ilk qurbanı  Meksikanın mərkəzində 2009-cu ilin mart ayında virusa yoluxmuşdu. Aprel ayına qədər virus  Kaliforniyaya çatdı, 10 yaşında bir uşağı yoluxdurdu və sonra qorxu və kütləvi çaxnaşmaya səbəb olaraq, qısa bir zamanda dünyaya yayıldı.

Ebola

2013-2016 illər arasında Qərbi Afrikada baş verən Ebola xəstəliyi 11300-dən çox insanın ölümünə səbəb olub. Qərbi Afrika Ebola xəstəliyi Qvineyada 2013-cü ilin dekabr ayında başlamış, bütün Qərbi Afrika ölkələrində yayılmışdı. 2016-cı ilin iyununda başa çatan epidemiya, yoluxmuş insanların sayı və ölüm sayına görə tarixə ən ölümcül Ebola epidemiyası kimi daxil oldu.

Nubar Süleymanova, “İki sahil”