10 sentyabr 2019 16:37
105

Bu ilin səkkiz ayında Şəkidəki Kiş alban məbədini 26 mindən çox turist ziyarət edib

Şəkinin Kiş kəndində yerləşən qədim alban məbədini bu ilin səkkiz ayında 26 mindən çox turist ziyarət edib. Gələnlərin 15 min 113 nəfəri xarici turist, 490 nəfəri rəsmi qonaqlar olub. Əcnəbi turistlər arasında İsrail, Almaniya, İtaliya, Cənubi Koreya, Fransa, Rusiya, İspaniya, Polşa, Hindistan və Macarıstandan gələnlər üstünlük təşkil edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Kiş Tarix-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova məlumat verib.

Direktorun bildirdiyinə görə, 2018-ci ildə məbədi, ümumilikdə, 27 min 208 turist ziyarət etmişdi. Onların 14 mindən çoxu xarici turistlər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə məbədə gələnlərin sayı 4,4 min, o cümlədən xarici turistlərin sayı 2 min nəfərədək artıb.

Qoruğun direktoru qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci il 27 sentyabr tarixli Sərəncamının icrası olaraq, Kiş məbədinə aparan dairəvi avtomobil yolunun tikintisi və ərazinin abadlaşdırılması layihəsi çərçivəsində məbədə gedən yolun bəzi hissələrində genişlənmə işləri aparılıb, yolun kənarında olan uçuq hasarlar yeni daş hörgü ilə təzələnib. Görülən işlər məbədə gələn turistlərin sayının artmasına müsbət təsir göstərib.

Xatırladaq ki, eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan Kiş məbədi bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında abidədə Azərbaycan-Norveç birgə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsini əbədiləşdirmək üçün məbədin qarşısında onun büstü də qoyulub.

Kiş məbədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib və tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.