23 may 2019 12:27
794

Britaniyanın Baş naziri Tereza Mey cümə günü istefa verə bilər

Böyük Britaniya mediasında yer alan iddialara görə, Baş naziri Tereza Meyin sabah istefa etməsi gözlənilir.

AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, Tereza Mey tərəfdarları baş nazirin Qrem Breydi ilə görüşdən sonra istefaya verəcəyini ehtimal edirlər.

Mayın 22-də axşam saatlarında Britaniya parlamentinin İcmalar Palatasının lideri Andrea Lidsom Brexit məsələsinə dair baş nazirlə fikir ayrılığı səbəbindən istefa verib.

Xatırladaq ki, Tereza Mey iyun ayının əvvəllərində dördüncü dəfə parlamentin müzakirəsinə çıxarılacaq Avropa İttifaqından çıxma şərtləri barədə saziş üzrə deputatların dəstəyini qazanmaq ümidi ilə bir sıra vədlər verib. Onlardan ən mühümü parlamentə Brexit üzrə ikinci referendumun keçirilməsi və Avropa İttifaqı ilə ticarət münasibətlərinin ssenarisi üzrə səsverməyə imkan yaradacağı olub.