09 sentyabr 2019 11:42
1775

Böyükxan Naxçıvanskinin Təbriz Və Naxçıvan Teatrlarının Mədəni Əlaqələrində Rolu

Ömrünün 40 ilindən artıq bir dövrünü elmə, Naxçıvan teatrının yaranması və inkişafının tədqiqinə həsr edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli Qəhrəmanov bu istiqamətdə 4 monoqrafiya, 2 kitab, 150-dən yuxarı elmi məqalənin müəllifidir. Onun çapdan çıxan “Təbriz teatrı və Böyükxan Naxçıvanski” adlı monoqrafiyası da günümüzə qədər tam olaraq tədqiq edilməmiş bir mövzunun elmi təsdiqi və ictimaiyyətə təqdimidir. Təbriz teatrının yaranma tarixinin arxiv sənədləri əsasında təsdiqi, buradakı aktyor və rejissor kollektivinin həyatı və yaradıcılığına dair yeni elmi faktlar və nəticələr onun əvəzsiz tədqiqatlarının davamı kimi xüsusi elmi əhəmiyyət daşıyır.

Bu gün bəşər tarixinə öz qədim abidələri, qayaüstü rəsmləri və yazı nümunələri ilə qiymətli elmi yeniliklər verən qədim Naxçıvan torpağının musiqi və teatr mədəniyyəti də, bütöv Azərbaycanımızın bir parçası olan bu qədim mədəniyyət mərkəzinin milli mədəniyyət möhürü yerindədir.

Məhz bu mədəniyyəti yaratmış qədim Naxçıvanın teatr sənətkarlarının XIX əsrin sonu və əsrimizin əvvəllərindəki qədim dövrünü tədqiq edən müəllif, mədəniyyət tarixini, onların teatr sənətinin inkişafındakı rolunu, faktları təsdiq edən o dövrə aid fotoşəkilləri aşkar edib monoqrafiyada ictimaiyyətə çatdırır. Bütün bunlara nail olmaq üçün o dövr teatrına aid Təbriz arxivləri, Tiflis teatrı sənədləri və Naxçıvan diyarının qədim teatr tarixini əks etdirən mənbə və arxiv sənədlərinin öyrənilməsi, bu mühüm elmi əhəmiyyətə malik tarixi mədəniyyətin üzə çıxarılması Əli Qəhrəmanovun əsl vətəndaşlığının, milli təəssübkeşliyinin təcəssümüdür.

Müəllif tərəfindən bu mənbələrin araşdırılmasından əldə edilən elmi faktlar, bu sənətin inkişafında xüsusi xidməti olmuş Böyükxan Naxçıvanskinin yaradıcılığına dair xeyli sayda tarixi sənədlərin aşkar edilməsi Əli Qəhrəmanovun gərgin zəhməti və tədqiqatçılıq peşəkarlığının danılmaz göstəriciləridir.

Monoqrafiyanın I-II fəsillərində Cənubi Azərbaycanın ədəbi-mədəni mühitinə nəzər salınmış, Təbrizdə teatr sənətinin formalaşması, bu mədəniyyətin XIX əsrin 70-80-ci illərində “maarifpərvər” Nəsrəddin şah tərəfindən ön çəkilərək saray əyanları üçün teatr tamaşalarının təşkili, onun tərəfindən 1850-ci ildə Avropa tərzində ilk teatr binasının qoyulması tarixi faktlarla sübut edilmişdir. Burada Əli Qəhrəmanov Mirzə Fətəli Axundov yaradıcılığının təsiri ilə insanların əxlaqi tərbiyəsinin, feodal cəmiyyətinin eyiblərinin tənqidi yolla aradan qaldırmağın dramaturgiya və teatra istinadən formalaşmasına dair xeyli faktlar göstərir. O, 1909-1916-cı illər ərzində Azərbaycanın görkəmli aktyorları Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə Bakı teatr truppalarının dəfələrlə Tehran, Təbriz, Rəşt, Qəzvin, İsfahan və digər şəhərlərdə tamaşalar göstərdiyini də faktlarla əsaslandırır.

Böyükxan Naxçıvanskinin bu istiqamətdəki rolu və müasir teatrşünaslıqda xatırlanmayan problem məsələlər də kitabda yer alır. Onların Cənubi Azərbaycanda ilk peşəkar aktyor kadrlarının hazırlanmasına, teatr dəstələrinin yaradılmasına, xüsusi teatr binalarının tikilməsinə köməklikləri də elmi baxımdan təsdiq edilir. 1909-cu ildə Sidqi Ruhulla və Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, “Xəyalat”, Molyerin “Zorən təbib”, Mirzə Fətəli Axundovun “Hacı Qara”, Üzeyir Hacıbəyovun “Əsli və Kərəm” “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediya və operasının Azərbaycan dilində xalqa təqdimi və mədəniyyətimizə təsiri də geniş araşdırılır.

Kitabın III-IV fəsillərində Təbrizdə fəaliyyət göstərən “Cəmiyyəti xeyriyyə”, “Firdovsi”, “Təbriz”, “Arin” və s. teatr dəstələrinin rolu, onlara Şimali Azərbaycan teatr mədəniyyətinin təsiri ilə “Şiri Xurşid” səhnəsinə göstərilən tamaşaların təqdimatı, Şimali və Cənubi Azərbaycan mədəni əlaqələri təhlil edilir. Burada formalaşan “Azərbaycan cəmiyyəti”nin fəaliyyəti, Təbriz Azərbaycan Dövlət Dram Teatrının yaranması, onun fəaliyyəti kimi məsələlər yeni elmi faktlar ortaya çıxarır.

Monoqrafiyanın V-VI fəsillərində Böyükxan Naxçıvanskinin Təbriz teatrındakı fəaliyyətini də geniş araşdıran Əli Qəhrəmanov ilk dəfə Böyükxanın uşaqlığı, təhsili, dəftərxana xidmətçisi, polis şöbəsinin pristavı kimi vəzifələrdə işləməsi, xalqın dərd-sərinə yanması, onlara hərtərəfli köməklik göstərməsi kimi məsələlər də geniş təhlil edilmişdir.

Böyükxanın Naxçıvan teatrının inkişafındakı rolu, 1901-ci ildən aktyor, 1904-cü ildən 1915-ci ilin avqust ayınadək Naxçıvanda hazırlanan tamaşalarda bir aktyor və rejissor kimi fəaliyyəti, teatr tamaşalarında fəal iştirakı, tamaşaların təşkilinə köməkliyi və s. fəaliyyət nümunələri monoqrafiyada faktlarla sübut edilir. 1914-cü ildə onun “Dağılan tifaq” faciəsində Nəcəf bəy, “Kərbəlayı Güzəməli” məzhəkəsində Molla Qara rolunu ifa etməsi, “Ağa Məhəmməd şah Qacar”, “Cəhalət”, “Mən ölmüşəm”, “Leyli və Məcnun”, “O olmasın, bu olsun” və başqa əsərlərin onun yaxından iştirakı ilə tamaşaya qoyulması, Naxçıvanda tamaşaya qoyulan 21 əsərin rejissoru olması, 9 tamaşada obraz yaratması yeni elmi faktlar kimi dəyərləndirilə bilər.

Böyükxan Naxçıvanskinin Təbrizdə yaşadığı illərdə müxtəlif teatr cəmiyyətlərində fəaliyyəti, tamaşalara rejissorluq etdiyi, ömrünün axırınadək öz təşəbbüsü ilə yaradılan “Arin Teatr Cəmiyyəti”ndə tamaşaya qoyulan əsərlər onun quruluşunda həyat üzü görməsi və digər məsələlərdə geniş təhlil olunur. Onun 1923-cü ildən 1940-cı ilə qədər həmin cəmiyyətdə 45 əsərə verdiyi quruluşların üzə çıxarılması, müəllifi olduğu “Hacıoğlu Yağbəstili” əsərinin 1943-cü ildə “İran” teatr dəstəsində Məhəmmədəli Rəşdinin quruluşunda tamaşaya qoyulması kimi faktlarda Azərbaycan teatr sənətinə gətirilən yeni elmi faktlardır.

Əli Qəhrəmanov nəşrə təqdim etdiyi bu monoqrafiyada daha bir tarixi gerçəkliyi ortaya qoyur. Monoqrafiyanın “Təbriz teatrının görkəmli dramaturq və sənətkarları” adlanan VII fəslində müəllif Cabbar Baxçaban, onun Qafqazda nəşr edilən türkcə dərgi və məcmuələrdə, o cümlədən Tiflisdə, Bakıda, İrəvanda nəşr olunan “Tartan-partan”, “Zənbur”, “Kəlniyyət”, “Məzəli”, “Babayi Əmir”, “Bəhlul”, “Rəncbər”, “Zəngi”, “Qızıl Şəfəq” kimi dərgi və qəzetlərdə satirik şeirlər və ictimai-siyasi mövzuda məqalələrlə çıxışları geniş yer alır. Onun uşaqların haqları üçün, xüsusilə “Lallar və karlar”ın təlim-tərbiyəsi yolunda çalışması, ilk dəfə olaraq İranda “Dilsizlər və sağırlar” məktəbinin təməlini qoyması, şagirdlərin iştirakı ilə tamaşalar hazırlaması, tamaşalardan toplanılan vəsaitin yoxsul şagirdlərin mənfəətinə xərclənməsi, bu amal uğrunda mübarizəsi faktlarla öz təsdiqini tapır.

Bu fəsildə, eyni zamanda, Mirzə Ağa Təbrizi, Mirzə ƏbdürrəhimTalıbov, Rza Quluzadə Şərqinin də həyatı, yaradıcılığı və onların yazdıqları əsərlərdə Şərq ictimai-siyasi problemlərinə dair fikirlər öz əksini tapır.

Bütün bunların davamı kimi həmin fəsildə Mehdixan Şərifzadə, Məhəmmədəli Rəşdi, Abbasəli Əsədi, Ələsgər Rizvan, Mirzə Bağır Hacızadə, Rza Vaizzadə, Mir Seyfəddin Kir-manşahlı, Abdulla Abdullazadə Fərivər, Cavad Şəfizadə, Böyük Məhəmmədi, İrəc Əhmədzadə və Hilal Nasiri kimi görkəmli sənətkarların yaradıcılığı da öz geniş əksini tapır. Göstərilən müəlliflərin aktyorluq və rejissorluq sənəti sahəsindəki fəaliyyətləri və milli təəssübkeşliklərinə dair tarixi faktlardan da monoqrafiyada ətraflı bəhs edilir. Bunların hər birinin Böyükxan Naxçıvanski ilə münasibəti və vətəndaşlıq mövqeləri də faktlarla əsaslandırılır.

Bütün bu tarixi faktlar, yeni fotoşəkillər, XIX-XX əsr Azərbaycan teatr mədəniyyətinin ümum Şərq mədəniyyətində hansı yeri tutduğunu tam olaraq sübut edir. Bu elmi nəticələri, geniş və əhatəli tədqiqatı nəzərə alaraq müəllifə möhkəm cansağlığı və gələcək elmi yaradıcılığında yeni-yeni uğurlar arzu edirik.

Firudin Rzayev,

AMEA Naxçıvan Bölməsi,  İncəsənət, Dil və Ədəbiyyat

İnstitutunun Onomastika

şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent