KÖŞƏ

Elşad Miraləm

BİZ KİMİK?

23 yanvar 2019 11:29
1700

Özünütənqid əlbət ki, müsbət keyfiyyətdir. Ancaq o həddini aşanda, son günlər çox dəbdə olan ifadə ilə desək, ifrat dərəcəyə çatanda mütilik psixologiyası aşılayır. “Bu xalq düzələsi deyil”, “Bura Azərbaycandır”, “Biz kimik ki?” - bu və buna bənzər ifadələr illərdir dilimizi yağır, qulağımızı sağır eləyib.

Biz kimik ki? Bu gün bu suala cavab vermək haqqını biz Şuşada, Pənah xanın məğrur, lakin sahibsiz qalasının divarları arasında qoyub gəlmişik. Ona görə də bu suala cavab vermək istəyəndə dilimizin kəkələməkdən başqa heç nəyə gücü çatmır. Ancaq tarixin ki nitqi qüsurlu, dili pəltək deyil! Dinləmək istəyən olsa, O bizim haqqımızda çox şey danışa bilər...

Biz Asiyadan Avropaya, Avropadan Afrikayadək üç qitəni əhatə edən böyük bir coğrafiyada nəhəng imperiyalar qurmuş, adı tarixin daş kitabələrinə yazılmış türklərin törəmələriyik.

600 ildən çox dünyaya hökmranlıq etmiş, bəşəriyyətin tarixində yeni bir səhifə açmış Ərəb Xilafətinə qarşı bənzəri görünməyən müqavimət hərəkatı yaradaraq, bu ucsuz-bucaqsız imperiyanın çökməsində mühüm rol oynamış Babəkin genlərini daşıyırıq.

Şimalda Dərbənd mahalından başlayaraq cənubda Fars körfəzinə, şərqdə Amu-dərya çayından Qərbdə Kiçik Asiya və Gürcüstanın mərkəzinədək nəhəng bir coğrafiyada 200 il hökmranlıq edən Şah İsmayıl Səfəvinin nəvələriyik.

İki yüz ildən çoxdur ki, ikiyə bölünməyimizə baxmayaraq, tariximizi, milli kimliyimizi, adət-ənənələrimizi, dilimizi, dinimizi və mədəniyyətimizi hifz etməyi bacardıq. XX əsrin əvvəllərində Şərqin ilk demokratik dövlətini, parlamentli respublikasını qurduq. İlk operanı yaratdıq. İkinci Dünya müharibəsinin nəticəsi Azərbaycanda, azərbaycanlı fəhlələrin çıxardığı neft, azərbaycanlı alimin kəşf etdiyi yüksək oktanlı benzinlə həll olundu.

Dünya tarixində ilk dəfə açıq dənizdə neft çıxardıq. Bir soydaşımız bu gün dünyada bütün proseslərin idarə olunduğu texnologiyaların əsaslandığı nəzəriyyəni yaratdı. Başqa biri SSRİ kimi nəhəng bir imperiyanın hakimiyyət ierarxiyasındakı 9 nəfərdən biri oldu.

SSRİ-nin çöküşü başladı və Azərbaycan xalqı bu prosesin ən fəal iştirakçısı olduğuna görə dünyanın ən mübariz xalqı adını qazandı. SSRİ dağıldı və biz üç əjdahanın nəhəng pəncələri arasında, müharibənin, odun-alovun içində kiçik, ancaq sözün həqiqi mənasında müstəqil bir dövlət qurduq.

Tarix bizdən daha yaxşı bilir, biz kimik...

Biz axı özümüzə tarixin gözü ilə baxmırıq. Ona görə də heç bir mənəvi, əxlaqi məzmunu, ictimai dəyəri olmayan televiziya şoularında yaxınlarını axtaran, yaxud nəyinsə qarşılığında bu rola girməyə sövq edilmiş adamların şəxsi və mənəvi faciəsində görürük özümüzü. Mədəniyyət deyəndə gözümüzün qabağına həftə səkkiz mən doqquz estetik əməliyyatlar keçirən, nəinki ifası, hətta nitqinin belə heç bir bədii-estetik dəyəri olmayan simasızların siması gəlir gözümüzün önünə.

Tariximiz, yaşadığımız dünya, zamanın şərtləri heç vecimizə də deyil sanki. Ancaq belə naqisləri, nadürüstləri görür gözümüz. Əlbəttə ki, onların var olduğunu heç kim inkar eləmir. Ancaq yüzlərlə, minlərlə yaxşı nümunələr də var axı. Tarixin gözü ilə baxa bilmiriksə, tarixin özünə gözucu baxmağımız kifayətdir.  Lakin bu yaxşı nümunələrə verdiyimiz qiymət “filankəsin qohumu”, bəhmənkəsin adamı” ifadələrindən uzağa getmir. Əslindəsə, müğənnisi, şairi, şoumeni, həkimi, hakimi, jurnalisti, dəlisi və ağıllısı hamısı bizim bir parçamızdır. Ayrı-ayrılıqda biz onlardan biri - daha dəqiq ifadə etsək, heç kimik. Birlikdə isə böyük bir xalq.

Tarix bizdən yaxşı bilir biz kimik...

Müəllifin digər yazıları

Müəllifin başqa yazısı yoxdur

Cavid Əkbərov
Hoqqabazlar
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...