10 iyul 2020 18:54
1105

BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə beynəlxalq həmrəyliyə təkan verəcək

“COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əməli addımlar atılır.” Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının sədri Həsən Həsənov bildirib.

H.Həsənov deyib ki, hələ COVID-19-un yayılmağa başladığı ilk dövrlərdə cənab İlham Əliyev pandemiyaya qarşı mübarizənin beynəlxalq təşkilatlar səviyyəsində aparılmasının vacibliyini vurğulamış və onun təşəbbüsü ilə 2020-ci il aprelin 10-da Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirilmişdir: “Cənam Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də keçirilən Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə ölkə başçısı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdir. BMT Nizamnaməsinə əsasən, Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır.”

H.Həsənov qeyd edib ki, təklif  Nyu-Yorkda 120 Qoşulamama Hərəkatının üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır: “BMT-nin baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-dan çox ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar. 130-dan çox BMT-nin üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.”

YAP Şəki rayon təşkilatının sədri bildirib ki, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu: “Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı apardığı siyasət beynəlxalq səviyyədə ictimaiyyətin maraqlarını ifadə edir. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi pandemiya ilə mübarizədə beynəlxalq həmrəyliyə təkan verəcək, onun qarşısının alınması istiqamətində göstərilən səylərə əhəmiyyətli təsir göstərəcək. Beynəlxalq ictimaiyyət ölkə başçımızın pandemiyaya qarşı mübarizə sahəsində dünya dövlətləri arasında həmrəyliyin yaranması istiqamətindəki fəaliyyətinin müsbət nəticələrinin şahidi olacaqdır.”

Zahid Rza, “İki sahil”