16 yanvar 2020 17:30
966

“Boeing” son 30 ildə ilk dəfə böyük itkiyə məruz qalıb

ABŞ-ın təyyarə şirkəti “Boeing” son 30 ildə ilk dəfə kommersiya məqsədli təyyarə satışlarında itkiyə məruz qalıb.

Şirkət tərəfindən yayılan açıqlamada 2019-cu ildə “Boeing”ə verilmiş 87 kommersiya təyyarəsi sifarişinin “737 Max 8” tipli təyyarələrin Efiopiya və İndoneziyada qəzaya uğramasından sonra ləğv edildiyi qeyd edilib.  Bildirilib ki, son 30 ildə belə hal baş verməyib.

Digər tərəfdə 2019-cu ildə "Boeing’in Avropadakı rəqibi “Airbus”a 768 təyyarə sifariş verilib.

 Bildirilib ki, “Boeing” bu il  380 kommersiya təyyarəsi təhvil verib ki, bu da  “737 Max”ın uçuşlarının dayandırılması səbəbindən 2007-ci ildən bu yana ən aşağı səviyyədir.  

“Boeing” şirkətinin direktoru Dave Calhoun işçilərinə göndərdiyi e-poçtda “737 Max”ı  uçuşlara qaytarmağın prioritet olduğunu vurğulayıb.

 “Boeing” şirkəti keçən il “737 Max 8” tipli sərnişin təyyarələrinin uçuş-idarəetmə sistemindəki istehsal səhvləri nəticəsində meydana gələn qəzalar səbəbindən tənqid  hədəfinə çevrilib. Yaşanan qəzalardan sonra aralarında Türkiyə, Çin, Efiopiya, Böyük Britaniya, Almaniya, Fransa, Hollandiya və Avstriyanın da olduğu bir çox ölkə “Boeing 737 Max” tipli təyyarələrlə əməliyyatlarını müvəqqəti olaraq dayandırmış və hava sahələrini bu təyyarələrin uçuşuna bağlamışdı.