Xəzərin bağrında daşlaşmış xəncəri xatırladan Nargin adasına baxa-baxa bu gün dünyanı cənginə almış pandemiya barədə düşünərkən nədənsə ağlıma “Bəşəriyyətin “37-ci ili” fikri gəldi. Xalq arasında “ölüm adası” deyilən Narginin hər dəfə adı çəkiləndə adamın yadına istər-istəməz 37 – ci ilin günahsız qurbanları düşür. Qorxu və ölüm simvoluna çevrilən bu ada “qırmızı terror” dövründə Azərbaycanda “gedər-gəlməz” sözünün sinoniminə çevrilmişdi. Amma insan talelərindən bəhs edən dəhşətli hadisələri göz önündə canlandıran “gedər-gəlməz” ifadəsi təkcə Nargin adasına deyil, həm də şaxtalı – çovğunlu Sibirin, Uzaq Şərqin, Qazaxıstanın və Uralın ölüm düşərgələrinə şamil olunurdu.
Həmin illərdə baş verən vahiməli, ölümcül repressiya ruzigarları elə indiki pandemiya kimi insanları qəflətən öz caynağına alırdı. Lakin 37 – ci ilin kütləvi insan qırğınları təkcə Sovet cəmiyyətində yaşayan xalqların faciəsi idi. Bu gün isə dünyanı təşvişə salan “taclı” virus yer üzündə yaşayan bütün dünya xalqlarının, bir sözlə, bəşəriyyətin faciəsidir.
O qorxunc 37-ci illərdə olduğu kimi, indi də insanlar bir-birlərindən bacardıqca gen gəzməyə çalışırlar. Üz-üzə gələndə salamlaşsalar da bir-birinə əl uzadıb görüşmürlər. Hətta bir çoxları uzaqdan-yaxından gördüyü ən əziz dost-tanışına belə koronavirusun potensial “daşıyıcısı” kimi baxırlar. Marşrutda gedərkən, dükan-bazarda alış-veriş edərkən qocalı-cavanlı adamların çoxu daxilində həyəcan keçirir, dayanacaqların gur yerində bir-biri ilə səksəkəli davranırlar.
Pandemiyanın yaratdığı özünütəcrid yaşam forması canlı ünsiyyəti mümkünsüz etdiyindən babalar yarım saatlıq məsafədə yaşayan sevimli nəvələrinin ad günlərini virtual təbrik edirlər. Yubiliyarlar hətta xudmani məclis keçiməkdən çəkinirlər, yazıçılar-şairlər yeni kitablarını sosial şəbəkədə paylaşmaqla qane olurlar. Nişanlı gənclər isə toylarının təxirə salınmasını nə qədər çətin də olsa anıayışla qarşlamağa məcburdurlar.
Əlbəttə, bu həsrətin, çətin günlərin gec-tez sonu gələcək. Yenə toy-büsat olacaq, qızlar gəlin köçəcək, bəy oğlanlar dostları ilə “yallı” gedəcək, yenə də babalar öz sevimli nəvələri ilə birlikdə deyib - gülüb şənlənəcəklər.
Fəqət ötən ilin sonundan “Çin səddini” aşıb bütün dünyada fəsad ocaqları yaradan, yüz minlərlə insanın həyatına son qoyan “gözəgörünməz düşmən” öz gücünü hələ də qoruyub, saxlamaqdadır. Necə deyərlər, “taclı virus” nəfəsdən nəfəsə qonub, “bədəndən-bədənə səfərinə” davam etməkdədir. Yer üzündə milyonlarla insanı xəstəliyə yoluxdursa da yenə hucumdadır. Hələ ki, dünyanın tibb alimləri, virusoloqları bu “gözəgörünməz düşməni” məğlub eməyin yollarını axtarırlar. Ən inkişaf etmiş ölkələrdə belə tibb elminin çarə tapmadığı, aciz qaldığı COVID-19 pandemiyasının bəşəriyyətin başı üzərində kabus kimi nə vaxta kimi cövlan edəcəyini proqnozlaşdırmaq olmur.
Dünənə kimi qoca Şərqdə meydan oxuyan, Suriyanı, İraqı, Əfqanstanı hərbi poliqona çevirən, İŞİDİ silahalandıran dövlətlər belə, “taclı virusun” qarşısında əsir-yesir qalıblar. Sanki gözəgörünməz qüvvə koronavirus pandemiyasının “əli” ilə Qərbin Şərq üzərində hegemonluq siyasətini cilovladı. Siyası iddiası ilə dünyaya sığmayan nəhənglər indi öz qınına çəkiliblər. Ayrı-ayrı ölkələrdə mübarizə tədbirləri çərçivəsində komendant saatları, xüsusi karantin rejimi və sosial izolyasiya tədbirləri tətbiq edilir.
Bu gün bir tərəfdən insanların sağlamlığını qorumaq, digər tərəfdən ortaya çıxan sosial-iqtisadi fəlakətlərdən qorunmaq dövlətlərin başlıca probleminə çevrilib. Koronavirus pandemiyası, eyni zamanda, multikultural və tolerant dəyərlərə də təsirsiz ötüşmür. İlk növbədə Avropa uzun illərdir təbliğ etdiyi multikulturalizm ideyalarından geri çəkilməyə başladı. Mənəvi dəyərlərin tənəzzülü fonunda epidemiyanın başladığı ilk günlərindən Avropanın bəzi ölkələrində xəstəlikdən ölən müsəlman miqrantlara dəfn olunmaq üçün belə yer tapılmaması multikultural münasibətin həqiqi mahiyyətini ortaya qoydu. Aydın oldu ki, Avropa ölkələrinin son illərəcən geniş təbliğ etdiyi multikultural dəyərlər yalnız həmin ölkələrə kənardan işçi qüvvəsi cəlb etmək üçün şüar xarakteri daşıyırmış...
Dünyada koronavirusa yoluxma və ölümlə bağlı ən təhlükəli ölkələrin sırasında ABŞ, Braziliya, Rusiya, Hindistan, Böyük Britaniya, İtaliya, Peru, İran və Almaniyanın adları yer alıb. Rusiya mətbuatının “koronavirus cəhənnəmi” adlandırdığı Ermənistanın ən təhlükəli ölkələrin adlarının yer aldığı siyahıda olmaması da təəccüb doğurur. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyninin fikrincə, Ermənistanın təhlükəli dövlət kimi o siyahıya düşməməsi üçün erməni lobbisi də gecə-gündüz çalışır: “Onlar dünya informasiya şəbəkəsində mövcud olan lobbiçilik fəaliyyətləri ilə müəyyən bir müddətdə istər işğal, istər müharibə, istər terror, istər soyqırım, istərsə də koronavirusla bağlı öz məlumatlarını gizlədə bilirlər. Onlar bu kimi məsələlərdə “usta”dırlar. Bu gün həm də dünyanın başı özünə qarışıb və Ermənistan onları maraqlandırmır. Ermənilər də fürsətdən istifadə edərək informasiyaları gizlədə bilirlər...Rusiya mediası Ermənistanı “koronavirus cəhənnəmi” adlandırıb və eyni zamanda, Paşinyan da elan edib ki, cəhənnəmin ortasındadırlar.”
Hazırda bəşəriyyət qeyri-müəyyən vəziyyətin içində, sözün əsl mənasında, ölüm-dirim savaşının ortasındadır. Koronavirusla bağlı dünyadakı vəziyyət deməyə əsas verir ki, planetimizin əhalisinin böyük hissəsi bu virusa yoluxmağa məhkumdur. Əslində virusun yayılmasının beynəlxalq təhlükə mənbəyi olduğunu dərk etməkdən və bu barədə düzgün informasiya verməkdən çox şey aslıdır.
Dünya COVID-19 pandemiyasının birinci mərhələsindən tam yaxa qurtarmamış ikinci və daha təhlükəli dalğası ilə üz-üzə qalıb. Ölkələrdə tətbiq olunan sərt karantin rejimləri infeksiyaya yoluxma dinamikasını bir qədər sabitləşdirsə də, yumşaldılmalar zamanı virus yenidən sürətlə yayılmağa başlamışdır.
Dünyanın bir çox ölkələrindən fərqli olaraq Azərbaycanda pandemiyaya qarşı zamanında atılan çevik və qabaqlayıcı tədbirlər epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verdi. Təşkil olunan çarter reysləri ilə vətəndaşlarımızın nizamlı qaydada xarici ölkələrdən təxliyəsi, Vətənə gətirilən insanların karantində saxlanılması kimi hallar dövlətin öz vətəndaşına sağlam münasibətini, humanizm prinsiplərini sərgilədi. Hazırda da koronavirusla bağlı bütün mümkün tədbirlər həyata keçirilir.
Mütəxəssislərin bildirdikləri kimi, koronaviruslu xəstələrin erkən aşkarlanması virusun yayılmasının qarşısının alınmasında ən təsirli vasitələrdən biridir. Buna görə də ölkəmizdə ilkin zamanlardan etibarən gündəlik olaraq virusun aşkarlanması üçün çoxsaylı testlər aparılır. Və bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında ilkin sıralardadır. Ölkədə aparılan ciddi mübarizə tədbirləri Azərbaycan xalqının sağlamlığının qorunmasına böyük töhfədir.
Bu bir reallıqdır ki, insanlıq hər zaman çətin vaxtlarda daha həmrəy, tolerant olmağa çalışır. Lakin pandemiya eyni zamanda seçim etmək zərurətinin ortaya çıxmasına şərait yaradır: İnsanlığın məhv olmaması və soyunun davam etdirilməsi isə məhz yenə də elə insanın öz əlindədir. Hə bir şəxsin məsuliyyətli davranışı təkcə onun özünün yox, ilk növbədə ailəsinin, doğmalarının, ünsiyyətdə olduğu digər insanların səhhətinin qorunması üçün vacibdir.
Bu, min illərdir sübut olunmuş bir faktdır ki, heç bir dərd çarəsiz deyil. İndiki halda, yəni virusa qarşı dərman müalicəsinin, yaxud vaksinin tapılmasına qədər koronavirusa yoluxmaqdan qorunmaq lazımdır.
Alimlər nikbinliklə qeyd edirlər ki, bəşəriyyətin pandemiyalar, onları yaradan səbəblər, onlara qarşı mübarizə üsulları haqqında məlumatları və fəaliyyəti xeyli dərəcədə yaxşılaşmışdır və bu da ümid verir ki, tarixdə baş verən pandemiyalarda qeydə alınan insan ölümləri qədər itkilər hal-hazırda rastlaşdığımız COVID-19 pandemiyasında baş verməyəcək.
Biz də bu nikbin notlarla yazımıza yekun vururuq: əminik ki, koronavirus pandemiyası gözəgörünməyən düşmən olsa da dünyanı illərlə döyüş vəziyyətində, karantinlərdə saxlamayacaq. Bəşəriyyət tezliklə normal həyatına qayıtmağa başlayacaq.
Nurəddin Muğanlı, “İki sahil”